Gündəm

Saxta əlilliyə görə ödənilmiş vəsaiti kim qaytarmalıdır?

Saxta əlilliyə görə ödənilmiş vəsaiti kim qaytarmalıdır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanlış əlillik təyin edilmiş 1055 nəfərdən onlara ödənilən pulun geri qaytarılması prosesinə start verilib. Bu isə saxta əlillik almış vətəndaşlar arasında ciddi narazılığa səbəb olub, müxtəlif formalarda etiraz edirlər. Əlillik dərəcəsi almaq istəyənlər kasıb təbəqənin adamlarıdır, həmin şəxslərin tələb olunan vəsaiti geri qaytarmağa maddi imkanları çatmır. Həm də əksəriyyəti saxta əlillik almaqlarına görə özlərində günah görmürlər.

Bəs bu halda vətəndaşdan pulun geri qaytarılmasını tələb etmək nə dərəcədə əsaslıdır?

İqtisadçı ekspert Natiq Cəfərli  açıqlamasında deyib ki, nazirliyin qərarı ilə vətəndaşdan pulun geri qaytarılmasını tələb etmək doğru deyil, qeyri-qanunidir.

İqtisadçıya görə, bu, hətta mümkün də deyil. Onun sözlərinə görə, bunu yeganə yolu məhkəmədir. Yəni ƏƏSMN məhkəmədə iddia qaldıra bilər ki, hansısa məmur, yaxud qurum tərəfindən qeyri-qanuni addım atılıb. Bununla bağlı da məhkəmə araşdırması olmalıdır. Məhkəmə qərarı ilə hər hansı cərimələrin müəyyən olunması, yaxud vəsaitin geri qaytarılması ilə bağlı mexanizm qurula, yaxud belə bir mexanizmlə bağlı qərar verilə bilər:
"Azərbaycanda təəssüf ki, belə bir praktika mövcuddur ki, sanki dövlət qurumlarının rəhbərliyi dəyişəndə onun verdiyi qərarlar da dəyişməlidir. Bu, doğru deyil. Dövlət institutlardan ibarətdir, dövlət qurumları institutlardır, şəxslər deyil. Hər hansı şəxsə görə qeyri-qanuni, doğru olmayan qərar verilibsə, hər hansı qərarın verilməsində problem varsa, onun həlli yolu məhkəmədir. Bu zaman da həmin qərarı verən şəxs, yaxud qurumla bağlı ciddi araşdırmalar da aparılmalı, cinayət işləri açılmalıdır. İcra qurumlarının öz tərəfindən belə tipli qərar verməsi mexanizmi yoxdur, ola da bilməz. İcra qurumunun əvvəl verdiyi qərar da hüquqi qüvvəyə malikdir. İcra qurumları qanunların təsdiqi ilə məşğul olmur, məntiq də bunu deyir. Ona görə də bunun yeganə yolu məhkəmədir. Əgər doğurdan da qeyri-qanuni hər hansı addım atılıbsa, bir fakt varsa, həmin prosesdə iştirak etmiş nazirliyin əməkdaşları, məsul şəxslər məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə qərarı olmadan hər hansı icra qurumunun belə qərar verməsi həm məntiqə, həm də hüquqa ziddir”.

N. Cəfərli indiki halda vəsaitlərin geri qaytarılması tələb edilən vətəndaşların məhkəmələrə müraciət etməsini vacib sayır: "Heç olmasa vətəndaşlar məhkəməyə müraciət etməlidir ki, məhkəmə araşdırmasında müəyyən həqiqətin üzə çıxmasına şərait yaransın. Vəsaitin vətəndaşa ödətdirilməsi cəhdi tamamilə qeyri-qanunidir. Çünki bu prosesdə vətəndaşın günahı ola bilməz. Ola bilər ki, vətəndaş hər hansı başqa yollarla özünə təqaüd təyin etdirilməsinə, üstünlüklər əldə etməyə cəhd edib. Bu, ola bilər. Dünyanın hər yerində insanlar çalışır ki, qanunun yol verdiyi üstünlüklərdən istifadə etsin, bunun üçün də müxtəlif yollardan istifadə edir. Amma qərarı verən dövlət qurumudur. Dövlət qurumunun verdiyi qərar əsasında bu ödənişlər olub və problem də dövlət qurumunda olub. Dövlət qurumu buna imkan verməməli idi. Mən də çox şey istəyə bilərəm. Məsələn, istəyərəm ki, rüşvət verərək böyük bir nazirliyin, yaxud şirkətin rəhbəri olum. Bu, vətəndaşın istəyi ola bilər. Amma o istəyin yerinə yetirilməsinə görə səlahiyyətli qurumlar cavabdehdirlər, məsuliyyət daşıyırlar”.

