İdman

“Qarabağ”ın oyunu canlı yayımlanmayacaq

“Qarabağ”ın oyunu canlı yayımlanmayacaq
İyulun 11-də "Qarabağ” Çempionlar Liqasında yeni mövsümün açılış matçına çıxacaq.
 
Sfera.az sport24.az-a istinadən xəbər verir ki, Sloveniyada "Olimpiya”nın qonağı olacaq Azərbaycan çempionunun oyunu televiziya ilə yayımlanmayacaq.

Buna səbəb oyunun tarixi və başlama saatıdı. Bugünlərdə davam edən dünya çempionatının ikinci yarımfinal qarşılaşması (Xorvatiya – İngiltərə) ilyulun 11-də, özü də Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Məlum olduğu kimi, "Olimpiya” – "Qarabağ” matçı da eyni gündə və eyni saatda başlanacaq. Məhz bu üzdən də Sloveniya telekanallarından heç biri sözügedən görüşə maraq göstərməyib. Daha doğrusu... Gəlin, "Olimpiya”nın mətbuat xidmətinin rəhbərini dinləyək. İzidor Kodriç Sport24.az-a verdiyi açıqlamada informasiyamızı təsdiqlədi: "Bizim telekanallar sloveniyalı futbolsevərlərin diqqətinin Xorvatiya – İngiltərə matçına yönələcəyini önə çəkərək, yerli vaxtla saat 20:00-da start götürməli olan qarşılaşmamızı başqa saatda – 18:00-da keçirməyi təklif etdilər. Biz buna razı olsaq da, Azərbaycan çempionu təşəbbüsümüzü qəbul etmədi. "Qarabağ” tərəfi komandamızla oyuna məhz 20:00 prizmasından hazırlaşdığını bildirərək, qarşılaşmanın başqa saata keçməsini yolverilməz saydığını bildirdi. Bu da komandalarımız arasında keçiriləcək ilk oyunun yayımlanmayacağını şərtləndirdi”.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da deyilənləri təsdiqlədi: "Qarşılaşmanın keçirilməsi üçün müəyyənləşdirilmiş bir vaxt var. Meydan sahibləri də yerli kanalların mundialla bağlı bizim oyunumuza marağın az olmasını əsas gətirdiklərini bildirdilər. Gedişat onu göstərir ki, oyunun yayımlanması şansı olduqca azdı”.

Deyilənləri cəmlədikdə belə bir qənaətə gəlmək olar: dünya çempionatı Azərbaycanı ÇL-siz qoydu.
AdRiver

XƏBƏR LENTİ