SEÇKİDƏN SONRA SEÇKİ… –Türkiyəni nə gözləyir? - TƏHLİL

SEÇKİDƏN SONRA SEÇKİ… –Türkiyəni nə gözləyir? - TƏHLİL
Sərdar Turqut,

"Habertürk”ün Vaşinqton təmsilçisi, 11 aprel 2019-cu il


Seçki günü, hələ səsvermə prosesi davam edərkən "Çox şükür, bunu da yola verdik” başlıqlı yazı yazmış və artıq qarşımızda 4,5 illik seçkisiz bir dövr olduğunu bildirmişdim. Ardınca da bunun iqtidara önəmli üstünlük verdiyini, rəhbərlikdə kim olursa olsun, iqtisadi sahədə qaçınılmaz olaraq atılmalı olan addımlar olduğunu, bunun xeyli acı bir reseptdən ibarət olacağını, seçki şəraitində bunun edilməsinin imkansız olduğunu xatırlatmış və o anda, nəhayət, yola verdiyimizi sandığım seşkidən sonra artıq əsil işimizə rasional şəkildə baxa biləcəyimizi söyləmişdim.

Mənim üçün iqtisadiyyatın öncəliyi hər şeydən üstün idi. Bu üzdən iki gün sonra məsələyə yenidən dönmək məcburiyyətində qaldım. Çünki baxdım ki, demək olar, hamı əsas məsələni unutmuş kimi davranır və "İstanbulu almaq” bütün məsələlərin önünə keçib. Mən də "Seçki nəticələrinə etiraz prosesinin iqtisadiyyata mümkün təsirləri hər kəsin ağlında olmalıdır” başlıqlı yazı yazdım.

Mövzudan uzaqlaşa bilmirdim, son olaraq 8 apreldə yazdığım "İstanbul seçkilərinin nəticələrinin əsil təhlükəsi” başlıqlı yazımda diqqəti indiki seçki nəticələrinin iqtidarı "BVF-siz BVF resepti” adlandıra biləcəyimiz zəruri resepti həyata keçirməyi, təəssüf ki, təxirə salmağa yönləndirə biləcəyinə cəlb etdim və bunun ölkə maraqları baxımından təhlükəli olacağını anlatdım.

İndi görürəm ki, çox təəssüf, qorxduqlarım bir-bir gerçək olur. Elə seçkidən qurtulduq deyərkən, ortaya yaxınlarda yenidən seçki olması ehtimalı çıxmışdır.


O olsaydı belə


Hətta Tuncelinin kommunist bələdiyyə sədri prezident olsaydı belə, həyata keçirilməsi zəruri olan sərt və qərarlı bir iqtisadi siyasətə təcili ehtiyac vardır.

İqtisadiyyatımızın yeni xarici qaynağa olan ehtiyacının qarşılanması öncə aydın və qərarlı iqtisadi siyasətin ortaya qoyulmasına, sonra da təməlləri sağlam şəkildə qurulmuş olan azad iqtisadiyyatın tələblərinə şəffaf əməl edilməsinə bağlıdır.

Həm də bunlar həmən olmalıdır ki, iqtisadiyyat uçurumun kənarına daha da yaxınlaşmasın.

İstanbulda keçirilən son seçkilərlə bağlı yaranan siyasi qayğılar və gələcək qayğıları isə belə güvənli bir mühitin formalaşması baxımından heç uyğun deyil. 

"İstanbul əngəli”ni bir an öncə aşmalıyıq ki, ölkəmizin ehtiyacı olan addımlar bir an öncə atılmağa başlaya bilsin.


1 + 2 + X = 3


Buna məlum olan bir şeyin elan edilməsindən ibarət bəsit bir tənlik, mənasız bir xatırlatma deyə bilərsiniz.

Lakin bu dəfə mən bunun məlum olduğuna artıq əmin deyiləm. Bu, qətiyyən bəsit bir tənlik deyil. Çünki bütün iqtisadiyyat elminin təməlində, əslində, bu bəsit tənlik yatdığına görə onun ciddi qəbul edilməsi lazımdır.

Universitetdə təməl iqtisadi biliklər aldıqdan sonra iqtisadiyyat tarixi haqqında doktorluq işi üzərində işləyərkən, – Keynesin dediyi kimi, cansıxıcı olsa da, elm olduğundan, – bütün iqtisadiyyat tarixinin təməlində belə bir tənliyin yer aldığını gördüm.

Adam Smitdən Karl Marksa və sonrasınadək olan bütün siyasi iqtisad yazarları müxtəlif modellərlə çalışmışlar, lakin bütün modellərdə bu təməl bəsit tənliyin mütləq hesaba alınması lazım gəlir.

Burada "X” faktoru qeyri-müəyyənlik, güvən böhranı, gələcəyi görməmək qorxusu kimi, xarici faktorları ifadə edir.

Təməlləri sağlam olan iqtisadiyyatlarda "X” faktoru 1 + 2 = 3 bərabərliyini poza bilmir. Çünki şəffaflıq, ədalət və ümumiyyətlə, güvənli mühit olan zaman bu bərabərlik daima baş tutur. Türkiyədə isə 1 + 2 = 100 olduğunun iddia edlməsi kimi bir durum, doğrusu, varikən X faktoru çılğınca davrana bilər.

Açıq danışaq, İstanbulla bağlı baş verən hadisələr X faktorunu daha dəhşətli hala gətirir. Onsuz da pozulmuş olan iqtisadi balansımız içindən çıxılmaz hala gəlmək üzrədir. İstər BVF ilə anlaşma əldə edilsin, istərsə də edlməsin, ancaq yekunda onun qlobal sərmayə üçün razılıq verəcəyi acı respet artıq cəsarətlə ortaya çıxarılmalı və bir an öncə həyata keçirilməyə başlanmalıdır.


OXŞAR XƏBƏRLƏR