“Rus turistlərini Bakı çimərliklərinə cəlb edə bilərdik, amma yatırıq...” - İTTİHAM

“Rus turistlərini Bakı çimərliklərinə cəlb edə bilərdik, amma yatırıq...” - İTTİHAM
 

"Bilgə, Zaqulba, Mərdəkan tərəfdəki çimərliklər çimərlik sezonu üçün lazım olan kriteriyalara müəyyən dərəcədə cavab verir. Hövsan, Türkan, Şıx çimərliklərində isə müəyyən problemlər var”.


Sfera.az-a açıqlamasında bu sözləri çimərlik fəslinin başlanması fonunda istirahət üçün hansı zonalara getməyin daha məqbul olmasına münasibət bildirərkən turizm üzrə ekspert Müzəffər Ağakərimov deyib.


Həmsöhbətimiz çimərliyə daxil olmağın pullu olmasına da etiraz etdi:"Burada həmin məsələ problem olaraq qalır. Çimərliyə daxil olmaq pulludur, ancaq pulsuz olmalıdır. Həmin məsələnin həlli vacibdir. Yalnız çimərlikdə göstərilən əlavə xidmətlər pullu olmalıdır. Turizmin inkişafında bilirsiniz ki, çimərlik turizmi mühüm rola malikdir. İnsanlar istirahətə çıxarkən bir çox ölkələri məhz çimərlik turizminə görə seçirlər. Azərbaycanda "2017-2020-ci illərdə çimərlik turizminin inkişafına dair” prezident sərəncamı olsa da, təəssüf ki, turizm qurumların həmin sərəncamdan irəli gələn məsələləri həll etmirlər. Çimərlik turizminin inkişafı üçün mütləq çimərlik zonaları sanitar-gigiyenik qaydalara əməl etməli, təhlükəsizlik məsələləri təmin edilməlidir”.


M. Ağakərimov onu da bildirdi ki, Gürcüstana yolları bağlanan rus turistlərini Azərbaycana yönəltməyi bacarmalıyıq: "Yadınıza salım ki, Türkiyədəki məlum hadisələrdən sonra əvvəllər ora axışan Rusiya turistləri digər regionlara üz tutmağa başladılar. Hazırda isə Tiflislə Moskva arasında yaranan gərginlik nəticəsində 1,7 milyon rus turisti aviaxətlərin bağlanması səbəbindən artıq Gürcüstana gedə bilməyəcək. Məhz həmin rus turistlərini çimərlik turizmilə əlaqədar olaraq Azərbaycana yönəltmək olardı. Ancaq bunun üçün turizm qurumlarının əvvəlcədən proqnozlaşdırma-planlaşdırma aparması vacib idi. Amma bizlər çevik hərəkətlər edə bilmir, yatır və yalnız sonda hər şey bitəndən sonra birdən oyanırıq. Çimərlik turizminin inkişafı üçün mavi bayraq məsələsinə keçməliyik. Mavi bayraq çimərliyin təhlükəsiz olmasını, sanitar qaydalara riayət olunduğunu göstərir. Azərbaycanda da bu mənada mavi bayraq məsələsi inkişaf edərsə, onda ölkəmizə daha çox turist gələr”.

 

Qeyd edək ki, artıq Azərbaycanda çimərlik turizminə start verilib. Ancaq çimərlik turizmilə bağlı əksər turist obyektləri həmin dövrə demək olar ki, hazır deyillər.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR