Səlim Müslümovun pafosçuluğu

Səlim Müslümovun pafosçuluğu

Məmurlar fəaliyyətlərindəki qüsurlarla bağlı tez-tez gündəmə gəlirlər. Xüsusən də ölkənin iqtisadi olaraq belə həssas məqamında məmur özbaşınalığı, işinin öhdəsindən gələ bilməməsi, bilərəkdən yol verdikləri cinayətlər cəmiyyəti daim narahat edir. Sfera.az saytının poçtuna daxil oxucu məktubu da məhz belə məmurlardan biri barədədir. Yazını olduğu kimi veririk.

   Səlim Müslümovun pafosçuluğu və onun sosial-iqtisadi nəticələri

Ehtiraslı ruh yüksəkliyi, təmtəraq, coşqun mənalarını bildirən pafos bir şeyi olduğundan artıq dərəcədə şişirdərək təqdim olunmanı ifadə edən populizm aləti sayılır. Pafosdan ən çox kütlə, intelektual səviyyəsi aşağı olan auditoriya qarşısında çıxış edərkən siyasətçilər istifadə edir. İntelektual səviyyəsi yüksək olan auditoriyalarda isə bir qayda olaraq pafosa tələbat olmur. Belə auditoriyalarda pafosa yol verən siyasətçi özünü gülüş hədəfinə çevirmiş olur. İntelektual səviyyəsi aşağı olan auditoriyalarda isə pafos siyasətçinin savadlılıq göstəricisi kimi çıxış edir. 
Bəs görən dövlət məmurlarının pafosdan istifadə etməyi hansı zərurətdən yaranır? Əvvəldə qeyd etdik ki, pafos reallığın şişirdilməsi deməkdir. Bu baxımdan Azərbaycan reallığında məmurların pafosa müraciət etməsi təbii sayıla bilər. Çünki onlar xalqazidd fəaliyyətlərinin nəticəsi olan neqativləri pərdələməyin asan yolunu populizm aləti sayılan pafosda görürlər. Bu sahədə birinci yeri keçmiş DSMF şefi, hazırda isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov tutur. Qeyd şərtsiz onu Azərbaycanda məmur pafosçuluğunun xaç atası da saymaq olar. DSMF kimi büdcə vəsaitlərinin talan edildiyi bir yerdə baş verən qanunsuzluqları pərdələmək və hədəfi özündən yayındırmaq üçün Səlim Müslümov ən yaxşı çıxış yolu kimi pafoslu danışığı özünə peşə seçmiş və nə az nə çox düz 14 ildir ondan geninə boluna yararlanaraq, bütün korrupsiya əməllərini quruca pafosu hesabına kompensasiya etməyi məharətlə bacarır. Pafoslu danışmaq peşəsi Səlim Müslümova aşağıdakı imkanları yaradır:
 
1. Savadsız insanlarda özü ilə bağlı savadlı nazir rəyi yaradır;
2. Rəhbərlik etdiyi sahədə qurduğu korrupsiya şəbəkəsinin mövcudluğunu pərdələməklə, onu rahatca davam etdirə bilir;
3. Faktiki olaraq xalqı da, hakimiyyəti də asanlıqla aldada bilir.
 
