Saçı qırxılan gəlinin ovucunda xərçəng bitdi

Saçı qırxılan gəlinin ovucunda xərçəng bitdi
 "Mənim yeganə səbəbim sənsən...”
Bu sözlər 1994-cü ildə İsveç Akademiyasının xitabət kürsüsündən salonda əyləşən bir qadına ünvanlanıb.
Amerikalı riyaziyyatçı və iqtisadçı, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, nəzəriyyələri bazar iqtisadiyyatı, hesablama, təkamül biologiyası, süni intellekt, mühasibat, siyasət və hərbi sahədə müqəddəs kitablar qədər dəyərli, Massaçusets Texnologiya İnstitutunun professoru, Soyuq Müharibə dövründə ABŞ ordusunda gizli şifrələrin açılmasına yardımçı olan Con Neşin beynidir bu fikirlərin müəllifi.
Bu sözlərin ünvanı isə Con Neşin ömür-gün yoldaşı Alisa Lerdi...
Ona görə beyni deyirəm ki, Con Neş uzun müddət şizofreniyadan əziyyət çəkib. Yəni onun ürəyi beyni ilə daim ziddiyyətdə olub. Lakin o, hər zaman hissiyyatına deyil, ağlına güvənməyi üstün tutub. Professor bu sözləri Nobel nitqində də xatırladıb: "Mən həmişə rəqəmlərə inanmışam. Tənliklərə, məntiqə, ağıla. Və bu ağlın arxasınca qaçan vaxt mən özümdən soruşuram: əsl məntiq nədir? Ağlın nə olduğunu kim müəyyən edir? Bu yanaşmam məni hallüsinasiya ilə fiziki və metafizik sərhədə qədər gətirib çıxardı. Lakin mən karyeramda ən vacib kəşfimi etdim: yalnız müəmmalı məhəbbət tənliklərində istənilən məntiqi səbəbləri tapmaq olar. Bu gün mənim varlıq səbəbim sənsən...”
Gələcəyimizin yarısının taleyini həll edən bir adamın tarixin ən toz tutmayan yerində, elmi kəşflər qədər vacib olan Nobel nitqində bu sözlərə yer verməsi nə qədər ilahidir, İlahi...
Əlbət ki, bu tip hadisələrə tarixdən və günümüzdən minlərlə misal tapıb göstərmək olar. Lakin son günlər Azərbaycanda gündəmdən düşməyən xəyanətə görə saçları qırxılmış (kəsilmiş yox, məhz qırxılmış) qadının mövzusuna əsla. Bəlkə də onun başına gələnlərdən daha betərlərini yaşayan və bizim tanımadığımız qadınlar mövcuddur. Ancaq onların yəqin ki, "instaqram”a "qoyulmaq” üçün çəkilmiş videoları və bu videoların müəllifi ola biləcək potensialda ərləri yoxdur. Hələ hadisənin "memarı” olan qayınananı demirəm... Prosesdə məni maraqlandıran ən önəmli detal nə keçəl baş, nə xəyanətə tab gətirə bilməyib "namusunu” həyat yoldaşının saçları ilə təmizləyən "qeyrət” mücəssiməsi ər çəkdi. Mən ən çox qayınana ovucunun hadisə qurbanı olan gəlinin başını yuxarı qaldırması epizoduna "ilişdim”.
Ay qayınana! Sən o ovucu indi işə salmamalı idin e, bilirsən onu? Sən o ovucda birinci gəlininin çənəsini yox, oğlunun əllərini tutmalı idin. Ovcunda onun üçün ömür, iki nəfərlik həyat, insanlıq, bəlkə bir az kişilik, elə bir ovuc mərhəmət və əsl qeyrət anlayışı haqqında öyüdlərini gizlətməli idin.
Heç unutmuram. Kəndimizdə əksər nənə və babaların cibindən quru meyvələr, ən çox da qoz ləpəsi əksik olmazdı. Biz də üzü nurlu, ovucu bükülmüş bir ahıl görən kimi cumardıq üstünə. Bilirdik ki, onun cibində mütləq noğul qarışıq quru meyvə olacaq. Onlar isə bir ovuc payın müqabilində bizi dizlərində oturdar və müxtəlif nəsihətlər verərdilər. Nəsihətləri böyüklü-kiçikli kimsə sevməz, amma bu, bizim uşaqlığımızın ən şirin xatirələrinə çevrilib. Biz onda qoz ləpəsinin təbii quruluşunun beyinin quruluşu ilə oxşarlığını sadəcə təsadüf zənn edirdik. Babalar, nənələr isə o ləpələrin üstünə öz təcrübələrini, başqalarından gördüklərini və öz nənə-babalarından eşitdiklərini "yazardılar”.
Mənim ovucla bağlı ən sonuncu xatirəm bu olub. İndi isə bu qədər məsumca, şirni qarışıq, ləpə qoxulu tanıdığım ovuclar olmayan xəyanətə görə saçlarını, saçları ilə birgə gəncliyini, qadınlıq qürurunu itirmiş bir qızın çənəsində qarşıma çıxır...
Həyatın, gerçəkliyin qəddar olduğunu biz də bilirdik. Bu reallıqla uşaqlığımız ovuclarımızdan alınanda tanış olmuşduq. Amma gerçəklik bu qədər şərəfsiz, insanlıqdan uzaq, mərhəmətdən yad olmamalı idi. Ən azı "keçəl qızın hörükləri” ilə başımızı aldadacaq qədər hissiyyat qalmalı idi bu günəşli dünyada. İndi Günəşin "saç”aqları var. Amma o qızın yoxdur. Bəlkə də heç vaxt olmayacaq. Çünki o qızın saçları qırxıldığı gün onun yerinə xərçəng hüceyrələri bitib...
Bunun yeganə səbəbi isə qoz ləpəsi boyda beyni olmayan valideynlər, anlamaqda xeyli çətinlik çəkdikləri gerçək həyat qanunları və verə bilmədikləri tərbiyədir.
Bunun ən böyük səbəbi isə az qala, gəlininin övladına xəyanət etməsi ilə öyünən vicdansız qayınana və onun timsalında bütün mərhəmətdən yoxsul insanlardır.
Və insanların bədbəxtlik səbəbi olmaqdan daha bədbəxt bir tale yoxdur bu zalım dünyada. (publika)


OXŞAR XƏBƏRLƏR

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...