Rüstəm İbrahimbəyovun mənəvi iflası - “Qafqaz üçlüyü”

Rüstəm İbrahimbəyovun mənəvi iflası - “Qafqaz üçlüyü”
Bildiyiniz kimi Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan, ermənilərin isə alicənab, sülhsevər kimi təqdim edildiyi "Qafqaz üçlüyü” filmi Azərbaycan ictimaiyyəti, o cümlədən tanınmış Azərbaycan ziyalıları, incəsənət xadimləri, rəsmi şəxslər tərəfindən etirazla, qəzəblə qarşılanmış və öz xalqını,vətənini sevən bütün azərbaycanlılıar tərəfindən kəskin tənqid olunur.
 
Ümumiyyətlə, son günlər bu mövzu mətbuatın da gündəmindən düşməyən mövzularından biridir ki, bu da Azərbaycan xalqının heysiyyatına toxunan bu cür sifarişli və həqiqəti əks etdirməyən filmlərə haqlı və təbii reaksiyadır. Təbii ki, başqa cür ola da bilməzdi. Filmin proloqunda uşaqlar qayadan suya tullanırlar. Onlardan biri – ən qoçağı qorxaq dostunu ürəkləndirir. Az sonra məlum olur ki, bu qorxaq azərbaycanlı, qoçaq, həm də filmin baş qəhrəmanı isə Bakı ermənisidir… Ən dəhşətlisi odur ki, reallığı qətiyyən əks etdirməyən bu filmin müəllifləri heç də erməni kinematoqrafçıları deyil; filmin ssenari müəllifi və prodüserlərindən biri , "məşhur yazıçı”, azərbaycanlı Rüstəm İbrahimbəyovdur.
 
2015-ci ildə çəkilən bu dırnaqarası filmin rejissorlarından biri Eldar Şengelaya ilə yanaşı Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyovdur, filmdəki rollardan birini isə Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova oynayır. Necə deyərlər, Azərbaycan xalqına qarşı bu təhqirdə, xəyanətdə az qala ailəvi iştirak edilib.
 
İnsan nə qədər sırtıq, vicdansız olmalıdır ki, doğulduğu, yaşadığı, çörəyini yediyi vətənini, mənsub olduğu xalqı aşağılamağa çalışsın.
 
Təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alıb. Görünür, heç bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib.
 
Qeyd edildiyi kimi, müəllif filmdə ciddi cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur.
 
Tanınmış kinorejissor Ayaz Salayev bu bədnam film haqqında tamamilə düzgün olaraq bildirir ki, "rejissor bu başdansovdu, açıq-aydın xaltura tipli işində öz qarşısına heç bir yaradıcı vəzifə qoymayıb, Puşkinin duel tapançası tipli operetta yaradıb”.
 
Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu film kinematoqrafiya, sənət əsəri, yaradıcılıq baxımdan da olduqca zəifdir və deyildiyi kimi daha çox ideoloji silaha hesablanıb. ”Eynəksiz” də bəsit film olması görünən film, hiss olunur siyasi sifarişə hesablanmış və mənsub olduğu xalqı aşağılamaq hesabına böyük pul qazanmaq üçün çəkilən filmdir.
 
Müsahibələrinin birində özünü "elita”,”ziyalı”,”aristokrat” sayan "Oskar” "mükafatçısı” Rüstəm İbrahimbəyov deyib ki, "Qafqaz üçlüyü” filminin əsasında guya real hadisə durur. Amma , birincisi, bu daha çox özünü sığortalamaq məqsədilə deyilən fikirdir, ikincisi isə doğrudanmı hər hansı bir ssenarist bir insan kimi normalda istəməz ki, öz xalqını, özü də böyük mədəniyyətə, böyük tarixə malik olan, böyük şəxsiyyətlər, qəhrəmanlar yetişdirən xalqı layiq olduğu müsbət tərəfdən tərənnüm etsin?!
 
Bu səbəblərdən biz də "Qafqaz Region”çular olaraq Azərbaycan xalqını mənfi obrazda göstərmək niyyətinə, bəd, mənfur əməlinə görə filmin yaradıcılarına , ələlxüsus filmin çəkilməsinin əsas təşəbbüskarı Rüstəm İbrahimbəyova öz etirazımızı bildiririk və Azərbaycanı sevən hər bir insanı vətəndaşlıq mövqeyini bildirməyə, məsələni ictimailəşdirməyə çağırırıq.
 
Təsəvvür edin ki, öz xalqına bu cür antipatiya bəsləyən nankor adam bir zamanlar Milli Şuranın prezidentliyə vahid namizədi olub.Və təsəvvür edin, Allah eləməsin, möcüzə baş versəydi -o prezident seçilsəydi görün Azərbaycanı nələr gözləyə bilərdi…
 
Bundan başqa bildiyimizə görə, ölkə mətbuatında da bu barədə məlumat gedib ki, Rüstəm İbrahimbəyovun Azərbaycanda vəzifə daşıyan qohumları var və düşünürük ki, onlar mətbuata çıxıb bu insanla qohumluq bağlılığından imtina etməlidirlər.
 
Sevimli xalq artistimiz Nurəddin Mehdixanlı bu filmə münasibət bildirdiyi müsahibəsində haqlı olaraq bildirir ki:”İstənilən mövzu barədə əsər də yazmaq olar, film də çəkmək olar. Amma bu, milləti aşağılamadan, təhqir etmədən olmalıdır. Heç bir böyük istedada icazə verilmir ki, milləti aşağılasın, tarixi faktları təhrif eləyib öz fantaziyasına uyğun film çəksin. Bu sənət nümunəsi deyil, qərəzdir! Yüz illərdir ermənilər rus imperializminin kölgəsində gizlənərək Azərbaycan xalqına qarşı cinayətlər törədirlər. Torpağı işğal olunan biz, soyqırıma məruz qalan biz, 20 faiz doğma torpağı bu gün də erməni əlində olan biz, amma günahsız göstərilən ermənidir”.
 
İctimaiyyət də, xalq da, olan-qalan az-maz nüfuzunu da itirən Rüstəm İbrahimbəyovun, Bakıda görüşməsələr də xaricdə onunla bir yerdə oturub dövlətə qarşı gələcək planlarını müzakirə edə bilən məmur qohumlarını tanımalıdır.
 
Onun Bakıda olan məmur qohumlarının bir çoxu üzdə bunu bildirməsələr də, qəlbən İbrahimbəyovla birlikdədirlər, ona dəstək verirlər. Bütün bu qohumçuluq və bağlılıqlara aydınlıq gətirilməlidir ki, kimin-kim olduğunu cəmiyyət də bilsin.
 
Sonda isə görkəmli Azərbaycan şairi Abbas Səhhətin elə Rüstəm İbrahimbəyov kimilər haqda dediyi sözlər lap yerinə düşər: Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir. Vətənin sevməyən insan olmaz, Olsa da o şəxsdə vicdan olmaz!
 
"Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlu
 
"Qafqaz Xəbər” qəzeti

OXŞAR XƏBƏRLƏR