"Ailəsi Hətəmpaşanı ölənədək kişi bilirdi" - TƏFƏRRÜAT - FOTO

"Ailəsi Hətəmpaşanı ölənədək kişi bilirdi" -  TƏFƏRRÜAT - FOTO

Telefonuma zəng gəlir. Telefonun ekranında “Roma” yazılıb.

İnsan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatda işlədiyim vaxt tanış olduğum Roma zəng edir:

— Buyur, Roma.

— Salam. Necəsən canım. Roma yox, Kristina. Mən indi Kristinayam. Görüşmək istəyirəm. Öldürülən Ayla mənim rəfiqəmdir. Çox şeyi bilmirsən. Axı, niyə onun “morqdan” şəkillərini sayta yerləşdirmisiniz? Ailəsi onu Hətəmpaşa kimi tanıyır. Onu Hətəmpaşa kimi də dəfn edəcəkdilər. Siz jurnalistlər imkan vermədiniz. Görüşüb danışmalıyıq.

Tərəddüdsüz görüşürəm. Həyatında homoseksual, transseksual görmədən onlardan xəyali müsahibə alan jurnalistlər oxucunu, cəmiyyəti bu sahədə istədiyi kimi yönləndirib. İllər boyu mövzunu, problemi bilmədən onları cəmiyyətdən kəsib atmağa çalışıb. Əksinə, nəticədə reklam alınıb.

Kristina ilə kafedə görüşürük. Solyaridən yeni çıxmış dərisi, açıq sinəsi, rəngli makiyajı ətrafın diqqətini çəkir. Köhnə və yeni tanışlar kimi görüşürük. Mən onu yaraşıqlı, cüssəli oğlan kimi tanımışdım. İndi isə qarşımda transseksual əyləşib.

Aylanı kim öldürdü?

“Aylanın ən yaxını mən idim. Qızıl insan idi. Kasıba, yetimə əl tuturdu. Onun öldürülməyinə təəccüb eləmirəm. İt-pişiyi öldürsələr, kimsə narahat olar, amma trans öldürülsə heç kimin vecinə də olmaz. Çünki, biz heç kimik. Adamlar bizi insan hesab etmir. Hamı fahişə gözündə görür. Hara getsək, hamı bizə baxır. İş verən yox, pulu haradan qazanaq? Gücümüz bədənimizə çatır. Su qabı suda sınır. Hamımız bir cür məhv oluruq. Cəmiyyətdən kənar düşmüşük. “

Çoxları bilmir. Ancaq bir neçə ildir ki, Bakıda yalnız transseksualların, geylərin istifadəsində olan gecə klubları, barlar, gözəllik salonları var. Lezbiyanlar isə çox qapalı hərəkət etdikləri üçün onlara qaynayıb qarışmır.

Geylərin, transların getdiyi gözəllik salonlarında qiymətlər digərləri ilə müqayisədə bahadır. Bu da əlacsızlıqdandır. Çünki onlar adi salonlara gedə bilmirlər. Münasibət birmənalı deyil. Həm də, salon administratorları keçə biləcək xəstəlikləri nəzərə alıb başını cəncələ soxmaq istəmir. Bu salonların sahibləri də, müştəriləri də elə özləridir.

Kristina söhbətinə davam edir:

“ Aylaya işgəncə vermişdilər. Onlar çoxdanın tanışı idilər. Saytlar sevgilisi yazır. Tez-tez görüşdüyü adam idi. Ayla Bakıda öldürülən nə ilk, nə də son transseksualdır. İşgəncə ilə öldürülən xeyli trans var. Bir tanışımın gözləri çıxarılmışdı, başqa birinin isə bağırsağını çıxarıb boynuna dolamışdılar. Hər gün bir həmcinsimin öldürülüdüyünü eşidirəm. Oturub ölümümüzü gözləyirik. Bizim bir çöp qədər dəyərimiz yoxdur. Kimsəyə lazım deyilik. Özümü izolyasiya olunmuş varlıq hesab edirəm. Cinsiyyət seçimi olmur. Biz xəstə və ya əlil deyilik. Əyləncə, iş haqqımız yoxdur.

— Bəs necə dolanırsan? Nə yeyib-içirsən? Məsələn, mən maddi vəziyyəti pis olan transseksual, gey tanımıram. Cins seçilmir. Amma trans və ya gey olandan sonra kişi olanda məşğul olduqları işlə kimsə məşğul olmur axı…

— İstanbula köçmüşəm. Orada da başıma gəlməyən qalmadı. İstanbulda Bakı ilə müqayisədə daha rahatdır. Taksim bizim ixtiyarımızdadır. Geylərə, translara dəyib-dolaşan yoxdur. Başqa vətəndaşlar necə, biz də elə. Kiməsə bağlı olmasan, yaşaya bilməzsən. O kimsə sənin arxan, köməyin olur. Yoxsa sənə İstanbulu dar edərlər.

— Nə edərlər? Belə çıxır ki, mütləq “komanda” şəklində gəzməlisiniz?

— Nəinki hər barın, gecə klubunun, hətta hər tinin də sahibi var. “Müştəri” baxmır, kimsən, nəçisən. Etiraz etsən, zorlayır, döyür, öldürür. Konkret adamların nəzarətində olanda isə buna cəsarət edən az olur. Dəfələrlə məni qadın bilib qaçıranlar olub.

— İslanmışın yağışdan qorxusu nədir ki? Qaçırıb nə edirdilər?

— İstanbulda Tarlabaşı deyilən ərazi var. Bura cəmiyyətin istəmədiyi insanların məskənidir. Atılmışlar, geylər, translar, əlillər… Polis də risk edib ora girə bilmir. Birdən küçəni səhv salıb Tarlabaşına dönənlər olur. Müştəri adı ilə aldadırlar. Biri söhbətə tutur. O biri qəfildən bıçağı, şüşə parçasını qarnına keçirir. Buna görə isə kimsə həbs edilmir. Soyğunçuluq da çox yayılıb. Üstündə nə qədər pula gedən şey varsa, dartıb aparırlar. Etiraz etmək fikri olanın isə sonu ölümdür. Arxayındırlar ki, transın hansısa qohumu ona görə polisə müraciət etməyəcək, ardınca kimsə ağlamayacaq.

— Dünyada öldürülənlər yalnız gey və transseksuallar deyil axı… Gündə neçə qadın, uşaq, kişi öldürülür. Xüsusi diqqət də ayrı-seçkilik deyil? Siz axı nə istəyirsiniz?

— İş istəyirəm. Qorxa-qorxa yaşamaqdan bezmişəm. Bizi hamının işlədiyi idarələrdə görmək istəmirlərsə, ancaq bizim işləyə biləcəyimiz yerlər də aça bilərlər. Biz də insanıq. Tutaq ki, kiminsə bacarığı var, gözəllik salonunda işləyə bilir, pul qazanır. Mən uzun müddət sosial işçi kimi hüquq müdafiəsi təşkilatları ilə işləmişəm. Sosial işçi idik. Lahiyə var idi. Bizim işimiz seks işçiliyi edənlərə prezervativ paylamaqdan ibarət idi. İndi həmin lahiyələr də yox idi. O işə görə də 200 manatdan artıq maaş vermirlər. 200 manatla dolanmaq olar?!

-Deyirsən ki, Bakıda çoxlu həmcinsin öldürülüb. Bununla bağlı əlində hansı dəlillər var? Öldürülənlərin adları nədir?

-Ad deyə bilmərəm. Kimə maraqlıdırsa, araşdırsın.

— Feysbukda fotolarına baxıram. “Like” edənlərin, rəy yazanların çoxu demək olar ki, transseksual olduğunu başa düşmür.

-İndi hansı dövrdür ki, transı tanımasınlar? Ola bilər ki, bəzi şəkillərdə çox gözəl düşüm, qadın bilsinlər.

-Ətrafındakı insanlar adətən, kimlər olur?

— Özümüzünkülərdir.

-Istanbulda niyə döyülmüşdün?

— Görüş təklif ediləndə istəmirsənsə, etiraz edirsənsə döyürlər. Bir dəfə isət çox ağır yaralandım.Danışığa tutub qəfil şüşə ilə arxadan başıma vurdular.

— Aylanın dəfni necə keçdi? Ailəsi baş verənlərə necə reaksiya verdi?

-Rayonda çox hay-küy salmamağa çalışdılar. Bircə səhv onda oldu ki, onun selikonları çıxarılmadan dəfn elədilər. Ailənin ağlına gəlməzdi ki, Hətəmpaşa Ayla olub. Onlar oğlanlarını Türkiyədə bilirdilər. Ayla isə Bakıda qazandığının çoxunu ailəsinə, rayona göndərirdi. “Morqdan” foto yayılana qədər hamı onu Hətəmpaşa bilirdi.

-Cəmi bir ay əvvəl Ayla qəza törətmişdi. Onun fotoları da, şəxsiyyət vəsiqəsinin sürəti də mediada yayılmışdı.

— Ola bilər. Ölüm olmadığına görə səs-küy rayona getməmişdi.

-Cinsiyyəti dəyişmək üçün kifayət qədər pul lazımdır. Bildiyimə görə, minimum 60 min əməliyyat, əməliyyat sonrası isə hormonal dərmanların qəbulu… Bu da ayda 4-5 min deməkdir. Bu qədər pul hardandır? Bu qədər pulu qadın olmaq üçün xərcləməyə dəyərmir? Qoyulan “mayanı” çıxara bilirlərmi?

-O qədər pulu necə qazandığımızı hamı bilir. Qadın olmaq istəyi hər şeydən güclü gəlir.

-Hansı istəklərin, arzuların var? İçində daha çox qadınsan, yoxsa kişi?

-Sizi kişi etmək istəsələr, razı olarsınız? Yox. Məcburən nəsə olmur. Mənim içimdə nazlı, gözəl qadın oturub. Arzularım çoxdur. Başa düşülmək istəyirəm. İstəyirəm, insanlar öldürülməsin. Kənarlaşdırılmaq istəmirəm. Başımıza pis iş gələndə qorxudan, ümidsizlikdən, utancdan şikayət də edə bilmirik. İş istəyirik. Mədəniyyət və İncəsənət Universitetinin məzunuyam. Nə iş olsa, görərəm. Yetər ki, sağ-salamat yaşayım

Qeyd edim ki, cinsi azlıqların hüquqlarının müdafiəsi, sağlamlıqları ilə bağlı hazırda hansısa lahiyə və ya proqram həyata keçirilmir. Bir zamanlar ATƏT və SOROS-dan külli miqdarda qrant almış təşkilatlar isə bu mövzunu birdəfəlik qapadıb.

Müsahibənin ardı var.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...