Müsahİbə

Respublika birincisi olan sumqayıtlı tələbə: "İmtahana girəndə düşünürdüm ki..."

Respublika birincisi olan sumqayıtlı tələbə:
 

Bu gün "Qonaq otağı"nda Ali Məktəblərə qəbul imtahanında topladığı 694 balla Respublika birinciliyini qazanıb Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisasına dövlət sifarişli yerə qəbul olan Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Təmayüllü Liseyin məzunu Məhəmməd Ağamalıyevdir.

 

Məlumat üçün deyək ki, Məhəmmədin əkiz qardaşı Əli də abituriyentdir və o da IV qrup üzrə imtahan verərək 676 ballıq nəticə göstərib



- Respublika üzrə birinci yeri tutmaq necə bir duyğudur?

-Düzünu deyim ki, "Sumqayıt" FK məni çağırıb öz hədiyyələrini verənədək mən qazandığım uğuru elə də önəmsəmirdim, əhəmiyyət vermirdim. İndi-indi qazandğım nailliyəti dərk edib sevinməyə başlamışam.

 

- Doğrudur, siz 694 balla bu gün Respublika birincisisiniz. Bəs sizə 700 balı yığmağa nə əngəl oldu?

-Mən Kimyadan 34-cü sualı köçürəndə stresdə oldum. Sən demə, bilmədən 35-ci sualın cavabını 34-cü suala köçürmüşəm. Yəni mən belə bir kiçik yanlışa görə 700 baldan qaldım. Neçə gündür ki, fikrim ancaq burada idi ki, mən niyə beləçaşqınlığa yol verdim.  Ancaq artıq bunlara elə dəönəm vermirəm. Çünki bu dəqiqədən sonra   bunları düşünməyə dəyməz. Hər şey keçmişdə qaldı.

 

- Yüksək bal toplamaq üçün gün ərzində nə qədər çalışmaq gərəkdir? Ümumiyətlə, abituriyent dönəmində gündəlik vaxtınızı necə bölürdünüz?

-Əksər abituriyentlər deyir ki, biz 9-10-11-ci siniflərdə daha yaxşı oxuyacağıq, təkrar edəcəyik. Belə deyək, elə düşünən şagirdlər buna inanırlarsa ki, üç ilin içində bu qədər materialı oxuyub öyrənəcəklər, olmaz ki, elə vaxtında öyrənsinlər?! Və həmin ağır abituriyent vaxtlarında da bu qədər fənni yenidən öyrənməyə yox, sadəcə təkrarlamağa sərf etsinlər? Çünki mən elə etmişdim. Ona görə, məndə əvvəlki siniflərdə keçdiklərimizi təkrarlamaqda sıxıntı olmadı. Və gücümün çoxunu 11-ci sinifdə keçdiyimiz materiala sərf etdim. Yəni, düzgün planlama ilə mənim yetərincə boş vaxtlarım olurdu. Həmin boş vaxtlarda da kompüteri açıb məşğul olurdum, hətta telefona ayırmağa vaxtım olurdu. Günü bölməyə gəldikdə isə hər gün saat 3-dən 7-ə kimi hazırlıqda olurdum, çox vaxt saat 8-də evə çatırdım. Telefonla oynaya-oynaya saat 10-a işləmişə qədər yemək yeyirdim. Yeməkdən sonra saat 12-ə kimi isə dərslərimi oxuyurdum. Heç vaxt bu saatdan sonraya qalmırdım. Saat 12-də isə dərslərimi bitirib yatmağa gedirdim.
 

- Qazandığınız bu uğurda bitirdiyiniz məktəbin rolu nə qədərdir?

-Məktəbdən də, şagirddən də çox şey asılıdır. Mənim məktəbim isə mənə bu səviyyəyə çatmaqda çox kömək edib. Fizikadan qanunları daha yaxşı qavramaq üçün müəllimimiz bizə onları əyani göstərirdi, Kimyadan reaksiyaları əyani edirdik və daha yaxşı başa düşürdük, Biologiya dərsində maketlər üzərində işləyirdik, təhlil aparırdıq, yəni bir sözlə, həm də elmin praktik tərəfləri ilə tanış olurduq.  Bütün bunların hamısı əzbərçiliyin qarşısını alırdı. Elmdə də əsas odur ki, əzbərçi olmayasan, oxuduğunu gərək əzbərləməyəsən, sadəcə, başa düşəsən və yadda saxlayasan.

 

- "Məktəb + valideyn + şagird" belə bir mexanizm var. Yəni, səncə, bu düsturla birgə çalışdıqda yoxsa şagird özü sərbəst işlədikdə yaxşı nəticə alınır?

-Məktəbin rolu odur ki, mövzunu uşaq üçün çeynəyib asanlaşdırsın, valideynin rolu odur ki, mövzunu udmaqda kömək etsin. Belədə şagird daha yaxşı nəticə qazanar. Burdan valideynlərə səslənmək istəyirəm. Demək istəyirəm ki, həmişə balalarının yanında olsunlar, onları dəstəkləsinlər, güc aşılasınlar. Təkcə maddiyyatdan söhbət getmir. Valideynlər qrafiklərində övladlarına da yer ayırmalı, onlara vaxt ayırmalı,  təhsilləri ilə maraqlanmalıdırlar. Hər şeyi uşağın üstünə atıb "get, oxu" deməklə olmur.

 

- Yüksək bal toplamaq müəllimdən asılıdır, yoxsa abituriyentdən?

- Müəllimin rolu ondadır ki, dərsi uşağa başa salsın, abituriyentin də vəzifəsi onu anlamaqdır. Müəllim nə qədər güclü olsa da abituriyentdən də çox  şey asılıdır. Hər iki tərəfin də məsuliyyəti böyükdür. Ancaq düşünürəm ki, ən böyük məsuliyyət abituriyentindir, bütün ağırlığı müəllimin üzərinə atmaq düzgün deyil.

 

- Belə bir uğura imza atmaqda özünüzü ən çox kimə borclu sayırsınız?

-Özümü daha çox valideynlərimə borclu sayıram. Lap çox da anama. Çünki onun işləri nə qədər çox olur olsun, mən hansısa mövzunu anlamayanda mənə onları başa düşməkdə kömək edirdi. Elə olurdu ki, gecə məni oyadıb hansısa zəif bildiyimi düşündüyü mövzunu soruşurdu. Atamın da rolu əvəzsizdir. O da həmişəmənə köməklik edib. Anamdan daha məşğul adam olduğu üçün onun köməyi nisbətən az olub, ancaq bununla belə, həmişə mənimlə maraqlanıb.

 

- Tələbəlik illəri üçün, sabah üçün həyatda hansı planlar qurmusunuz?

-Plan deyəndə ki, mənim bu gün üçün ən böyük hədəfim prezident təqaüdünü əlimdə saxlamaq istəyimdir. Bundan əlavə, mənim öz YouTube kanalım var. Kanalımı tələbəlik dövründə daha da inkişaf etdirmək istəyirəm. Tanınmış YouTuber olmaq mənim ən böyük xəyallarımdan biridir. Çalışacam tələbəlik dövründə bu xəyalıma da çatım. Universiteti bitirdikdən sonra isə təhsilimi əcnəbi ölkələrdə davam etdirmək kimi bir planım var. Xaricdə oxuduqdan sonra isə yəqin ki, yurdumuza qayıdacam. Ancaq orada və ya öz ölkəmizdə- harada yaşayıramsa, yaşayım həmişə çalışacam ki, millətimizə, Azərbaycana xeyirli, faydalı biri olum.

 

- Gələcəkdə getmək planınızın olduğunu dediniz. Bəs nə üçün elə indidən xarici universitetə sənəd vermədiniz? Özünüzü yoxlamadınız?

- Mənim valideynlərim də həkimdir, onlar mənə məsləhət verdilər ki, hər tərəfdə təhsilin, ələlxüsus da tibbi təhsilin ilk 6 ili təxminən eynidir. Bir fərq var ki, əcnəbi ölkədə sizi oxumağa vadar edirlər, burada isə hər şey sizin özünüzdən asılıdır. Ona görə də başqa ölkəyə getmək mənə ağır olardı. Çünki oraya mənlə heç kim gedə bilmirdi, açığı, təkbaşına getmək də özüm üçün çətin idi. Həm də ki, əgər eyni təhsildirsə, mən orta məktəbi bitirdikdən dərhal sonra niyə getməliyəm? Qoy elə ilk 6 ildəki təhsilimi burada alım, daha da inkişaf edim, daha yetkin olum, sonradan gedərəm.

 

- Universitetin ağır dərsləri, hər semestr 7-8 çətin, ağır imtahan sizi qorxutmur? Nəzərə alaq ki, bu gün bizim məktəblərdə sinifdən sinfə keçmək üçün imtahanlar yoxdur. Orada isə siz həddindən artıq çox və ağır imtahanla qarşılaşacaqsınız.

-Düzünü desəm, bütün bunlar məni qorxudur. Ancaq əsas özünə inamdır. Mən də ki, dərslər nə qədər çətin olur olsun, onların öhdəsindən gələ biləcəyimə inanıram. Əgər mən orta məktəbdə bir çox şagirdin öyrənməkdə çətinlik çəkdiyi və hətta öyrənə bilmədiyi düstur, reaksiya, tərifləri asanlıqla öyrənib başa düşürəmsə, demək ki, oradakı dərslərin də öhdəsindən gələcəm. Mən daha çox boş vaxtımın az olacağına görə təəssüflənirəm.

 

- İstədiyiniz fakültəyə qəbul oldunuz? Yoxsa ağlınızda başqa bir yer var idi ?

- Mənim ağlımda həmişə Tibb Universiteti olub. I qrup elədir ki, oraya çoxu Neft sənayesi üçün gedir. Neft də ki, bu gün var, ancaq sabah olar ya yox, həmin sənayenin taleyi necə olar, bilinmir. II və III qrupda ən əsas humanitar fənlərdir ki, mən onlarda elə də güclü deyiləm. Qardaşımla seçimimizdə valideynlərimizin də rolu oldu. Onlar həmişə deyir ki, tibb elə bir sahədir ki, insan olduqca həkimə də ehtiyac olacaq. Özü də bu sahədə onlar bizə həmişə kömək edə biləcəklər, istər dərslərdə, isərsə də üçüncü kursdan sonra ixtisaslaşmada.

 

- Uğur qazanmış abituriyent kimi fikrin maraqlıdır - abituriyentlər hansı yolla hazırlaşsınlar ki, onlar da sizin kimi uğurlu olsunlar?

- Mən həmişə yüksək bal toplayanların açıqlamalarını izləyirdim. Onlar deyirdilər ki, sosial şəbəkələrdən uzaq olmuşam, gecə-gündüz oxumuşam. Mən düşünmürəm ki, bu düstura əməl etdim. Məndə stress az idi, öz sinif yoldaşlarıma baxanda bu qənatə gəlirəm. Qabaqkı illərdən də bazam güclü olduğu üçün məndə elə də çətin abituriyent dönəmi keçmədi. Ən böyük çətinliyim 11-ci sinif materialını öyrənməyə sərf olundu. Mənim boş vaxtım çox olurdu. Adamlara mənim telefonda, sosial şəbəkələrdə olduğumu deyəndə heyrət edirdilər. Ona görə gərək özülü möhkəm qoyasan ki, sonradan çətinlik çəkməyəsən. Uşaqlarda həyəcanı azaltmaq üçün bu ifadəni də deyim. Mən imtahana girəndə düşünmürdüm ki, bu imtahan mənim taleyimi həll edir və mən imtahana imtahan gözü ilə baxmırdım. Mən deyirdim ki, bu da bir sınaq imtahanıdır, ancaq elə bir sınaq imtahanıdır ki, bunu ikinci dəfə vermək olmur. Məncə, bu iki yanaşma arasında böyük fərq var. Bir var imtahana elə yanaşırsan ki, sənin taleyin bundan asılıdır, biri də var sınaq imtahanı kimi baxırsan, ancaq ikinci dəfə girə bilməyəcəyin bir sınaq imtahanı kimi. İkinci variant insanı daha da yüngülləşdirir.

 

- KİV-in sizə göstərdiyi diqqəti necə qiymətləndirirsiniz? Belə bir diqqət gözləyirdinizmi?

- Açıq deyim ki, bu qədər diqqəti gözləmirdim. Düşünürdüm ki, deyəcəklər ki, "700 bal yığmayıb, nə olsun ki, Respublika birincisidir". Ancaq bu diqqət məni həqiqətən də heyrətə gətirdi.


 ("168 saat" qəzeti)

 

Söhbətləşdi: Səbuhi Allahverdizadə



XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031