Qədim Misirdən dövrümüzə gəlmiş qadın - Doroti İdinin SİRRİ

Qədim Misirdən dövrümüzə gəlmiş qadın - Doroti İdinin SİRRİ
Doroti İdi XX əsrdə yaşamış qadınlardan ən qeyri-adisidir. Yox, o, kosmosa uçmamışdı, Hollivud ulduzu da deyildi, siyasətdən zəhləsi gedirdi, Nobel mükafatı almamışdı. Amma onu başqalarından fərqləndirən bir cəhəti vardı. Elə bir cəhət ki, bütün həyatını dəyişdi və onu bütün dünyada məşhurlaşdırdı.
 
Sfera.az bu unikal insan haqda danışacaq.

”Əl çəkin məndən. Mən öz xalqımla qalacağam”.

Bu qəribə əhvalat 1907-ci ildə başladı. Britaniyada yaşayan 3 yaşlı Doroti evlərindəki hündür nərdivandan yıxıldı və huşunu itirdi. Hadisə yerinə çağırılmış həkim uşağa baxdıqdan sonra əllərini yellədi: 

"Bu, daha yaşamaz, пecdir, təəssüf edirəm”. 

Həkim tibb bacısını qarşılamağa getdi. Birlikdə qızcığazın meyitini morqa aparacaqdılar. Tibb bacısı ilə geri qayıdan həkimin gözü kəlləsinə çıxdı. "Meyit” dirilmişdi. Balaca Doroti sanki heç nə olmamış kimi həyətdə ora-bura qaçır, oynayırdı. Valideynləri də, həkim də donub qalmışdılar.
Amma həmin vaxtdan qıczığazın həyatı dəyişdi. Doroti daim yuxusunda Misir ehramlarını görürdü. Zaman keçdikcə kiçik qız gündüzlər də transa düşməyə başladı.

Ən qəribə hadisə isə valideynləri Dorotini Britaniya muzeyinə aparanda baş verdi. Valideynləri muzeyin cansıxıcı havasının uşağı tez yoracağından ehtiyat edirdilər. Elə də oldu. Əvvəlcə Doroti ağladı, vurnuxdu, amma Misir bölməsinə çatanda hər şey dəyişdi.
Sanki onun yorgunluğundan əsər-əlamət qalmamışdı. O, eksponatları öpür, əzizləyir, birindən digərinə qaçırdı. Axırda şüşə sarkofaqın içində saxlanan mumiyanın yanında donub qaldı. Valideynləri onu aparmaq istəyəndə Doroti böyük insanlara xas olan tamam yad səslə qışqırdı: ”Əl çəkin məndən. Mən öz xalqımla qalacağam”.

"Mən burda yaşamışam”

Doroti böyüdükcə onun Misirə bağlılığı artırdı. Atası qızına uşaq ensiklopediyası hədiyyə etdi. Orda Misirə aid olan bölümü qızcığaz təkrar-təkrar oxuyur, kitabdakı şəkillərə baxırdı. Qədim Misir yazılarının şəkillərini görərkən Doroti deyir ki, bu dili haçansa bilirmiş, sadəcə, indi unudub.
Bir dəfə isə jurnalda Abidosda olan qədim məbədlərdən birinin şəkli dərc olunmuşdu. Şəkli görən Doroti dedi ki, əvvəlki həyatında burda yaşayıb. Məbədin ətrafında isə güllü-çiçəkli bağ olub. Atası onu dilə tuturdu ki, bu məbəd min illər əvvəl olub, həm də səhrada bağ ola bilməz. Ancaq qız öz dediyindən dönmürdü: "Mən burda yaşamışam”.

Doroti sonralar Britaniya muzeyinin daimi tamaşaçısına çevrildi. Burada o, tanınmış misirşünas Ernest Uollislə tanış oldu. Alim gənc qıza qədim Misir əlifbasını öyrətməyə başladı.

Əvvəlki həyatında adı Benşrut olub

27 yaşda olarkən İdi Doroti ictimai-siyasi jurnallardan birinə işə düzəlir. O, burada Misirin müstəqilliyini dəstəkləyən məqalələrlə çıxış edir. İdi jurnalda işləyərkən misirli İmam Əbdül Məgidlə tanış olur. 2 il sonra misirlinin evlilik təklifini qəbul edir. Nəhayət, 1933-cü ildə İdi Doroti əri ilə birgə arzularının ölkəsi olan Misirə yola düşür.

Bir il sonra onların oğlu doğulur. Atası nə qədər and-aman etsə də, İdi oğluna Seti adı verir. Seti – 1300 il qabaq Misiri idarə edən fironlardan biri idi.
Amma uşaq yeni doğulsa da, gənc ailə dağılmaq üzrə idi. Ər Qahirənin mərkəzinə köçmək istəyirdi. İdi Doroti isə şəhərin kənarında yaşamaq arzusunda idi. Çünki oradan səhradakı piramidaları yaxşı  görmək olurdu.

Doroti deyirdi ki, İmam "ultramüasirdi, mənsə ultraqədim”. Arvadının gecə sayaqlamaları da İmamı əsəbiləşdirirdi. İdi gecələr gözüyumulu halda dəftərçəsinə nə isə yazırdı. Özü də qədim Misir yazısı ilə. Özü etiraf etdiyinə görə, sözləri ona kimsə pıçıldayırdı.

Doroti deyirdi ki, əvvəlki həyatında adı Benşrut olub. Kasıb ailədə doğulub və məbəddə qulluq edib. Bir dəfə məbədə firon Set gəlib və Benşruta vurulub. O, qızla sevişib və onların oğlu olub. Lakin firon Set ov vaxtı həlak olub. O, həlak olduqdan sonra məbədin rahibləri Benşrutu və oğlunu öldürüblər.

Turistlərin sevimlisi

Üç ildən sonra onların nikahı dağılır. İmam İranda səfirlik işinə təyinat alır. Doroti isə oğlu ilə Gizə piramidalarının yaxınlığına köçür və Misirin Tarix Departamentində işə düzəlir. İdinin bir arzusu vardı: uşaqlıqdan yuxularında gördüyü Abidosa köçmək və orda dəfn olunmaq. Bu arzusuna o, 20 ildən sonra çatdı.

1952-ci ildə İdi çox sevdiyi Abidos şəhərinə getdi və firon Setin piramidasında gecəni dua etməklə keçirdi. Sonra yenidən oğlunun yanına qayıtdı. İdi rəhbərliyə yalvarırdı ki, onu Abidosda hər hansı bir işlə təmin etsin. Ancaq rəhbərlik bu istəyə könülsüz yanaşırdı. Abidos o vaxt evləri gildən olan balaca kənd idi. Nə elektrik vardı, nə sivilizasiya. İngilis dilini bilən də yox idi. Əcnəbi, ağdərili qadın burda necə yaşayacaqdı?

Nəhayət, 1956-cı ildə rəhbərlik ona Abidosda iş tapdı - məbədlərdəki barelyevlərin tədqiqatı. İdi günü 2 dollara işləyirdi. Həmin vaxtı artıq, Dorotinin oğlu atasının yanına, İrana getmişdi. Heç bir maneə yox idi.

Qadın Abidosa köçdü, yerlilərlə dostlaşdı, həyətində keçi, toyuq saxlamağa başladı. Eyni zamanda, bura gələn turistlərin sevimlisi oldu. Heç kim qədim Misir haqda onun qədər bilmirdi və belə həvəslə danışmırdı. Arxeoloji qazıntı zamanı o, uşaq vaxtı yuxularında görüb haqqında atasına danışdığı güllü-çiçəkli bağı tapdı. O zaman atası qıza inanmamışdı.

Bu tapıntı Dorotiyə dünya şöhrəti gətirdi. Onun yuxuları haqda artıq hamı danışırdı. İdi dedi ki, Abidosda qədim Misir kitabxanası var. O, mütləq tapılacaq. Əgər bu tapıntı üzə çıxsa, bu, əsl sensasiya olacaq.

İdinin fəaliyyəti qiymətləndirildi. Britaniya Arxeoloqlar Cəmiyyəti 1960-cı ildə ona təqaüd təyin etdi. Beş il sonra Misir prezidenti ona "Misirə xidmətlərinə görə” ordenini verdi.

İdi Doroti 1981-ci ildə dünyasını dəyişdi və arzuladığı kimi firon Setin məbədinin yaxınlığında dəfn edildi.

İlqar Atabəyli


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...