Qubad İbadoğlu nə etmək istəyir? - Açıqlama

Qubad İbadoğlu nə etmək istəyir? - Açıqlama
 

Son günlər ABŞ-dan Azərbaycana qayıdan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu müxalif siyasi dairələrlə görüşlər keçirir.

İbadoğlu iyulun 20-də REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb və yaydığı məlumatda bu kimi təmasların davam edəcəyinin anonsunu verib. İyunun 23-də isə Qubad İbadoğlu AXCP sədri Əli Kərimli ilə görüşüb. Görüş barədə Q.İbadoğlu belə bir məlumat yayıb ki, AXCP sədri ilə hazırkı ictimai-siyasi və sosial-iqtisadi durumu dəyərləndirib, gözlənilən ssenarilər ətrafında fikir mübadiləsi aparıb.

 

Bir gün sonra isə ADR sədri keçmiş səhiyyə naziri Əli İnsanovla bir araya gəlib. Yaydığı xəbərdə bildirib ki, Əli İnsanovla görüş maraqlı oldu, onunla keçmişdən deyil, bu günün gerçəkliklərdən, sabahın perspektivlərindən doyunca söhbətləşib.

 

Bəs bu tipli görüşlər yeni bir birliyin, blokun yaranmasına hazırlıq sayıla bilərmi?

 

Sfera.az xəbər verir ki, Qubad İbadoğlu "Yeni Müsavat”a bildirdi ki, bu görüşlər başa çatmayıb, ona görə də nəticə barəsində danışmaq tezdir: "Bilirsiniz ki, mən bir müddətdir ölkədən kənardaydım və ölkəyə döndükdən sonra düşündüm ki, Azərbaycan siyasətində üzdə olan partiya sədrləri ilə, nüfuzlu şəxslərlə, ictimai rəy liderləri ilə görüşlər keçirim, ölkədəki həm ictimai-siyasi, həm sosial-iqtisadi vəziyyəti dəyərləndirək, həm də gələcək ssenarilərə baxaq. Gələcəkdə gözləntilərimiz baxımından, eyni zamanda dəyərləndirmələrimiz əsasında da müəyyən ssenarilər müzakirə mövzusu olub. Demokratik dəyişikliklər üçün çalışan ictimai-siyasi qüvvələrin, vətəndaş cəmiyyəti nümayəndələrinin birgə fəaliyyəti də müzakirə mövzularından biri olub”.

 

"Daha kimlərlə görüşlər nəzərdə tutulub” sualına Qubad İbadoğlu belə cavab verdi: "Mən bütün görüşlərimi açıq, şəffaf, ictimaiyyətin məlumatlandırılması əsas götürülməklə təşkilinə çalışıram və buna da nail oluram. Keçirdiyim bütün görüşlər barəsində məlumatı özüm paylaşıram. Ümumiyyətlə, mən heç bir gizli missiya həyata keçirmək və ya gizli görüşlər keçirmək niyyətində deyiləm. Bundan sonra olası görüşlər barədə məlumatları da ictimailəşdirəcəyəm. Bu barədə informasiyaları siz yəqin ki, əldə edə biləcəksiniz. Ümumiyyətlə, mən istəyirəm bu sahədə şəffaflıq olsun. Odur ki, bəri başdan açıqlamaq istəməzdim, lakin görüşlər keçirildikcə məlumatları əldə edəcəksiniz. Görüşlər barədə məlumatların heç biri ictimaiyyətdən gizli saxlanmayacaq”.

 

Onu da qeyd edək ki, Qubad İbadoğlunun ABŞ-dan gəldikdən sonra tanınmış siyasətçilərlə görüşlərə başlaması bəzi saytlarda müxtəlif iddialara yol açıb. Məsələn, publika.az saytı yazıb ki, Qubad İbadoğlu ABŞ tərəfindən üzərinə qoyulan missiyanı-qərbyönümlü müxalifət qüvvələrini birləşdirmək və hakimiyyətə qarşı vahid qüvvə halında mübarizə aparmaq tapşırığını yerinə yetirir. Sayt yazır: "ADR Hərəkatı sədri Müsavatla ”siyasi müharibə"ni başa çatdırmamış ABŞ-a köçdü. Hazırda Rutgers Universitetində çalışır və ilin çox hissəsini okeanın o tayında keçirir. Bu universitet təhsillə yanaşı, ABŞ dövlətinin tədqiqat mərkəzlərindən biri sayılır və dünya ölkələri ilə bağlı araşdırmalar aparır...

 

AXCP və REAL iqtidara qarşı barışmaz mövqedə dayanıblar və hakimiyyətə iddialarını ortaya qoyublar. Əli İnsanov isə regionçuluq faktoruna əsaslanan siyasi xətt yürütməyə çalışır və yaxşı maliyyə imkanlarına malikdir. Qubad İbadoğlu onlarla görüşərək bu siyasi qruplar arasında təmas nöqtəsi axtarır və onları yaxınlaşdırmağın, bir cəbhədə birləşdirməyin və hakimiyyətə qarşı vahid mövqedən çıxışının mümkünlüyünü araşdırır. Söz yox ki, bu, İbadoğlunun öz təşəbbüsü deyil, Azərbaycanda ictimai-siyasi vəziyyətə təsir mexanizmi formalaşdırmaq istəyən xarici anti-Azərbaycan dairələrin tapşırığı ilə həyata keçirilən missiyadır... Ciddi siyasi dairələrin dəstəyi və güclü maliyyə axını bu qrupları müvəqqəti də olsa bir araya gətirə bilər".

 

Qeyd olunanlarla bağlı Qubad İbadoğlunun cavabı belə oldu: "Görüşlərin təşkili, eyni zamanda formatı və görüşəcəyimiz siyasətçilərin müəyyənləşdirilməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının İdarə Heyətinin toplantısında müzakirə olunub və qərarlar burada verilib. Belə bir mandatı da mənə İdarə Heyəti verib. Bu baxımdan burada hər hansı missiyadan söhbət gedə bilməz. Azərbaycan xalqının istəklərinə uyğun olaraq, onların gözləntilərinə rəğmən düşündüm ki, belə bir görüşlər keçirməyə ehtiyac var. Keçirilən müzakirələr hər bir tərəf üçün faydalıdır. Bu, həm də bir fikir mübadiləsi, informasiya mübadiləsi məqsədi daşıyır. Əgər deyildiyi kimi, bir missiya olardısa, heç bu barədə məlumatlar ictimaiyyətə açıqlamazdım. Mən Azərbaycanda açıq, səmimi, şəffaf siyasi mübarizənin tərəfindəyəm. Bundan sonra da hakimiyyətin münasibətindən, müxalifətin münasibətindən asılı olmayaraq kimlərlə görüşəcəyəmsə, bu barədə məlumatı ictimaiyyətə təqdim edəcəyəm. ABŞ təbii ki, böyük dövlətdir və mənim bu dövlətdəki fəaliyyətim daha çox akademik pedaqoji fəaliyyətdən ibarətdir. Nə ABŞ-da, nə də Azərbaycanda keçirdiyimiz görüşlərdə Azərbaycan dövlətinin və xalqının maraqlarından kənarda heç bir məsələ müzakirə mövzusu ola bilməz”.


OXŞAR XƏBƏRLƏR