Saxta brendlərə nəzarət və mübarizə kimə həvalə edilməlidir?- ekspert DİN-ə deyir...

Saxta brendlərə nəzarət və mübarizə kimə həvalə edilməlidir?- ekspert DİN-ə deyir...
"Bu kimi neqativ halların aradan qaldırılmasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi sözügedən özbaşınalığa qarşı mübarəzədə daha effektli vasitə olardı”
 
Sfera.az-a açıqlamasında bu sözləri son günlər "Lady Şharm” mağazalar şəbəkəsinin saxta brendlərlə bazara çıxması faktlarının aşkar edilməsi və kütləvi hal alan belə neqativ hallara qarşı mübarizəyə hansı qurumların nəzarət etməsinin daha məqbul olmasına dair sorğunu cavanlandırarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib: 
 
"Bazara saxta brend markalı malların çıxarılması təkcə istehlakçıların aldadılması anlamına gəlmir. Eyni zamanda, bu vəziyyət haqsız rəqabət mühiti də yaradır. Təşkilatımıza "Lady Sharm” mağazalar şəbəkəsindən illər boyudur ki, çoxlu şikayətlər daxil olurdu. Bizə daxil olan bu sayaq şikayətlərin 80  faizini qarşı tərəfi maarifləndirmək yolu ilə telefon danışıqları vasitəsilə həll edirik. Lakin "Lady Sharm”dan gələn şikayətlərin bir dəfə də olsun danışıqlar yolu ilə həllinə nail ola bilməmişik. Bütün hallarda vətəndaşların bu sayaq şikayətləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə göndərmişik. Onlarsa vətəndaşları məhkəmələrə yönəltməklə məşğuldurlar. Bu mənada Daxili İşlər Nazirliyinin "Lady Sharm”ın əməllərinin ifşası istiqamətində gördüyü işləri yüksək qiymətləndirirəm. Lakin bu işə nəzarət etməli olan 144  ştatla 9 mərtəbəli binada oturan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə həmin fırıldaqların qarşısını almaq üçün demək olar ki, heç bir iş görmür. Nəticədə bazarda haqsız rəqabət mühiti hökm sürür. Düşünürəm ki, bu kimi məsələlərin həllinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi sözügedən özbaşınalıqların aradan qaldırılması yolunda daha məqbul variant olardı.  Çünki bu qurum saxta geyimlərlə bağlı həmin özbaşınalıqların ifşa edilməsində daha radikal fəaliyyət göstərir. Bazardakı digər seqmentlərdə də bu kimi neqativ hallar var. Xarici brend adı ilə satılan ayaqqabının təxminən 20 faizi, kostyumların da 15 faizi elə Azərbaycanda tikilib, burada da etiketləşdirilir”.
 
Milli Məclisin deputatı Fazil Mustafa isə bu qənaətdədir ki, müştərilərin saxta brendlərlə aldadılmasına qarşı effektiv mübarizə aparmaq və belə saxta malların bazardan sıxışdırılıb çıxarılması üçün sözügedən prosesə nəzarət etməli olan orqanın özünə nəzarəti güclənidrmək lazımdır: 
"Burada ancaq bu istiqamətdə addım atılmalıdır. Prosesə nəzarət etməli olan orqanın özünə nəzarət gücləndirilməlidir. Belə olarsa, ölkə bazarları da belə saxta brendlərlə dolu olmaz”. 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl DİN-in baş İdarəsi çoxsaylı şikayətlərə əsasən Bakı və bölgələrdə fəaliyyət göstərən "Lady Sharm” mağazalar şəbəkəsində, onun anbarlarında keçirdiyi əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib. 
 
Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çində istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri "Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara "Chanel”, "Fendi”, "Dolce & Gabbana”, "Valentino”, "Chiristian Dior”, "İtterre” və digər dünyaca məhşur bredlərin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. "Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq "Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Bura baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb.  O da məlum olub ki, "Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta "Made in Turkey” və "Made in İtaly” nişanları tikilibmiş. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR