Rəsulzadənin kölgəsində gizlətdikləri oyun, yaxud müxalifətin yenidən dəfni

Rəsulzadənin kölgəsində gizlətdikləri oyun, yaxud müxalifətin yenidən dəfni
 Cümhuriyyətin 101-ci ildönümündə bütün dünya müstəqil Azərbaycandan danışdı. Bakıda Avroliqanın final oyunu keçirildi və 1 milyarddan artıq insan Azərbaycan paytaxtında keçirilən bu oyunu izlədi, bununla həm də Azərbaycan dünyanın əsas gündəminə çevrildi. Bu, siyasi və iqtisadi qazanc, o cümlədən nüfuzun güclənməsi baxımından bir ölkə üçün təsəvvüredilməz uğurdur və ən diqqətçəkən məqam bunun Cümhuriyyətimizin 101-ci ildönümündə həyata keçirilməsidir. Bunun fonunda ötən il – Cümhuriyyətin 100-ci ildönümündə baş verənləri yenidən xatırlamaq zərurəti yaranır: Azərbaycan Ordusu Günnüt əməliyyatı  ilə işğal altındakı ərazilərin 11 min hektarını azad etdi. Bu tarix təsadüfi deyil, əməliyyat mayın 20-də başlamış, 27 mayda başa çatdırılmışdı və 28 mayda – Cümhuriyyətin 100-ci ildönümü günü Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda dalğalanırdı. Lakin əməliyyatla bağlı informasiya təxminən bir ay sonra ictimaiyyətə açıqlandı. Bu o demək idi ki, Ali Baş Komandan üçün nəticə əsasdır, qazanılan nəticələr üzərindən kampaniyaların aparılması yox…

Bu il Cümhuriyyətin 101-ci ildönümündə Prezident İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbul keçirdi. Dövlət başçısı 101 il öncə Azərbaycan Demokratik Respublikasını yaradanların xatirəsini andı və rəhbəri olduğu dövrdə əldə etdiyimiz nəticələrdən danışdı. Bu həm xalqa hesabat, həm də atalarımızın qurduğu Cümhuriyyətin ənənələrinə sadiqlik nümayişi idi. Mayın 29-da UEFA-nın final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi və Azərbaycan adlı məmləkətin dünyanın əsas gündəminə çevrilməsi də elə Cümhuriyyətin 101-ci ildönümünə ən böyük hədiyyə idi.  

Cümhuriyyəti quranlar bu gələcəyi arzulayırdı və bu gün Azərbaycan həmin gələcəyi yaşayır: demokratik, güclü, dünyanın qəbul etdiyi müstəqil respublika.

Bu respublika hər birimizindir, fikrindən, mövqeyindən asılı olmayaraq, hər kəsin bu torpaqlarda yaşamaq haqqı var. Hərçənd, yaşadığı torpağın haqqını verməyənlər, əksinə, üzərində gəzdiyi torpağa qarşı çıxanlar, bu və ya digər formada onu "əzmək” istəyənlərin yanında yer alanlar da var.

Yenidən 28 may tarixinə diqqət edək, 101 il öncə Cümhuriyyətin ən böyük problemi təkcə xarici təhdidlər deyildi, həm də daxildə bu təhdidlərə dəstək verənlər idi. 101 il sonra da Azərbaycanın ən böyük bəlası təkcə xarici düşmənlər yox, daxildə siyasi ambisiyalar uğruna buna dəstək verənlərdir. 101 il öncə bolşevizm, menşevizm idealogiyasına bürünən və bu yolla hakimiyyəti ələ keçirmək istəyənlər müstəqil Azərbaycanı öz ambisiyalarına satdılar, 101 il sonra hələ də siyasi ambisiyaları uğruna bu ölkəyə qarşı çıxanlar var. Ən pisi də odur ki, onlar bu ölkənin dəyərlərinə, Cümhuriyyət ideyalarına istinadən bunu edirlər. 

Baş verənləri anlamaq üçün mayın 28-də – Azərbaycanın bütün düyanın diqqət mərkəzində olduğu, dünya futblunun Bakıda nəfəs aldığı bir vaxtda yaşananlara diqqət etmək lazımdır.

Milli Şura Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi önünə toplaşdı. Şuranın de-fakto dikratoru olan AXCP sədri Əli Kərimlinin iddialarının əksinə olaraq, orada "minlər” yox, cəmi bir neçə yüz iştirakçı var idi, hətta fototexnologiyadan yararlanmaq cəhdi belə istədikləri "izdiham görüntüsü”nü yaratmadı. Çünki ölkədəki gerçək izdiham Cümhuriyyətin 101-ci ildönümünü qeyd edir, bütün dünyanın danışdığı futbol bayramını yaşayırdı. Ölkədəki izdiham Prezidenti qarşılayır, onunla görüşür, onun arxasınca yürüyürdü. Bu izdiham müxalifəti 26 il öncə unutdu, bu gün ikincilər özlərini nə qədər yada salmağa çalışsalar belə xatırlamır. 

Unudulmuşların dəfni: Rəsulzadənin abidəsi önünə toplaşan müxalifətin mənzərəsi onlar haqqında bu fikri yaradır. Əksəriyyətini qohumluq əlaqələri bağlayan bir neçə yüz insan toplaşıb, Əli Kərimli onların önündə çıxış edir və "xalqım” deyə hayqırır, danışırlar, sonra da evlərinə dağılışırlar. Hər il olduğu kimi müxalifət bununla özünü yenə Rəsulzadənin önündə dəfn etdi və dəfn mərasimi hələ davam edəcək. Çünki bu, siyasi mübarizə, yaxud alternativ qüvvənin ortaya çıxması demək deyil, bu, özünü siyasi lider adlandıran bir neçə nəfərin sosial şəbəkədə status paylaşmasına əsas yaratmaq addımıdır.

Əli Kərimlinin 28 maydan indiyə kimi yazdığı statuslara baxanda bunu aydın görmək olar.

"Yürüşümüzə polis müdaxiləsi belə bayram ovqatımızı pozmadı, Minlərlə Azərbaycan sevdalısı Cümhuriyyət və İstiqlal bayramımızı Rəsulzadənin abidəsi önündə böyük coşqu ilə qeyd etdi”, "Cümhuriyyət bayramındakı bu çıxışımı önləmək üçün 4 dəfə elektriki kəsdilər. Hər dəfə yalnız minlərlə insanın ardıcıl sәslәndirdiyi "İstefa!” şüarından sonra məcbur olub mikrafonu açdılar” və sair və ilaxır… Və belə görünür ki, bütün bu həngamə onun "Facebook”da status yazmağı üçün mövzu yaratmaqdır.

Lakin Rəsulzadənin kölgəsində aparılan oyunun kökləri daha dərinə gedir. Günlərdir erməni oyunçu Mxitaryan üzərindən kampaniya hazırlayıb Azərbaycana qarşı istifadə edirlər və bu hücumun arxasında erməni lobbisinin olduğu artıq şübhəsizdir. Hədəf UEFA finalının Bakıda keçirilməsinin qarşısını almaq və Azərbaycanı bu futbol bayramından əldə edəcəyi dividentləri məhrum etmək, bu alınmasa, ən azı dünyanın diqqətinin Bakıya yönəldiyi vaxt Azərbaycanı ləkələmək idi. Erməni lobbisi bu prosesə Mxitaryandan tutmuş, "insan haqlarının müdafiəçiləri” altında gizlənən təşkilatlara qədər bir çox resursunu daxil etmişdi. Azərbaycan Mxitaryanın qondarma iddialarının yalan olduğunu sübut etməyə çalışdığı vaxt, Əli Kərimli Rəsulzadənin önündə ölkədə təhlükəsizliyin olmaması kimi eyni məzmunlu iddiaları sıralayırdı. Burada erməni lobbisinin hədəfi ilə daxildəki qüvvələrin hədəfi arasında əsas ortaq nöqtə məhz UEFA finalının Bakıda keçirilməsi idi.

Ermənilər də Bakıya olan diqqətdən istifadə etməyə çalışdı, Milli Şura da… Lakin hər iki qüvvə iflasa uğradı. Mxitaryanlar Azərbaycanın gücü qarşısında məğlub oldu, müxalifət adına bürünənlərsə xalqın laqeydliyi ilə fiaskoya uğradılar. Çünki Rəsulzadənin kölgəsində gizlətməyə çalışdıqları oyunlardan artıq hər kəsin xəbəri var.

Hər kəsin ondan da xəbəri var ki, Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz” dediyi o üçrəngli bayrağı dünyanın bütün güşələrində dalğalandıran, Rəsulzadənin abidəsi önündə şou düzəldənlərin hakimiyyəti dövründə işğal edilən əraziləri illər sonra düşmən tapdağından azad edib, üçrəngli bayrağı ora sancanlar kimlərdir, polislə qarşıdurma yaradıb, o bayrağın yerə düşməsinə səbəb olan, sonra bunun üzərindən siyasi kampaniya aparanlar kim. Bu ölkədə Cümhuriyyətçiliyi davam etdirənlər də bəllidir, cümhuriyyətçilikdən yararlanmağa çalışanlar da…

Asif Nərimanlı

OXŞAR XƏBƏRLƏR