Şamaxıda yenidən vulkan püskürdü
Şamaxıda yenidən palçıq vulkanı püskürüb. Hadisənin gecə saatlarında, rayonun Dağ Göylər kəndində qeydə alındığı bildirilir. Vulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq ətrafa yayılıb…
Təbiət hadisəsi ilə bağlı AMEA-nın Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Adil Əliyevlə əlaqə saxladıq. Şöbə müdiri virtualaz.org-a açıqlamasında vulkan püskürməsi hadisəsinin baş verməsini təsdiqləsə də, hadisənin Dağ Göylər kəndində baş vermədiyini dedi.
"Dağ Göylər kəndində vulkanlar var, amma hazırda püskürən aktiv vulkan yoxdur. Bu, yanlış məlumatdır. Bizim əməkdaşlar həmin əraziyə yollanıblar, vulkanın hansı kənddə baş verdiyini dəqiqləşdirirlər. Orada Dağ Koğanlı, Məlikobalı və digər kəndlər var, ola bilər ki, həmin kəndlərin birində vulkan püskürməsi olub. Bizim işçilər aydınlaşdıracaqlar və vulkanla bağlı məlumat toplayacaqlar”, - Adil Əliyev bildirib.
Şöbə müdiri həmçinin qeyd edib ki, bundan sonra püskürən vulkanın təhlükəli olub-olmaması məlum olacaq.
Qeyd edək ki, bu ilin fevralında Şamaxı rayonunun Quşçu və Kiçik Xınıslı kəndlərində də vulkan püskürməsi baş verib. Şamaxıda zəlzələdən sonra vulkanların aktivləşə biləcəyi ehtimal olunur.
Azərbaycanda ümumilikdə 353 vulkan var ki, onun 200-ü quru sahədədir. Quru sahədə olan vulkanların 60 faizi isə püskürmür. Şamaxı-Qobustan bölgəsində Quşçu, Şıxzərli vulkanlarının tez-tez püskürdüyü məlumdur. Digər vulkanlar isə müxtəlif intervallarla 5-10 ildən, bəziləri 25 ildən sonra püskürürlər.