“Rəis cinayəti ört-basdır edir” - 5 bıçaq zərbəsi aldı, amma...

“Rəis cinayəti ört-basdır edir” -  5 bıçaq zərbəsi aldı, amma...

Şamaxı polisindən ölkə rəhbərliyinə şikayət olunub. 

Müraciətdə bildirilir ki, Polis Şöbəsinin rəisi cinayət törətmiş şəxsi müdafiə edir, zərərçəkənlərin haqlarını tapdalayır.

Sfera.az AzNews.az-a istinadən xəbər verir ki, şikayətə səbəb olan hadisə iyulun 17-dən 18-nə keçən gecə Şamaxı rayonunun Məmməd Əfəndiyev küçəsində baş verib. Raqib Sarıyev adlı şəxs evə gələrkən, keçmiş qohumları olan Şamaxı rayon sakinləri - Taleh Eyvazov və Seymur Eyvazov tərəfindən saxlanılıb. Sözügedən şəxslər “Niva” markalı avtomobillə R.Sarıyevin maşının qarşısını kəsiblər. R.Sarıyev avtomobildən düşmək istəyəndə həmin şəxslər əllərindəki dəyənəklə onun başına zərbələr endirməyə başlayıb, daha sonra isə bel və kürək nahiyəsindən 5 bıçaq zərbəsi vurub, qaçıblar. 

Yaralı Şamaxı rayon xəstəxanasına çatdırılıb və xoşbəxtlikdən onu xilas etmək mümkün olub. Hadisə ilə bağlı Şamaxı rayon Polis İdarəsinə məlumat verilib. Lakin polis idarəsi cinayəti açıb, cinayəti törədənlərlə bağlı tədbir görmək əvəzinə, işi ört-basdır etməklə məşğuldurlar. 

Zərərçəkmişin atası Əmrah Sarıyevin AzNews.az-a verdiyi məlumata görə, hadisənin üstündən 1 aya yaxın vaxt keçməsinə baxmayaraq polis heç bir tədbir görməyib: 

“Hətta oğlumu yaralayan şəxslərin ifadəsi belə alınmayıb. Sonradan bildik ki, cinayəti törədənlərin polis idarəsi ilə yaxın əlaqələri var. Buna görə də işin icraatı ilə bağlı öhdələrinə düşən vəzifələri yerinə yetirmir, habelə cinayətin ört-basdır edilməsi üçün müxtəlif yollara əl atırlar. Əks halda hadisədən xeyli vaxt keçməsinə baxmayaraq işin istintaqı ilə bağlı zəruri tədbirlər həyata keçirilərdi”. 

R.Sarıyevin valideynləri məsələ ilə əlaqədar prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıblar. Onlar oğullarına qarşı soyuq silahdan istifadə edərək onu öldürmək istəyən şəxslərin barəsində ciddi tədbir görülməsini, işin Şamaxı rayon Polis İdarəsinin icraatından alınıb, müvafiq orqanlara verilməsi üçün aidiyyatı qurumlara göstəriş verilməsini istəyirlər. 

Xatırladaq ki, oxşar hadisə Bakının Suraxanı rayonunda da qeydə alınmışdı. Qaynı və qaynatası tərəfindən bıçaqlanan kürəkən Mahir Abdullayev dəfələrlə polisə şikayət etməsinə baxmayaraq, polis heç bir tədbir görməmiş və onu bıçaqlayan şəxslər həbs edilməmişdi. Lakin saytımızda məsələ ilə bağlı yazı dərc edildikdən sonra işdə təqsirkar bilinən Orxan Ağabalayevin ifadəsi alınmış və nəzarətə götürülmüşdü.


OXŞAR XƏBƏRLƏR