Saxta əlillərin pullarını geri qaytarmaq istəyirsənsə, onu məmurlardan al- ekspertdən nazirə təklif

Saxta əlillərin pullarını geri qaytarmaq istəyirsənsə, onu məmurlardan al- ekspertdən nazirə təklif
"Saxta əlillərin bu vaxta qədər aldıqları pullar geri qaytarıla bilər, amma onun subyekti vətəndaşlar deyil, həmin pulu təyin edən məmurlar olmalıdır”
 
Sfera.az-a açıqlamasında bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saxta əlillərin aldığı pulların geri qaytarılacağı barədə səslənən fikirə münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.
 
Həmsöhbətimiz onu da əlavə etdi ki, onsuz da zaman-zaman vəzifəyə yeni təyin olunan məmurlardan ancaq sözdə səslənən bu sayaq fikirləri çox eşidiblər: 
 
"Bu sayaq bəyanatları zaman-zaman Azərbaycanda vəzifəyə yeni gələn məmurlar müxtəlif səviyyələrdə səsləndiriblər. Amma əmək və sosial müdafiə nazirinin sözügedən bəyanatı birbaşa cəmiyyətə daha çox toxunan bəyanat olduğundan belə sensasiya yaradıb. Əslində, hesab edirəm ki, burada saxta əlillərin aldığı pulların onlardan geri alınmasındansa, saxta əlillik dərəcəsi verən, saxta pensiyalar müəyyənləşdirən məmurlar cəzalandırılmalıdır. Büdcədən bu fonda qeyri-qanuni ödənilən vəsaitlər də həmin məmurlardan alınmalıdır. Bilirsiniz ki, insan həmişə həyatını daha rahat yolla getməklə qurmağa çalışır. Onlar harda rahat yol varsa, fəaliyyətlərində də məhz o yolu seçir. Bu məsələdə də insanlar qanunu pozmaqla daha firavan yaşamağa imkan olduğundan belə bir yola getməklə saxta əlililik dərəcəsi alıblar. Bu səbəbdən düşünürəm ki, burada vətəndaşın heç bir günahı yoxdur. Məmur rüşvət almasa, vətəndaş da onu verməz. 
Ona görə də hesab edirəm ki, saxta əlillərin aldığı bu vaxta qədər aldıqları pullar geri qaytarıla bilər, amma onun subyekti, vətəndaşlar deyil, həmin pulu təyin edən məmurlar olmalıdır. Yəni həmin vəsait məmurlar tərəfindən ödənilməlidir. Belə olarsa, həmin vəsaiti büdcəyə geri qaytarmaq da mümkün olacaq. 3-5 min manat verərək əlillilik dərəcəsi alan vətəndaşdan həmin vəsaiti geri almaq isə, istəsələr də belə, mümkün olmayacaq.  Çünki həmin vətəndaşda o pul yoxdur. Amma məmurlar barədə bunu demək olmaz. Deməli, prosesin həllində ən doğru variant saxta əlillilik pullarının məhz həmin günahkar məmurlardan geri alınmasıdır”.   
 
Qeyd edək ki, bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev saxta əlillərin aldığı pulların geri qaytarılacağını bildirib. Amma onun hansı formada, necə geri qaytarılacağına demək olar ki, aydınlıq gətirməyib. Belə ki, saxta əlillərin aldığı həmin pullar heç şübhəsiz onların ödədiyi müəyyən rüşvət müqabilində prosesə cavabdeh olan müəyyən məmurlar tərəfindən təyin edilib. Bu fonda ortaya sual çıxır, sözügedən vəsait kimlər, saxta əlilin özü, yoxsa həmin məbləği təyin edən məmurlar tərəfindən ödənilməlidir?
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR