"Bacım heç çəkmələrini də soyunmayıbmış" - Ağcabədidəki qətlin TƏFƏRRÜATI
Ağcabədi rayonunda qətl hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb.
Rayon sakini olan 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı Üzeyir Hacıbəyov-13 ünvanında qətlə yetirilib.
Ağcabədi rayonunda ötən gecə qətlə yetirilən qadının meyiti qonşuları tərəfindən aşkarlanıb.
Mərhum Kamilə Əhmədovanın qardaşı Kamil Mehrəliyev bildirib ki, bacısının Bakıda yaşayan övladları anaları telefon zənglərinə cavab vermədiyindən qonşulara zəng edərək nigaran qaldıqlarını deyiblər: “Evə gələn qonşular qapını açıq, bacımın meyitinin dəhlizdə olduğunu görüblər. Ev qan içində olub. Bacım heç çəkmələrini də soyunmayıbmış”.
Yaxınları mərhum K. Əhmədovanın evə daxil olarkən qatil və ya qatillərlə qarşılaşdığını, onun ütü ilə başından vurularaq öldürüldüyünü ehtimal edirlər. Onlar qətlin oğurluq, qarət məqsədi ilə törədildiyini də ehtimal etmirlər. Məlumata görə, mərhumun qızılları üstündə olub.
O da bildirilib ki, K. Əhmədovanın qızı və oğlu Bakıda yaşadığı üçün o evdə tək yaşayıb. K. Əhmədovanın evində Ağcabədidə ali məktəbdə təhsil alan tələbə qızlar kirayədə qalıb. Hazırda qış tətili olduğu üçün tələbələr evdə olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.