“Sahibkarın yanlışına görə dövlət niyə ziyana düşməlidir?” – Ekspert rəyləri

“Sahibkarın yanlışına görə dövlət niyə ziyana düşməlidir?” – Ekspert rəyləri
 

"Diqlas” Ticarət Mərkəzində martın 26-da baş vermiş yanğın nəticəsində 400-ə qədər sahibkara yüzminlərlə ziyan dəyib. Bunun ardınca dövlət başçısı sahibkarlara dəymiş maddi ziyanın kompensasiya edilməsi və müvafiq komissiyanın yaradılması barədə göstəriş verib. Sahibkarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi sahibkarlar tərəfindən məmnunluqla qarşılansa da sahibkarların səhlənkarlığına görə dövlətin yük altında qalması birmənalı qarşılanmayıb.

 

İctimai rəydə mənfi qarşılanan digər məqam isə yanğının baş verdiyi ticarət mərkəzinin əsl sahibinin kimliyinin müəmma qalması oldu. Bu və digər məqamlarla bağlı Sfera.az-a açıqlama verən istisadçı-alim Nazim Bəydəmirli bunun doğru olmadığını bildirib: "Kommersiya hüquqi şəxslərin təsisçilərin adlarının gizli saxlanılması haqqında qanuna dəyişiklik 2012-ci ildə qəbul edilib. Mən o zaman da buna qarşı idim. Ölkədə məmur oliqarxlara məxsus o qədər şirkətlər var ki, dövlət əmlakı hesabına və ya inzibati resurslardan istifadə edərək bütün sahələri inhisara alıblar. Necə deyərlər, müxtəlif jurnalist araşdırmaları ilə sübut olunub ki, belə holdinqlərin faktiki sahibləri kağız üzərində tender keçirib hətta investisiya layihələrini öz şirkətlərinə verirlər. Bununla da xalqın pulunu dolayısıyla mənimsəyirlər. Odur ki, bu kimi olayların məmur sahibkarlığından qaynaqlandığı fikrindəyəm”.


Ekspert hesab edir ki, obyektlər tikilərkən normativlərdən kənara çıxılır ki, bu da özlüyündə gələcəkdə baş verə biləcək fəsadların əsasını qoyur: "Öncə bu kimi hadisələrin yaranma səbəbləri araşdırılmalıdır, bu səbəblər aradan qaldırılmalıdır. İstənilən bina tikilərkən onun layihələndirilməsinə, tikinti prosesinə nəzarət etməli olan müvafiq orqanlar var. Görünən isə odur ki, obyektlər inşa olunarkən yanğın təhlükəsizliyi qaydaları ciddi şəkildə pozulur. Ona görə də bu cür arzuolunmaz hadisələr müntəzəm olaraq təkrarlanır”.

 

N.Bəydəmirli kompensasiyaların dövlət tərəfindən qarşılanmasının da zərərli tendensiya olduğunu düşünür: "Təbii ki, dövlət hər zaman vətəndaşın, kiçik və orta sahibkarlıq subyektlərinin yanında olmalıdır.Amma son yanğın hadisəsi kimi bir çox hallarda kompensasiyanın məmur sahibkarlığının əvəzinə dövlətin qarşılamasını doğru saymıram, belə addımların zərərli tendensiya yaratdığı qənaətindəyəm. Yaxın tariximizdə baş vermis ən böyük təbii fəlakət 2010-cu il Kür daşqınları zamanı Milli Məclisdə təklif etmişdik ki, sığorta qanunvericiliyi və tətbiqi sahələri genişləndirilsin, həmçinin çoxsaylı insanların və obyektlərin yerləşdiyi obyektlər istifadəyə verilən zaman sığortalanmadan təhvil alınmasın. Azərbaycan həm də seysmik zonada yerləşir. Hər an təbii faciələr ola bilər. Odur ki, bunu nəzərə almaq lazımdır. Hadisələr baş verdikdən sonar nəticə ilə mübarizə aparmaq həm çətindir, həm də maddi baxımdan həm də daha çox vəsait tələb edir”.

 

Millət vəkili Vahid Əhmədov da baş vermis yanğının ciddi araşdırılmalı olduğunu düşünür: "Baş verən hadisə kifayət qədər ciddi siqnaldır və ciddi şəkildə də araşdırılmalıdır. Hazırda hadisə ilə bağlı cinayət işi açılıb və hadisənin başvermə səbəbləri araşdırılır. Qaydalara görə Fövqəladə Hallar Nazirliyi və digər aidiyyatı orqanlar qrafik üzrə obyektlərdə yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar aparmalıdır. Aparılan istintaq bütün bu və digər məqamları araşdıracaq və ümüdvaram ki, cəmiyyətə ətraflı məlumatlar veriləcək”.

 

Millət vəkili obyektlərin sığortalanması məsələsinin vacibliyini də dilə gətirib: "Yanğının baş verdiyi "Diqlas” Ticarət Mərkəzi özəl şirkətdir. Həmin Ticarət Mərkəzinin sahibləri zamanla buradan böyük qazanclar əldə ediblər. Onların birbaşa vəzifə borcu idi ki, obyekt sığortalansın. İndi prezident İlham Əliyev humanist addım ataraq dəymiş ziyanın ödənilməsi ilə bağlı göstəriş verib. Amma bu sahibkarları rahat salmamalıdır. Yoxsa, bu kimi hallarda dəymiş ziyanı dövlət qarşılayacaqsa bu zərərli tendensiya yarada bilər”.

 

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR