Sahibkarlara lisenziya verilməsi prosesi tam elektronlaşdırılacaq – Nazir müavini

Sahibkarlara lisenziya verilməsi prosesi tam elektronlaşdırılacaq – Nazir müavini
Oktyabrın 27-də Bakı Biznes Mərkəzində "Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar” mövzusunda konfrans keçirilib.
 
ANN.Az xəbər verir ki, tədbirdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını, prezident İlham Əliyev tərəfindən son zamanlar imzalanmış müvafiq sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisi olduğunu vurğulayıb. 
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxışında özəl sektorun inkişafının Azərbaycan iqtisadiyyatının prioritetlərindən olduğunu və bu sahənin daim dövlət başçısımın diqqət mərkəzində olduğunu vurğulayıb. 
Prezidentin 2014-cü ildə imzaladığı "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, görülmüş tədbirlər barədə məlumat verən Sahib Məmmədov bu siyasətin davamı olaraq bu günlərdə imzalanmış "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanın sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsində, özəl sektorun inkişafında əhəmiyyətini qeyd edib. 
Nazir müavini bildirib ki, fərmana uyğun olaraq, bütün xüsusi razılıqlar "ASAN xidmət” mərkəzlərində veriləcək. Hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lisenziyaların sayının azaldılmasına və prosedurların sadələşdirilməsinə dair təkliflər hazırlanır. Eyni zamanda həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həm də texniki-təşkilati istiqamətlər üzrə işlər aparılır, "ASAN xidmət” mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına müvafiq treninqlər keçirilir.
 
Sahib Məmmədov qeyd edib ki, bu il noyabrın 2-dən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbuluna start veriləcək: "Növbəti mərhələdə isə yeni fəaliyyətə başlamaq istəyən sahibkarlara lisenziyaların verilməsi ilə bağlı müraciətlərin qəbuluna başlanılması nəzərdə tutulur. Bununla əlaqədar, qüvvədə olan qanunvericiliyə əsasən lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləməyi tövsiyə edirik. Yaxın aylarda həmçinin, "Elektron lisenziya” portalı istifadəyə veriləcək və bununla da, sahibkarlara lisenziyaların, eləcə də digər sənədlərin verilməsi prosesi tamamilə elektronlaşdırılacaq”.
Sahib Məmmədov sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi kimi tədbirlərin özəl bölməyə dövlət dəstəyi tədbirlərindən olduğunu və ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşmasına xidmət edəcəyini deyib.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxışında bazar iqtisadiyyatının təməl prinsiplərinə uyğun olaraq, ölkədə davamlı olaraq institusional islahatların həyata keçirildiyini, iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında bu islahatların böyük rol oynadığını qeyd edib.
 
Deputat 2015-ci il 1 noyabr tarixindən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılmasına dair qəbul edilmiş qanunu xatırladaraq  ölkədə sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına təkan veriləcəyini, qanunsuz müdaxilələrin aradan qaldırılacağını deyib.
 
Konfransda çıxış edən sahibkarlar Azərbaycan Respublikası Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini qeyd etmiş, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi barədə qərarlarını böyük razılıqla qarşıladıqlarını bildirmiş, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda konfransda iştirak edən sahibkarlar prezident İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə dövlət başçısının təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, eləcə də gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi barədə fərmanların sahibkarlığın inkişafı baxımından inqilabi addım kimi qiymətləndirilib, sahibkarlara göstərdiyi qayğıya və davamlı dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıq bildirilib. 

OXŞAR XƏBƏRLƏR