Sİyasət

Sercio Mattarellanın Azərbaycana səfəri İtaliya mətbuatının diqqət mərkəzində

Sercio Mattarellanın Azərbaycana səfəri İtaliya mətbuatının diqqət mərkəzində
İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır.

Sfera.az APA-ya istinadən bildirir ki, İtaliyanın nüfuzlu RAİ, La Stampa, Corriere della Sera, İl Giornale, İl Messaggero, İl Sole 24 Ore, Repubblica, ANSA, Agenzia Nova və sair KİV-lərində səfər haqda dərc olunmuş yazılarda Azərbaycan-İtaliya əməkdaşlığının önəmi və səfərin tarixi əhəmiyyət kəsb etdiyi bildirilərək prezident Sercio Mattarellanın Azərbaycana səfər edən İtaliyanın ilk dövlət başçısı olduğu, Azərbaycan prezidenti İlham Əliyevlə apardığı müzakirələr, səfər vaxtı dövlət başçılarının qatıldığı önəmli tədbirlər, o cümlədən Sumqayıtda SOCAR Polimer zavodunun açılışı, Azərbaycan-İtaliya Biznes Forumunda, ADA Universitetində çıxışı zamanı verdiyi bəyanatlar barədə məlumatlar verilir.
 
Yazılarda Cənub Qaz Dəhlizi, o cümlədən Trans Adriatik Boru Kəməri mövzusuna da geniş diqqət yetirilərək prezident Sercio Mattarellanın Cənub Qaz Dəhlizinin Xəzər dənizindən Aralıq dənizinə və Avropaya qədər ərazidə daha geniş enerji təhlükəsizliyinə, sabitliyə və regional əməkdaşlığa töhfə verən önəmli infrastruktur olduğu, layihənin başa çatdırılması ilə bağlı ümumi öhdəlik və maraqların olduğu kimi fikirlərinə istinad edilir və bu fikirlər İtaliya dövləti tərəfindən layihənin həyata keçiriləcəyinə verilmiş zəmanət kimi qiymətləndirilir.

Yazılarda, habelə prezident Sercio Mattarellanı Azərbaycana səfərdə İtaliya hökumətinin üzvləri kimi xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi və iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçinin müşayiət etdiyi və nazir Enzo Moavero Milanesinin TAP layihəsinə dair İtaliya hökumətinin də mövqeyini bildirdiyi vurğulanır. Qeyd olunur ki, Bakıda italyan jurnalistlərə açıqlama verən nazir Enzo Moavero Milanesi TAP layihəsini son dərəcə əhəmiyyətli və təchizatçılardan asılılığı şaxələndirmək üçün vacib layihə kimi qiymətləndirib və təbii qazın neft və daş kömürdən daha təmiz olması səbəbindən TAP-ın İtaliya hökuməti üçün vacib layihə olduğunu və İtaliyanın bu layihədə iştirakını davam etdirəcəyini, habelə ətraf mühitə təsirlə bağlı narahatlıqların da nəzərə alınacağını deyib. Yazılarda nazir Enzo Moavero Milanesinin hazırda ATƏT-in fəaliyyətdə olan sədri də olduğu, prezident Sercio Mattarella tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair İtaliya tərəfinin mövqeyinin səsləndirildiyi qeyd olunur.
 
Yazılarda Azərbaycanın İtaliya üçün vacib tərəfdaş və ən böyük xam neft təchizatçısı olduğu, Azərbaycan bazarının İtaliya üçün əhəmiyyət kəsb etdiyi, iqtisadi əlaqələrin şaxələndirilməsi üçün geniş potensialın olduğu, səfər vaxtı dövlət başçılarının çıxış etdiyi Azərbaycan-İtaliya Biznes Forumuna iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçinin rəhbərliyi ilə İtaliya tərəfdən tərkibində 80-dən çox rəsmi və işgüzar dairələrin nümayəndələrindən ibarət heyətin də qatıldığı və bunun da İtaliya biznesi tərəfindən Azərbaycana böyük marağın göstəricisi olduğu bildirilir.
AdRiver
loading...

XƏBƏR LENTİ