Cəmİyyət

Qarabağda yeni arxeoloji abidələr aşkarlandı - FOTOLAR

Qarabağda yeni arxeoloji abidələr aşkarlandı - FOTOLAR

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası may-iyun aylarında Aran Qarabağ ərazisində arxeoloji tədqiqat işləri aparıb.

AMEA-nın rəsmi saytının yaydığıməlumatagörə, arxeoloji kəşfiyyat işləri əsasən Bərdə və Füzuli rayonları ərazisində gerçəkləşib, Ağdam rayonu ərazisində yerləşən bir çox abidədə isə monitorinq işləri aparılıb, onların mühafizə vəziyyəti yoxlanılıb.

Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunub, müxtəlif dövrlərə aid arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilib. Xaçınçay-Tərtərçay vadisində aşkar edilmiş neolit dövrü abidələrində arxeoloji kəşfiyyat qazıntılarının aparılması bu il də davam etdirilib. Belə ki, bu tədqiqat mövsümündə 3 saylı Əmirli neolit dövrü yaşayış məskənində arxeoloji qazıntı işləri aparılıb.

Ekspedisiyanın rəhbəri Xəqani Alməmmədovun sözlərinə görə, qazıntılar nəticəsində 3 saylı Əmirli abidəsində neolit dövrünə aid mədəni təbəqənin qalınlığının təxminən 2 m olduğu müəyyənləşdirilib. Memarlıq nümunələri dairəvi və oval plan quruluşa malik, samansız çiy kərpiclə inşa edilmiş yarımqazma və yerüstü tikililərdir. Abidədə multidisiplinar tədqiqatların aparılmasına da başlanılıb.

Qədim yaşayış məskəninin mövcud olduğu dövrdə baş vermiş iqlim dəyişkənliyi və bu prosesin insanların həyat tərzinə necə təsir etdiyi haqqında dəqiq ümumiləşdirmələr aparmaq üçün müxtəlif dərinliklərdən torpaq nümunələri götürülüb. Həmin nümunələr əsasında AMEA-nın Coğrafiya və Geologiya və Geofizika institutlarının müvafiq laboratoriyalarında paleonoloji analizlər aparılacaq.

Əmirli yaşayış yerinin mövcud olduğu xronoloji çərçivənin müəyyənləşdirilməsi istiqamətində də tədqiqatlar aparılır. Belə ki, AMEA-nın Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisi, "Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun üzvü Aybəniz Əhədova qazıntılarda iştirak edərək nümunələr götürüb və nümunələrin götürüldüyü nöqtələrdə radiasiya fonunu ölçüb. Nümunələrin Termolüminessensiya və Elektron Paramaqnit Rezonans metodlarının tətbiqilə müvafiq analizlər aparılaraq onların şərti yaşları təyin olunacaq.

AMEA Rəyasət Heyətinin "Qarabağın işğaldan azad edilmiş ərazilərində arxeoloji tədqiqat işlərinin aparılması haqqında” 11 iyun 2014-cü il tarixli qərarına əsasən, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş ərazilərində də arxeoloji kəşfiyyat işləri aparılıb. Aparılan kəşfiyyat işləri nəticəsində onlarla müxtəlif dövrlərə aid arxeoloji, tarixi-memarlıq abidəsi qeydiyyata alınaraq xəritələşdirilib.

Ekspedisiya tərəfindən aşkar edilən neolit dövrünə aid Horadiz yaşayış yeri ekspedisiyanın əsas tədqiqat obyekti olaraq seçilib, onun ərazisində topoqrafik ölçmə işləri aparılıb. Gələcəkdə burada geniş miqyaslı arxeoloji qazıntı işlərinin aparılması planlaşdırılır.

 


XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031