Qeyri-neft mallarının ixracı 3 illik artımdan sonra yenidən azalıb - TƏHLİL
2020-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracında azalma qeydə alınıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, ötən il 1 milyard 851 milyon dollar dəyərində qeyri-neft malları satılıb ki, bu da 2019-cu ikdəki göstəricidən 103 milyon dollar və ya 5,27 faiz azdır.
Qeyri-neft mallarının ixracının azalmasına baxmayaraq onun ümumi ixracda payı artıb. Çünki neft-qaz sektoru üzrə ixrac 5,8 milyard dollar, yəni 33 faiz azalıb. Bu azalmanın sayəsində ümumi ixracda qeyri-neft mallarının payı 9,95 faizdən 13,4 faizə yüksəlib.
2020-ci ildə qeyri-neft ixracının azalmasının əsas səbəbi pandemiya olub. Pandemiya xüsusən qeyri-ərzaq mallarına olan tələbi zəiflətdiyindən mal dövriyyəsi kiçilib. Bunun sayəsində Azərbaycandan ixrac da azalıb.
Sfera.az xatırladır ki, 2019-cu ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracında rekord göstərici qeydə alınmışdı. 2019-cu ildə ölkəmizdən 1 milyard 954 milyon dollarlıq qeyri-neft malları ixrac edilib ki, bu da 2012-ci ildə qeydə alınan rekord göstəricidən yüksəkdir. 2012-ci ildə qeyri-neft ixracının həcmi 1,933 milyard dollar təşkil etmişdi.
Azərbaycanda son illərdə dərinləşən islahatlar, qeyri-neft sektoruna verilən dəstək, ixracın təşviq edilməsi özünü ixrac həcminin artmasında göstərir. 2014-cü ildən sonra yaranmış əlverişsiz xarici vəziyyət Azərbaycanın ümumi ixracı ilə yanaşı qeyri-neft ixracının da azalmasına səbəb olmuşdu. Qeyri-neft ixracı 2014-cü ildə 1,632 milyard dollardan 2015-ci ildə 1,498 milyard dollara, 2016-cı ildə isə 1,16 milyard dollara geriləmişdi. 2016-cı ildə qeydə alınan nəticə son illərin ən pis göstəricisi idi. Qeyri-neft sektorunda aparılan islahatlar, eyni zamanda xarici iqtisadi vəziyyətin getdikcə əlverişli olması qeyri-neft ixracının artmasına imkan verdi. Bununla əlaqədar olaraq qeyri-neft ixracı 2017-ci ildə 1,473 milyard dollara, 2018-ci ildə 1,617 milyard dollara yüksəldi.
Azərbaycandan qeyri-neft ixracının artması üçün imkanlar böyükdür. Verilən sifarişlər göstərir ki, Azərbaycanın qeyri-neft məhsullarına xarici bazarlarda tələb yüksəlir. Ölkəmizdə istehsal edilən məhsulların xaricdə tanıdılması, marketinq tədbirlərinin həyata keçirilməsi ixrac imkanlarının artırılmasına kömək edir.
Proqnozlara əsasən pandemiya aradan qalxdıqdan və neftin qiyməti 50-60 dollar səviyyəsinə yüksəldikdən sonra 2021-ci ildə qeyri-neft mallarının ixracında yeni rekord müəyyənləşə bilər. Hökumətin müəyyənləşdirdiyi hədəflərə əsasən qeyri-neft məhsullarının ixracı 2023-cü ildə 3,3 milyard dolları, 2025-ci ildə 4,5 milyard dolları ötməlidir. Bu hədəflərə çatmaq üçün qeyri-neft mallarının ixracının hər il orta hesabla 10-15 faiz intervalında artması vacibdir.
Vasif
Sfera.az