Millət vəkili, hüquqşünas Fazil Mustafa  açıqlamasında deyib ki, burada vəsaitin kimin tərəfindən ödənilməli olduğu barədə qərar yalnız məhkəmə tərəfindən verilə bilər:

"Burada 3 subyekt var. Birincisi, vəsaiti bu sənədləri tərtib edənlər ödəməlidir. Yəni qanunsuz şəkildə vətəndaşa ödəniş təyin edənlər bunu bilərəkdən, rüşvət və başqa maraqlara görə ediblərsə, həmin vəzifəli şəxslər bu vəsaiti ödəməlidirlər. Deyək ki, vətəndaş dövlət qurumuna müraciət edib, dövlət qurumu da onun xeyrinə qərar verib. Burada vətəndaşın günahı nədir? Vətəndaş sonrakı fəaliyyətini bunun üzərində qurub. İkinci, əgər bu sənədləri tərtib edənlər bunu "yuxarıdan”, tapşırıq əsasında ediblərsə, bunu sübut edə bilirlərsə, ən yuxarı vəzifədə olan şəxs ödəməlidir. Üçüncüsü, vətəndaş dövlət orqanını aldatmaq üçün müxtəlif sənədlər təqdim edibsə, bunu da normal qaydalarda aydınlaşdırmaq mümkün olmayıbsa, o halda həmin vəsaiti vətəndaş ödəməlidir. Bütün bunlar barədə qərar isə yalnız və yalnız məhkəmə tərəfindən qəbul edilə bilər”.
Bəs ƏƏSMN atdığı addımların necə əsaslandırır?

Nazirlik BakuPost-un sorğusuna cavab olaraq bildirib ki, 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatı 61%, I qrup təyinatlar isə 56% azalıb, əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət edilib. 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb və onların dərhal ləğv edilməsi həyata keçirilib:

"Yanlış əlillik təyinatları ləğv edildikdən sonra həmin təyinatlar üzrə vətəndaşlara ödənilmiş vəsaitlərin geri qaytarılması mexanizmi mövcuddur. Ödənilmiş vəsaitlərin geri qaytarılması həm yanlışlığa yol vermiş vəzifəli şəxslər, həm də vətəndaşların özləri tərəfindən həyata keçirilir.Yəni yanlış əlillik təyinatına bilərəkdən yol verdiyi təsdiqini tapan vəzifəli şəxslərə həmin vəsaitlərin büdcəyə qaytarılması öhdəliyi tələb kimi qoyulur. Digər hallarda, yanlış əlilliyə görə pensiya və ya sosial müavinət almış şəxslərə ödənilmiş bu vəsaitləri büdcəyə qaytarmaları barədə rəsmi məktubla müraciət olunur. Əksər hallarda bu vəsaitlərin könüllü qaydada ya birdəfəlik, ya da hissə-hissə olmaqla büdcəyə qaytarılması təmin olunur.Bir sıra hallarda isə məhkəmə qaydasında bu məsələlər həll edilir və vəsaitləri qaytarmağa borclu olanların digər gəlirlərindən bu vəsaitlərin məcburi qaydada büdcəyə yönəldilməsi həyata keçirilir. Yanlış əlillik təyinatlarının ləğv edilməsi yalnız ötən dövr deyil, qarşıdakı dövr üçün də milyonlarla manat büdcə vəsaitinin ünvansız xərclənməsinin qarşısını alıb. Qeyd olunanlarla yanaşı, təyinatlarda qanunvericiliyin tələblərinin pozulması hallarına dair aidiyyəti sənədlər hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına təqdim edilib”.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930