Müsahİbə

Röyanın müğənni qardaşı: “O səs Türkiyə” mənim üçün faciə idi – MÜSAHİBƏ

Röyanın müğənni qardaşı: “O səs Türkiyə” mənim üçün faciə idi – MÜSAHİBƏ
 İsmayıl Nəcəfov Türkiyədə fəaliyyət göstərən gənc müğənnidir. Onu digərlərindən fərqli edən cəhət isə orada böyüməsi və Əməkdar artist Röya Ayxanın qardaşı olmasıdır. Hər nə qədər Röyanın qardaşı olsa da, istəyir ki, öz adı ilə tanınsın və ona özünə görə hörmət qoysunlar.

Oxu.Az bu gün hərbi xidmətə yola düşən İsmayıl Nəcəfovun müsahibəsini təqdim edir:

– İllər sonra Bakıdasınız...

– Əsgərlik üçün Bakıya gəlmişəm. Sağlamlıqla bağlı bütün analizlər edildi, hər şey yaxşıdır. Bu gün bir illik hərbi xidmətə yollanacam.

– Qardaşınız Ayxan da əsgərlikdədir. Bir dəfə Röya Ayxan demişdi ki, mən qardaşlarıma görə əziyyət çəkmişəm, istəyirəm ki, qardaşlarım da gəlib burada əsgərlikdə olsunlar və görsünlər ki, bacıları hansı əziyyətlərə tab gətirib...

– Əsgərlik vətən borcudur. Çəkməliyik. Bu, məni qorxutmur. Əsgərlik disiplin istəyən bir şeydir. Biz sevərək əsgərliyə gedirik. Əsgərlik insanı gücləndirir.

– Neçə yaşınızdan Türkiyədəsiniz?

– Dörd yaşımdan Türkiyədə yaşayıram.

– Oraya köçməyinizin səbəbi nə idi?

– Mənim anam ingilis dili müəllimidir. Burada iş problemi var idi, anam bir dostu sayəsində Türkiyəyə köçdü. Orada da birinci müəllimlik edə bilmədi. Öncə normal işlərdə çalışdı, daha sonra müəllimlik etməyə başladı. Biz də Türkiyəni sevdik və orada yaşadıq.

– Atanız isə burada yaşayır. İki dəcəl oğlanla yaşamaq ananıza çətinlik yaratmadı? Yaxud yanınızda atanızın olmaması sizə nə dərəcədə təsir etdi?

– Orada təhsil aldığıma görə buraya tez-tez gələ bilməsək də, atam vaxtaşırı bizi görməyə gəlirdi... Davamlı olaraq xəbərləşirik. Anamız isə bizə həm ata, həm də ana oldu.

– Musiqiçi olmaq istəyi haradan yarandı?

– Uşaq vaxtı futbolçu olmaq istəyirdim. 12 yaşımdan 20 yaşımadək futbolla məşğul oldum. Ancaq zədələndim və geri çəkilmək məcburiyyətində qaldım. Bir şey deyim ki, futbol oynayanda, məşqlər zamanı mahnılar ifa edirdim. Sonra universitetə başladım. Radio və televiziya təhsili alıb, rejissorluq fakultəsini bitirdim. Bu sahə ilə bağlı olan hər vəzifə və onun predmentlərindən anlayışım var. 

– Universitetə ali təhsiliniz olsun deyəmi qəbul oldunuz, yoxsa bu, bir həvəs idi?

– Yox, mənə görə, radio və televiziya ilə bağlı sahələri hər adam oxuya bilməz. Çünki bu, qabiliyyət tələb edir. Uzun müddət araşdırdım və musiqiyə yaxın olduğunu gördüm. Baxdım ki, bir-birimizə uyğunlaşırıq. Mahnı oxuduğum zaman klipimi də özüm çəkə bilərəm (gülür).

– Sizin ailədə bir ulduz var, ikinci ulduz olmaq istəyi bir az riskli deyildimi?

– Bacım bizi bu yaşa qədər böyüdüb. Həm atamız, həm anamızdır. Hər mövzuda yanımızda oldu. Haqqını heç vaxt ödəyə bilmərik. Çünki ana və atanın haqqını heç vaxt ödəmək olmaz. Hətta düşünürəm, neyləyə bilərəm ki, çiynimdə olan o yükü qaldırım. O, hər zaman star olacaq. Onun kimi heç vaxt ola bilmərəm. Bu fikirdə də deyiləm. Ulduz olmaq deyə bir iddiam yoxdur. Musiqi ilə məşğul olmağımın səbəbi əgər yaxşı səsləndirirəmsə, insanlar məni dinləsin deyədir. Dinləyən varsa, səni bir yerə gətirib çıxaranlar da onlardır. Amma mənim ulduzum bacımdır.

– Sözünüz tez-tez çəp gəlir?

– Bu, ailədir. Təbii ki, olur. Ancaq həmişə uzlaşmağı bacarırıq.

– Orada səhnəyə çıxırsınız. Olur ki, Röyanın adından istifadə edib, "Mən filankəsin qardaşıyam” deyə özünüzü təqdim edirsiniz?

– Bir insanı özünə görə tanımaq daha yaxşıdır. Tanıyan tanıyır. Bu barədə danışmağı sevmirəm. Çox vaxt dostlarım deyir ki, niyə bizə demirsən? Əlbəttə ki, bu, qürurvericidir. Onun etdikləri insanların gözündə böyük şeydir. Səni insanlara daha tez sevdirir. "Instagram”dakı videolarım sayəsində məni tanıyırlar.

– Sizi Murat Dalkılıç, Soner Sarıkabadayıya bənzədirlər...

– Hər insan başqasına bənzəyə bilər. Mən özüməm.

–  "O səs Türkiyə”yə qatılmağınız necə oldu?

–  "O səs Türkiyə” mənim üçün faciə idi. Dostlarımın təkidi ilə qatıldım. 582 iştirakçı içərisindən 38 nəfər arasına girdim. 38 nəfərdən də səkkiz nəfər seçildi. Ora yorğun formada getmişdim. Həftənin beş günü səhnəyə çıxırdım. Əslində, başqa mahnı ifa edəcəkdim. Tarık Sezer dedi ki, bu mahnını oxumalısan. Məcbur qalıb oxudum və belə alındı. Pis olmadım. Bizim üçün ora çıxmaq belə böyük bir şeydir. Hər kəs pis oldu. "Instagram”dan xeyli mesaj gəldi. Mən də heç nə paylaşmadım. "O səs Türkiyə” elə bir formaya gəlib ki, oradan çıxarılırsansa, deyirlər, səsin yoxdur.

– İlk başlarda bacınız sizin müğənni olmağınıza qarşı çıxırdı. Demişdi ki, bizim işimiz elədir ki, aylarla çalışmırıq. İstəyirəm qardaşım biznesmen olsun. Mən onları böyütmüşəm, oğlum da səhəri gün yığıb deyəndə ki, dayı, mənə filan şeyi al, qardaşım "Bu ay işimiz olmayıb, hələ gözlə” deməsin... Necə oldu ki, fikirləri dəyişdi?

– Elə bilirdi ki, musiqiyə futbol kimi hobbi olaraq yanaşıram. Onun düşüncəsinə sayğım var. Bu işi bilən biridir. Mənim də necə inadçı olduğumu bilir. Düz deyir, bir gün toy olur, bir gün olmur. İstəyirəm, öz işim, biznesim olsun. Amma bu işi də davam etdirəcəm.

– Röyanın qardaşı olmaq necə hissdir? Ağırlığı və qürurverici tərəfi nələrdir?

– Bacımla qürur duyuram. Etdiyi hər şey ailəmizin uğurlarıdır. Hər kəs sənə hörmət edir, sənə qarşı maraq daha çox olur. Pis bir tərəfi yoxdur. Qardaşı olaraq hər şeyə diqqət etməliyəm. Etdiyim hər xəta həm ailəmə, həm bacıma toxuna bilər. Bacın ulduzdur, hər kəsin gözü önündədir. Elə şeylər etməlisən ki, onun başı yerə əyilməsin.

– Ayxanla əkizsiniz. Fərqli cəhətləriniz nələrdir?

– Ayxanın başı bir az dumanlıdır. Tərbiyəlidir, ancaq bəzi şeylərə məsuliyyətsiz yanaşır. Mənə sual veriləndə, nə cavab verəcəyim barədə düşünürəm. Ailəmizdə hər kəsin haqları eynidir. Ancaq Ayxan mənə görə daha çılğındır. O, universitetdə menecmentlik oxuyub, əsgərdən gəlsin, görək, hansı işlə məşğul olacaq (gülür).

– Bir neçə ildir səhnələrə çıxırsınız. İstədiyiniz qədər qazana bilirsiniz?

– Yaxşı pul qazanmaq üçün tanınmaq lazımdır. Qazandıqlarımla evə kiçik yardımlar edirəm. Bu mövzuda yanımızda olan bacımdır. İnşallah, mən də gələcəkdə bütün bunların qarşılığını verməyə çalışacam.

Yaratdığı şəraitə görə "Enjoy Lounge"a təşəkkür edirik.

 Sfera.az

XƏBƏR LENTİ