Sabirabaddakı körpə ölümlərinin səbəbi bəlli oldu - Nazirlikdən AÇIQLAMA

Sabirabaddakı körpə ölümlərinin səbəbi bəlli oldu - Nazirlikdən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Sabirabadda iki körpə doğuşdan bir neçə saat sonra ölüb. Səhiyyə Nazirliyindən Sfera.az-a verilən açıqlamada isə bu məlumatlarda müəyyən yanlışlıq olduğu bildirilib. 

Belə ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil ötən gecə 02:30-da Sabirabad rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilib: 
 
"Ötən gecə xəstəxanaya gətirilən Yusifova Rəvanə Rahil qızının bətnindəki döl ölü olub. Lakin valideyn bu xəbəri körpə ölümü kimi verdiyindən, saytlar yazır ki, ötən gecə Sabirabadda iki körpə dünyasını dəyişib. Düzdür, belə vəziyyətdə valideyni başa düşmək olar. Lakin döl ölümü körpə ölümü deyil. Xəstə xəstəxanaya daxil olduqdan dərhal sonra dölü həkimlər tərəfindən xaric olunaraq ekspertizaya verilib. Bu məsələylə bağlı artıq prokrorluğa da müraciət edilib. Ekspertiza rəyi hazır olduqdan sonra dölün ölü doğulmasının səbəbləri açıqlanacaq”. 

Bildirilib ki, digər körpə doğulduqdan bir neçə dəqiqə sonra dünyasını dəyişib:
 
"Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlan cinsindən olan körpəsi bir neçə dəqiqədən sonra dünyasını dəyişib. "Ağır gipaksiya” olub. Ana deyir ki, doğuşa bir neçə saat qalmış vəziyyəti gərginləşib. "Ağır gepaksiya” ilə doğulan uşağa yardım üçün bütün reanimasyon tədbirlər həyata keçirilsə də, onu xilas etmək mümkün olmayıb. Hazırda prokrorluq, Səhiyyə Nazirliyi də bu məsələ ilə bağlı araşdırma aparır”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR