“Qəribədir, 400-500 manatlıq aylıq maaşla işləmək istəyən yoxdur” – Deputat

“Qəribədir, 400-500 manatlıq aylıq maaşla işləmək istəyən yoxdur” – Deputat
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev "Report”a müsahibə verib. Həmin müsahibəni ixtisarla təqdim edirik:

- Eldar müəllim, bəzi deputat həmkarlarınız sosial şəbəkələrdə bəzi müxalifyönlü şəxslərin çıxışlarında təhqir, böhtan elementlərinin olduğunu iddia edərək sərt reaksiya verirlər. Siz bu barədə nə düşünürsünüz?

– Milli Məclisin deputatları xalqla sıx ünsiyyətdə olmalı, seçicilərinin problemlərinin həllinə yardımçı olmalıdırlar. Mən 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsinə daxil olan Zabrat, Maştağa, Nardaran, Bilgəh qəsəbəsindən deputat seçilmişəm. Müxalifətin keçirdiyi mitinqlərdə həmin qəsəbələrdən kiminsə iştirak etdiyini görə bilməzsiniz. Çünki seçicilərlə daim görüşürəm, ölkədəki mövcud durumu izah edirəm, görülən işləri diqqətə çatdırıram. Biz seçicilərə 1990-cı illərdə iqtidarda olub ölkəni xaos vəziyyətinə salanların heç bir sosial bazaları olmadığı halda, yenidən fəallaşmağa cəhd etmələrinin səmərəsiz olduğunu başa salırıq. İllərlə ortalıqda görünməyən İsgəndər Həmidov, Nemət Pənahlı və digərləri baş qaldırdığı kimi, xaricdə də bir qrup şəxs radikal çıxışlar edir, iqtidar nümayəndələrinin, ayrı-ayrı şəxslərin ünvanına təhqirlər, söyüşlər yağıdırırlar. Hesab edirəm ki, onlar hakimiyyət nümayəndələrinin yox, bütövlükdə Azərbaycan dövlətinin, xalqının düşmənləridir.

Onlar üçün vətən anlayışı yoxdur. Mən deputat fəaliyyətimlə əlaqədar tez-tez xarici ölkələrdə oluram, rus, erməni, gürcü və digər millətlərin nümayəndələrinin davranışına diqqət yetirirəm. Onların da aralarında öz hakimiyyətlərindən narazı olanlar, iqtidara qarşı mübarizə aparanlar var. Lakin heç biri bu radikallar kimi təhqirə, böhtana yol vermirlər. Söyüş söymək ən böyük tərbiyəsizlik, əxlaqsızlıq, vicdansızlıqdır. Belə "mübarizə” yolverilməzdir.

- Seçiciləriniz daha çox hansı məsələlərlə bağlı müraciət edirlər?

– Seçicilərimlə mütəmadi görüşlər keçirirəm. Mənə müxtəlif problemlərlə bağlı müraciət olur. Səlahiyyətim daxilində olanları özüm həll edirəm, mümkün olmayanları isə aidiyyəti dövlət qurumlarına yönəldirəm. Hesab edirəm ki, icra strukturlarının vətəndaşlara münasibəti dəyişməlidir, onlara edilən müraciətlərə həssaslıqla yanaşılmalıdır. Vətəndaşlar da müraciət edəcəkləri ünvanı düzgün seçməlidirlər. Evi yanan vətəndaş mənim qəbuluma niyə gəlməlidir ki? O bələdiyyəyə, icra nümayəndəsinə, rayon icra hakimiyyətinin başçısına müraciət etməlidir. Təsəvvür edin, zibil konteynerlərinin gətirilməsinə qədər mənə müraciət olunur. Mən də bununla bağlı Baş nazir Novruz Məmmədova məktub yazdım ki, hansısa formada köməklik olunsun.

- Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə münasibətiniz necədir? İşinizi koordinasiya edə bilirsinizmi?

– Adil Vəliyevlə yaxşı, işgüzar münasibətlərimiz var. O da işləyən insandır. Sabunçu rayonunda 2018-ci ildə yüksək göstəricilər əldə olundu. Rayonda geniş abadlıq işləri gedir. Gənclər evi yüksək keyfiyyətlə inşa olunub, gənclər üçün hər cür şərait yaradılıb. Xeyli sayda müasir tipli iaşə obyektləri istifadəyə verilib. Rayonun müəyyən qədər işsizlik problemi var. Qəribədir ki, 400-500 manatlıq aylıq maaşla işləmək istəyən yoxdur. Hamı Vergilər Nazirliyində, Gömrük Komitəsində işləmək istəyir. Dövlət işsizlik faizinin azaldılması üçün mühüm addımlar atır, yeni iş yerləri açılır. Bu problemlər də aradan qaldırılacaq.

- Növbəti parlament seçkilərində iştirak edəcəksinizmi?

– Mən 4 dəfə Milli Məclisin deputatı seçilmişəm. Düşünəcəyəm… İstəyirəm, elm sahəsində fəaliyyətimi davam etdirim. Bilsəm ki, həmin qəsəbələrə can yandıran, bacarıqlı gənc kadr namizəd olacaq, ona dəstək verərəm. Həmin şəxs bilməlidir ki, deputat olmaq əli cibində, xidməti maşında gəzmək, obyekt sahibi olmaq demək deyil.

- İddialar var ki, növbəti parlament seçkilərində gənc namizədlərə daha çox üstünlük veriləcək…

– Hər zaman gənc kadrların irəli çəkilməsinin, yüksək vəzifələrə təyin olunmasının tərəfdarı olmuşam. Parlament elə bir yerdir ki, bura həddən artıq gəncləri cəlb etmək olmaz. Həyat təcrübəsi, geniş dünyagörüşü olan şəxslər üstünlük təşkil etməlidirlər. Gənclər bəzi hallarda eyforiyaya qapılırlar, düzgün yol seçməkdə çətinlik çəkirlərlər. Sabiq deputat Hüseyn Abdullayevi misal çəkim. O da gənc idi, lakin özünü idarə edə bilmirdi. İclaslarda məndən qabaqkı sırada otururdu, dəfələrlə onu sakitləşdirirdim. Bir dəfə də parlamentdə dava saldı, həbs olundu, Prezident əfv etdi, sonra yenə həbs olundu. Deputat olmaq üçün əsas meyar yaşlı, yaxud gənc olmaq deyil, iş bacarmaqdır. Maştağa boyda qəsəbənin xəstəxanasında cəmi bir ultrasəs müayinə aparatı var idi, tələbatı ödəmirdi. İkinci aparatı aldım, xahişimlə səhiyyə naziri Oqtay Şirəliyev ştat verdi, yeni şöbə yaradıldı. Başqa bir misal çəkim, nikahın qeydə alınması üçün idarə Sabunçuda yerləşdiyindən qəsəbələrdə ailə quran gənclər ora getməyə çətinlik çəkir, kəbinlə ailə qurmağa üstünlük verirdilər. Müəyyən səbəblərdən ailə dağılanda mübahisələri məhkəməyə çıxara bilmirdilər.

Maştağa qəsəbəsində özümə məxsus binanı bu məqsədlə həmin idarəyə verdim, açılışında ədliyyə naziri Fikrət Məmmədov da iştirak edirdi. Bunları sakinlərin əziyyət çəkməməsi üçün etmişəm. Digər problemləri də həll etmişəm. Yüksək səviyyədə həlli tələb olunan hansı problemlə bağlı Prezidentə müraciət etmişəmsə, hamısı həllini tapıb. 2015-ci ildə Nardaranda baş verən hadisələrlə bağlı orada sakinlərlə görüşdüm, barikkadaları yığışdırtdırdım. Yəni deməyim odur ki, bu yerlərdə ağsaqqal sözü eşidilir.

- Necə düşünürsünüz, "Azərittifaq”a ehtiyac varmı?

– Təşkilatın fəaliyyətini davam etdirməsi vacibdir. Burada çoxsaylı payçılarımız işlə təmin olunub. Təklif olunarsa, indi də satış yarmarkalarının təşkilində iştirak edə bilərik. Satış yerlərimizi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov sökdürdüyünə görə özümüz satış yarmarkası təşkil edə bilmirik. Digər sahələrdə isə fəaliyyətimizi davam etdiririk.


OXŞAR XƏBƏRLƏR

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...