“Qız uşağı ailəyə daha çox problemlər gətirir?” - Açıqlama
13:37 / 12.02.2018
1760
Sosial şəbəkələrin birində Rövşən Məmmədov adlı şəxsin yazdığı sözlər izləyicilərinin qınağına tuş gəlib.
Rövşən Məmmədov bunları yazıb: "Boş sözlərdir...Qız uşağı ailəyə daha çox problemlər gətirir. Qızların selektiv abortlar ilə məhv edilməsi düzgün işdir. Bəlkə bu yolla cəmiyyətin bir çox problemləri həll oluna".
Sfera.az-ın əməkdaşı məsələ ilə bağlı Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin Sədri Mehriban Zeynalovadan açıqlama alıb. Mehriban Zeynalova bunu baş verən ən son hadisələrlə əlaqələndirdiyini deyib:
" Mən bunu baş verən ən son məktəbli hadisələri ilə əlaqələndirirəm. O hadisə bəzi insanlarda emosionallıq yaradaraq qızlara nifrət oyadib. Amma demək olar ki, mən belə şəxsləri ciddi qəbul etmirəm. Bu şəxslər məncə bu qədər ictimailəşdirilib reklam olunmamalıdırlar. İctimai qınağın olmağı çox yaxşı haldır. Bununla yanaşı mən əminəm ki, o insanı qınayanlarla yanaşı tərəfdarları da var. Ola bilər ki, hansısa gənc bunu oxuyub gələcəkdə öz ailəsinə tətbiq edə bilər. Çox yaxşı olardı ki, bunu qınayanlar qadınlardan çox kişilər olsun. Kişilərin susmağının əsas səbəbi isə dediyim kimi, ən son baş verən məktəbli hadisələridir.
Biz bir neçə ay bundan öncə sosial şəbəkədə bir elan yazmışdıq ki, atalar öz qızları ilə fotolarını paylaşsınlar. Pozitiv hal olduğu üçün bizim bu aksiyamıza çoxları qoşuldu. Demək olar ki, kişilər neqativ hallarda adətən susurlar. Bu heç yaxşı hal deyil. Nəyinsə təsirinə düşüb emosionallaşmaq lazım deyil”.
Nihat HÜSEYNZADƏ