S-400 böhranı: Qərb Türkiyənin Rusiya ilə bu istiqamətdə sövdələşməsindən ehtiyat edir...

S-400 böhranı: Qərb Türkiyənin Rusiya ilə bu istiqamətdə sövdələşməsindən ehtiyat edir...
"Türkiyənin qonşuluğunda ərazi bütövlüyü pozulan iki dövlət var – İraq və Suriya. Bu ölkələrin ərazisinin hamısına yerli hakimiyyətlər nəzarət edə bilmir". 

Bu sözləri Sfera.az-a Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemləri almasının onun Qərb və ABŞ-la münasibətlərinə necə təsir edəcəyini şərh edən siyasi analitik Sədrəddin Soltan deyib.
 
 

O, orada müxtəlif terrorçu və silahlı qruplaşmaların mövcud olduğunu deyib:
 
"Həmin silahlıların raket və hava hücumuna dair başqa silahların olmadığına, yaxud olmayacağına heç kim təminat verə bilməz. Elə bu yaxınlarda ABŞ terrorçu PKK-nın Suriyadakı qollarına, "YPG” və "PYD”-yə (onlar ABŞ-ın istəyi ilə adlarının dəyişib Suriya Demokratik Gücləri qoyub) ağır texnika və başqa silahlar verib. Hətta Rusiyanın da bu istiqamətdə fəaliyyət göstərdiyi ehtimal edilir. Bundan başqa, bir müddət öncə İraqın şimalındakı kürd muxtariyyəti ABŞ-dan uçan hərbi avadanlıq istəmişdi. Türkiyənin qonşuluğunda belə bir təhlükə mövcud olduğu halda rəsmi Ankara ölkənin təhlükəsizliyinin qayğısına qalmağı seçib. Terrorçu İŞİD-ə qarşı mübarizənin ilk illərində Almaniya və Hollandiya Türkiyəyə "Patriot” tipli zenit-raket kompleksini icarəyə vermişdi. Ötən il isə "Patriot”lar geri alındı. Türkiyə NATO-nun üzvü olaraq, alyansdan hava hücumundan müdafiə sistemi istəsə də, hələ ki, buna müsbət cavab ala bilməyib". 
 

Onun sözlərinə görə, NATO-da Türkiyənində hava məkanını qoruduqları deyilir:
"2016-cı ilin noyabrında Rusiyanın hərbi təyyarəsi Türkiyənin hava məkanını pozanda alyans cavab tədbiri görmədi. Bundan başqa, NATO-nun nizamnaməsinə əsasən üzv dövlət öz müdafiə qabiliyyətinin artırmaqda da sərbəstdir. Bu baxımdan Türkiyənin "S-400” zenit –raket kompleksi əldə etmək istəyi təbii və qanuni qarşılana bilər. Türkiyənin Rusiya ilə bu istiqamətdə sövdələşməsindən isə Qərb ehtiyat edir. Ehtimal etmək olar ki, onlar Türkiyə ilə Rusiyanın müttəfqi olacağından narahatdırlar. Ona görə də, Türkiyənin "S-400” əldə etməsinə görə belə canfəşanlıq edirlər. Ola bilsin perspektivdə onlar da Türkiyəyə hava hücumundan müdafiə sistemi satsın. Ancaq hazırda "S-400” Türkiyəyə çatdırılmayıb. Bununla belə, onun yaxın zamanda Türkiyənin hava məkanını qoruyacağı da sirr deyil".

Azad Əliyev
Sfera.az

OXŞAR XƏBƏRLƏR