“Səməd Seyidov AŞPA-da təmiz nüfuza malik olduğu üçün onu sıradan çıxartmağa çalışıblar” - Deputat

“Səməd Seyidov AŞPA-da təmiz nüfuza malik olduğu üçün onu sıradan çıxartmağa çalışıblar” - Deputat

Milli Məclisin deputatı Musa Urud Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qəbul etdiyi qərarı pisləyib. 

Deputat Sfera.az-a açıqlamasında bildirib ki, Səməd Seyidovla bağlı çıxarılan haqsız qərara etiraz olaraq Azərbaycanın Milli Məclisi səviyyəsində fikir bildiriləcək:

"Səməd Seyidovla bağlı qərara Azərbaycandan olan deputatlar və AŞPA-dakı nümayəndə heyətinin üzvləri səviyyəsində etirazımızı bildirəcəyik. Bütün bunlara baxmayaraq, biz Avropa Şurasında fəaliyyətimizi davam etdirəcəyik. Bu sanksiyaların heç bir siyasi və hüquqi əsası yoxdur. Sadəcə olaraq bu, Azərbaycana qarşı təzyiq vasitəsidir. Bu birinci hadisə deyil. Buna qədər də Avropa Şurası və Avropa Birliyi Azərbaycana qarşı ədalətsiz qərarlar qəbul edib. Bundan sonra da oxşar qərarların olmayacağını dəqiq söyləmək mümkün deyil. Amma Avropa Şurası bizim üçün bir tribunadır. Həmin tribunadan biz istifadə etməli və sözümüzü deməliyik, Qarabağ məsələsi ilə bağlı mövqelərimizi daim qorumalıyıq”.

Musa Urud deyib ki, sözügedən qərarın qərəzli olduğunu AŞPA deputatları da yaxşı bilir:

"Bu siyasi göstərişin təzyiq vasitəsi kimi istifadəsidir. Çox təəssüf ki, indi bəzi korparativ maraqlar beynəlxalq hüquqdan daha üstün olub. Müəyyən dövlətlər bundan başqa ölkələrə qarşı istifadə edərək, ədalətsiz mövqe nümayiş etdirirlər. Misal üçün, bu il "Eurovision” yarışmasında İsrailin qalib gəlməsi ilə Qüdsdə İsrail səfirliyinin açılması və gələn il isə "Eurovision” yarışmasının Qüdsdə keçirilməsi heç də təsadüfi hadisələr deyil. Bütün bunlar müsəlman və türk dünyasına qarşı həyata keçirilən layihələrin tərkib hissəsidir. Azərbaycan da müsəlman ölkəsidir və xristian ölkəsi olan Ermənistanla konfliktdə olduğuna görə ölkəmizə qarşı bu cür təzyiqlər edilir. Təsəvvür edin ki, ortada heç bir fakt olmadan savadlı və təmiz, diplomatik qaydaları yüksək səviyyədə bilən Səməd Seyidova qarşı bu cür qərar qəbul edilir”. 

Deputat vurğulayıb ki, Səməd Seyidov AŞPA-da yüksək və təmiz nüfuza malik olan diplomat olduğu üçün onu sıradan çıxartmağa və Azərbaycanın mübarizə əzmini qırmağa çalışıblar:

"Əsas məqsəd də Azərbaycanın xarici əlaqələrini zəiflətmək və mübarizə əzmini qırmaqdır. Düşünürəm ki, biz emosiyalara qapılmadan doğru və Azərbaycanı daha irəli aparan addımlar atmalıyıq”.

Orxan Bəşirov
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---