Qarabağ qaziləri və şəhid ailələri 10 mart mitinqində iştirak etməyəcək – Açıqlama

Qarabağ qaziləri və şəhid ailələri 10 mart mitinqində iştirak etməyəcək – Açıqlama
"Biz ölkəmizdə, sabitliyin, çiçəklənmənin və inkişafın tərəfdarıyıq”

Bir neçə gündür ki, sosial şəbəkələrdə Qarabağ qazilərinin və şəhid ailələrinin Milli Şuranın martın 10-da keçiriləcək mitinqində təşkilatlanmış şəkildə iştirak edəcəyi barədə məlumatlar yer alır.

Missiya.Az əməkdaşı məsələni dəqiqləşdirmək üçün «Qarabağ Qaziləri» İctimai Birliyinin sədri Etimad Əsədovla əlaqə saxlayıb. Sədr saytımıza açıqlamasında bildirib ki, rəhbərlik etdiyi İctimai Birlik Milli Şuranın təşkil etdiyi mitinqdə iştirak etməyəcək: "Azərbaycanda Qarabağ qaziləri ilə bağlı çoxlu sayda qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. "Qarabağ Qaziləri” İctimai Birliyi ictimai fəaliyyətlə məşquldur. Biz Qarabağ qazilərinin sosial problemlərinin həll edilməsi ilə bağlı təkliflər irəli sürürük. Heç bir siyasi prosesə qatılmırıq və aksiyalarda iştirak etmirik. Biz ölkəmizdə, sabitliyin, çiçəklənmənin və inkişafın tərəfdarıyıq”.

Məlumatlarda müxtəlif şəhid ailələrinin də Milli Şuranın mitinqlərinə dəstək vərəcəyi iddia olunur. Şəhid Rəşad Cəfərzadənin xalası Mahirə Xuduyeva Missiya.Az-a açıqlamasında bildirib ki, mitinqlərdə iştirak etmək fikirləri yoxdur.  Onun sözlərinə görə, dövlət həmişə şəhid ailələrinə yüksək qayğı və diqqət göstərib: "Dövlətimiz bizim problemlərimizə həmişə anında reaksiya verib. Biz dövlətimizi dəstəkləyirik və mitinqədə getmək fikirimiz yoxdur.  Ölkəmizdəki sabitlik bizə bəsdir”.

Şəhid əsgərimiz Əlizamin İslamovun xalası oğlu Şahrux Mirzəzadə isə, heç mitinqin nə vaxt keçiriləcəyi ilə bağlı məlumatlı olmadığını bildirib: "Heç mənim mitinqin harada və nə vaxt keçiriləcəyi ilə bağlı məlumatım yoxdur. Məlumatlı olsam belə, mitinqdə iştirak etmək fikirində deyiləm.  Hər kəs öz işi ilə məşquldur. Biz qeyri-sabitlik və ixtişaşlar istəmirik. Ölkəmizi qarışdıranların da əleyhinəyik. Dövlətimiz şəhid ailələrinə böyük qayğı göstərir. Bizə göstərilən qayğıdan razıyıq. Prezident İlham Əliyev daim şəhid ailələrinin problemləri ilə maraqlanır. Ölkəmizdə sabitlik və çiçəklənmə hökm sürür. Azərbaycan dövləti şəhid ailələri üçün hər cür şəraiti yaradıb”.

Məlumdur ki, Prezidenti İlham Əliyev başda olmaqla, hökumət qazilərimizə və şəhid ailələrinə daim diqqət göstərir. Prezidentin şəhid və Mill Qəhrəmanların ailələrinə verilən müavinətlərin artırılması ilə bağlı imzaladığı son sərəncam bu qayğının bariz nümunəsidir. Şəhid ailələri və Qarabağ qaziləri də göstərilən diqqət və qayğıdan razı olduqları üçün Azərbaycan dövlətçiliyinin əleyhinə təşkil edilən mitinqlərdə iştirak etmək fikirində olmadıqlarını tam əminliklə söyləyirlər.
 
Sfera.az
 
 




OXŞAR XƏBƏRLƏR