Şəhidimizlə vida mərasimi başladı
Şahlar Nəzərovla vida mərasimi Yardımlı rayonun Peştəsər kəndində keçirilir
Fevralın 24-dən 25-ə keçən gecə cəbhə xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçimiz Şahlar Nəzərovun dəfn mərasimi başlayıb. Yardımlı rayonun Peştəsər kəndindən olan şəhidlə vida mərasimi doğulduğu kənddə keçirilir. İstiPress-in Cənun bürosunun məlumatına görə, mərasimdə şəhidin hərbçi yoldaşları, rayon rəsmiləri,kənd sakinləri və yüzlərlə gənc iştirak edir.
Qeyd edək ki, fevralın 25-də Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib.
Döyüşlər zamanı 5 hərbi qulluqçumuz şəhid olub.Hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanında qalıb. Ötən gün şəhidlərimizin nəşi ərazidən götürülüb.
Allah rəhmət eləsin!