“Sən “4” almalı deyildin, bu, ədalətli olmayıb”-Məktəb illəri

“Sən “4” almalı deyildin, bu, ədalətli olmayıb”-Məktəb illəri
Fikrət Yusifov: "Bu qədər ədalət sahibi olan müəllimin tələbəsi, həyatda həmişə, hər məsələdə ədalətli olmağa borcludur” 

Məktəb illəri ömrün ən qayğısız və mənalı dövrü adlandırılır. Həmin illərdən hər kəsin o qədər xatirələri olur ki, danışmaqla bitməz. Lakin həmin illəri ümumiləşdirəndə, o xatirələr içərisində daha yaddaqalanları da olur.
 
Rubrikamızın budəfəki qonağı keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifovdur. İqtisadçı tələbəlik illərində başına gələn maraqlı hadisəni də bizimlə bölüşdü: "Xalq Təsərrüfatı İnstitutunda hər kəsin tanıdığı Əlihüseyn müəllim var idi.
 
O qədər obyektiv müəllim nadir hallarda olur. Coğrafiyanı çox sevirdim. İmtahanda necə oldusa, gərginlik keçirdim, "4” aldım. Yeddi imtahandan beş alıb, səkkizinci imtahandan "4” almışdım. Çox pis vəziyyətdə idim. Yeni il tətilinə getmişdim. Bir neçə gün sonra pis əhval-ruhiyyə ilə instituta gəldim. Dekan müavini dedi ki, Əlihüseyn müəllim üç gündür səni axtarır.
 
O dövrdə telefon əlaqələri çox zəif idi. Gördüm ki, kafedrada təkcə oturub. Hər gün gəlib burada məni gözləyirmiş. Əsəbi şəkildə məndən harada olduğumu soruşdu və dedi ki, prorektora demişəm, get, təyinat yazsınlar, səndən təzədən imtahan götürəcəyəm. Sən "4” almalı deyildin, bu, ədalətli olmayıb. Təyinatını al, sabah gəl imtahana”. Sabah mən yenidən imtahan verdim. İmtahanda məni sual atəşinə tutdu və "5” aldım. Bu qədər ədalət sahibi olan müəllimin tələbəsi, həyatda həmişə, hər məsələdə ədalətli olmağa borcludur”.
 
kaspi.az
 

XƏBƏR LENTİ