Səlim Müslümovun DSMF-dəki fəaliyyəti
 
Səlim Müslümovun DSMF-dəki fəaliyyəti dövründə DSMF-də çoxlu yeni terminlər yaranmışdı: "ölü canlar”, "yalançı təqaüdçülər”, saxta əlillik pensiyası və s. kimi.
Səlim Müslümov ilk olaraq 1999-cu ildən başlayaraq pensiya yaşını qadınlar üçün 55-dən 57-yə, kişilər üçün 60-dan 62-yə qaldırmağa nail oldu. Bunu ona görə etdi ki, qurduğu korrupsiya şəbəkəsinin vintləri olan işçiləri tərəfindən o qədər saxta yolla pensiya təyin olunmuşdu artıq plan artıqlaması ilə dolmuşdu. Lakin hətta baxmayaraq ki, pensiya yaşı artırıldı Səlim Müslümovun korrupsiya aparatı yeni saxta pensiyaçılar "istehsal” etməyə daha sürətlə davam edirdi. Belə ki, pensiya alanların sayı 1999-cu ildəki 1117 min nəfərdən artaraq 2004-cü ildə 1332 min nəfərə çatdı. Yəni 4 ilə 150 min nəfər yeni pensiyaçı. Bunların 60%-i məhz əlillik qrupu almaqla pensiya çıxanlar idi.
Növbəti dəfə Səlim Müslümov 2006-cı ildə yeni pensiya qanunu qəbul etdirməklə pensiya yaşını yenidən qaldırmağa nail oldu. 2016-cı ilin yanvarından başlayaraq qadınlar üçün 57-dən 60-a, 2012-ci ilin ilin yanvarından başlayaraq kişilər üçün 62-dən 63-ə. Yenə məqsəd eyni idi.
Bütün bunlar azmış kimi son günlər Səlim Müslümov yenidən pensiya yaşının artırılmasının anonsunu edib. Artıq layihədə hazırdır, təsdiq üçün Milli Məclisə verilib.
Bir şeyi hamının bilməsi lazımdır ki, bütün bunlar ona görə edilir ki, Səlim Müslümovun işçiləri tərəfindən daha çox insana saxta yolla pensiya təyin olunur və plan bu cür pensiyaçılarla dolduğundan hər dəfə pensiya yaşının artırılmasına ehtiyac yaranır. Bu yolla pensiya sahəsində sosial ədalət prinsipi məhv edilir. Həqiqətdə pensiya almağa haqqı olanlar onu ya vaxtında ala bilmir, ya da ümumiyyətlə ala bilmir. Burada ən paradoks hal ondan ibarətdir ki, yol verdiyi korrupsiyaya görə, pensiya sahəsində sosial ədalət prinsipini məhv etdiyinə görə töhmət almalı olan Səlim Müslümov əksinə, buna görə hakimiyyətdən alqış alır: pərdə arxasında pensiya yaşını artırmaqla nə qədər vəsaitə qənaət olunduğunu özünün uğuru kimi təqdim etməklə. Buna aldanan hakimiyyət nümayəndələri də onu bəh-bəhlə tərifləyirlər. Daha fikirləşmirlər ki, pensiya yaşının artırılması zəruriliyi Səlim Müslümovun korrupsiya əməllərinin, onun saxta yolla gənc insanlara pensiya təyin etdirməyinin nəticəsində yaranır. Bu isə birbaşa olaraq hakimiyyətin nüfuzuna zərbə deməkdir. Bu işdə udan tərəf ancaq Səlim Müslümov olur: həm korrupsiya yolu ilə küllü miqdarda sərvət toplayır, həm də alqış alır. Adamda fərasətə baxda.
 
Səlim Müslümovun ƏƏSMN-dəki fəaliyyəti
 
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduqdan sonra dərhal başladı şou qurmağa və pafoslu çıxışlar etməyə. Güya ünvanlı sosial yardım sistemində şəffaflıq yaradır. Əslində isə ancaq bu sistemdə korrupsiyanın mərkəzləşdirilməsi işinə girişdi. Ünvanlı sosial yardımın təyinat müddətini 1 ildən 2 ilə qaldırdı. Bununla onun yerlərdəki işçiləri başladılar rahat şəkildə kasıb insanların 2 il müddətinə təyin olunan yardımlardan 8-9 ayın pulunu mənimsəyərək Nazirlikdə qurulan korrupsiya şəbəkəsinin başçısı Əjdər Cəbiyevə ötürməyə. Pul aldıqlarına görə kimə gəldi yardım təyin etdilər. Nəticədə planı artıqlaması ilə doldurduqlarından başladılar həqiqətdə yardıma ehtiyacı olanlara yardım təyin etməmək üçün əngəllər yaratmağa. Bu isə bu təbəqədən olan insanlarda haqlı narazılıqlar yaratdı. Bu həm də insanların hakimiyyətə olan inamını sarsıtdı. Hərçənd əvvəlki nazirin dövründə də bu sistemdə işlər heçdə axarı ilə getmirdi. Lakin bir fərq var idi ki, əvvəlki nazir çıxıb pafoslu danışmırdı ki, bəs korrupsiyanın kökünü kəsirik. İnsanları daha çox o hiddətləndirir ki, Səlim Müslümovun dedikləri ilə əməlləri daban dabana ziddir.
Qeyd olunanlar bir daha onu göstərir ki, Səlim Müslümovun pafosçuluğu cəmiyyətdə böyük hiddət yaradır və bu birbaşa olaraq hakimiyyətin əleyhinə işləyir. Hakimiyyət fərqində olmalıdır ki, sosial müdafiə sahəsində pafoslu çıxış ancaq və ancaq nifrət yaradır. Axı qarnı tox olmayan, sosial qayğı ilə əhatə olunmayan adamı necə inandırmaq olar ki, sənin sosial müdafiənlə hərtərəfli məşğuluq. Bunu demək deməməkdən qat qat pisdir. Hakimiyyət bunu nəzərə alıb səlim müslümovun pafosunun xodunu almağa çalışmalıdır.
 
Cavid Əliyev


OXŞAR XƏBƏRLƏR