Şamaxıda yenidən sürüşmə oldu - FOTOLAR
Sfera.az xəbər verir ki, RSXM-dən verilən məlumata görə, aparılan araşdırmalar zamanı Şamaxı rayonunun ərazisində Qızmeydan yolunun kənarında sürüşmə sahələrində aktivlik müşahidə olunub. Qeyd edək ki, aşkar olunan birinci sürüşmə sahəsinin yanında asfalt yolun üzərində 5-10 millimetrlik çatlar yaranıb. Bundan başqa, yolun kənarında 15-25 millimetrlik çökmə və sürüşmə halı müşahidə edilməkdədir.
Yolun ikinci hissəsindəki sürüşmə sahəsində asfalt üzərində 5-10 millimetrlik çatlar, yol kənarında isə 20-30 santimetrlik aralanma müşahidə edilməkdədir. Həmçinin Ağsu aşırımında yolun 154-cü kilometrinə qədər hissəsində çatlar və çökmələr müşahidə olunur.
Bununla yanaşı, RSXM əməkdaşları ayrı-ayrı qruplarda zəlzələnin episentrində gərginliyin öyrənilməsi ilə bağlı kompleks tədqiqatları davam etdirirlər. Hazırda müxtəlif istiqamətlərdə profillər üzrə seysmik və geofiziki tədqiqatlar davam etdirilir.
Aparılan araşdırmalarla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.