Qarabağ probleminin dinc həll yolu artıq yoxdur - Sensasion iddia

Qarabağ probleminin dinc həll yolu artıq yoxdur - Sensasion iddia
Aprel ayında Azərbaycanın erməni işğalçı qüvvələri üzərində blits-hərbi qələbəsinin ikinci ildönümü tamam olacaq. Düşmənin öz ordusu haqda illərdir yaratdığı "məğlubedilməz” mifini cəmi bir neçə gündə darmadağın edən Azərbaycan əsgəri erməni tərəfə bununla həm də aydın şəkildə mesaj verdi ki, böyük hərbi qələbə də uzaqda deyil.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun bir neçə gün öncə Avropa Azərbaycanlıları Konqresinin qurultayındakı çıxışında söylədiyi bir fikri bu yerdə xatırlatmağa dəyər. Əli Həsənov deyib: "Azərbaycan regionda ən döyüşkən və hərbi-texniki planda ən mükəmməl orduya malikdir. Azərbaycan hər il öz təhlükəsizliyininin təmin edilməsinə 3-4 milyard dollar xərcləyir. Dövlətimiz gücünü aprel müharibəsində də nümayiş etdirdi. Bizə mane olmasalar, bir həftəyə, maksimum bir aya bütün işğal olunmuş ərazilərimizi qaytara bilərik”.

Bu, mübaliğəsiz belədir. Bizə əngəl yaradan qüvvələr və ya dövlətlər də əslində məlumdur. Onların başında Rusiya gəlir. Azərbaycan bu amili hansısa formada neytrallaşdıra bilsə, o zaman böyük hərbi qələbəmizin də yolu açılmış olacaq. Çünki Ermənistanın Azərbaycanla uzunmüddətli və qalibiyyətli müharibə aparıb ərazilərimizi işğalda saxlamağa yetərli hərbi, iqtisadi və insani resursları yoxdur. Bunu bir çox erməni ekspertləri də etiraf edir. Odur ki, yeganə ümidləri Rusiyayadır.  

Bu xüsusda rusiyalı iki tanınmış hərbi və siyasi ekspertin - Qriqori Trofimçuk və Aleksandr Xramçixinin fikirləri maraq doğurduğu qədər də düşündürücüdür. "Yeni Müsavat” 1 in.am nəşrinə istinadən onları təqdim edir.

*****

Moskvadakı Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin konflikt ətrafında son durumu şərh edərkən öncə deyib ki, Azərbaycan hərb əməliyyatlara istənilən istiqamətdən başlaya bilər: "Bəli, Azərbaycanın bir neçə tərəfdən hücuma keçmək imkanı var. Əgər o, Ermənistan Respublikasının ərazisinə hücum eləsə, o zaman bununla özü üçün bir sıra ciddi siyasi problemlər yaradacaq. Yox, öz ərazi bütövlüyünü bərpa eləmək adı ilə Qarabağa girsə - bu, artıq ayrı anlam daşıyacaq. Ermənistana hücum isə təcavüz sayılacaq. Bunlar prinsipial fərqli şeylərdir”.
Lakin məlumdur ki, Azərbaycan heç bir ölkəyə, o cümlədən Ermənistana hücum eləməyə hazırlaşmır. İstənilən halda sual ortaya çıxır ki, Ermənistanın hərbi müttəfiqi, bu ölkədə hərbi bazalar saxlayan və işğalçı ölkənin Rusiya və İranla sərhədlərini qoruyan Rusiya özünü hər iki halda necə aparacaq? Rusiya konfliktə müdaxilə edəcəkmi?

Politoloq Qriqori Trofimçuka görə, Rusiya 2016-cı ilin aprelində özünü necə aparmışdısa, yenə elə aparacaq: "Yəni Moskva neytral mövqe tutaraq, tərəfləri hərbi əməliyyatları dayandırmağa və siyasi-diplomatik danışıqlara başlamağa çağıracaq. Başqa sözlə, Rusiya heç kimin tərəfində münaqişəyə girməyəcək, o cümlədən hətta Ermənistanla KTMT çərçivəsində strateji müttəfiq olsa belə, onun tərəfini tutmayacaq. Çünki əgər Rusiya Ermənistanın tərəfində konfliktə qoşulsa, o zaman Azərbaycan tərəfdən də çox ciddi hakimiyyət mərkəzləri, ilk növbədə də Türkiyə, ABŞ və başqaları müharibəyə qoşula bilər”.

*****

"Bəs Azərbaycan Ermənistana hücum eləsə, Bakının tək Rusiya ilə problemləri olacaq, yoxsa bütövlükdə beynəlxalq birliklə”-erməni jurnalistin bu təxribatçı sualına Aleksanr Xramçixin belə cavab verib: "Mən bilmirəm beynəlxalq birlik nə deməkdir. Bu, frazadan savayı bir şey deyil. Amma əgər bu suala cavab versək, o zaman Bakının Rusiya və müəyyən ”maraqlı tərəflərlə" problemi olacaq".

Xramçixinin qarşıdakı hadisələrlə bağlı proqnozları ermənilər üçün bütövlükdə optimist ruhda deyil. Onun sözlərinə görə, Azərbaycanın hərbi əməliyyatlara başlayıb öz ərazi bütövlüyünü bərpa eləməkdən başqa seçimi qalmayıb. "Nədən ki, artıq aydındır ki, problem dinc yolla həllini tapmayacaq”, - deyə o qeyd edib.

"Azərbaycanın başqa yolu yoxdur. O, heç olmasa, özünün ərazi bütövlüyünü bərpa eləməlidir. Bu, onun üçün, necə deyərlər, milli ideologiyadır. Bundan əlavə, ABŞ-ın milli kəşfiyyatının rəhbəri bəyan edib ki, konflikt bu il (may-iyunda - red.) bərpa oluna bilər. İstisna deyil ki, amerikanlar müharibəni sadəcə, təxmin eləmirlər, həm də arzulayırlar. Çünki bu, onlardan ötrü sərfəlidir. Nədən ki, Rusiya zərbə almış olacaq. Ermənistan və Azərbaycan Amerika üçün maraqlı deyil. Amma Qarabağda müharibə Rusiyaya zərbə demək olardı. Bu səbəbdən onlar məmnuniyyətlə, müharibəni qızışdıra bilərlər - Azərbaycanın əli ilə. Başqa cür mümkünsüzdür”.

Sözünə davam edən rusiyalı ekspert deyib: "Hamı həmişə sülhdən danışır. Əslində isə heç nə sülh yolu ilə həll olunmur. Bütün problemlər məhz hərbi vasitələrlə çözülür. Dağlıq Qarabağın timsalında isə mən, sadəcə olaraq, anlamıram, əgər münaqişə tərəflərinin mövqeyi bir-birinə diametral ziddirsə, problemi dinc yolla necə nizamlamaq olar? Dinc həll yoxdursa, hərb variantı qalır. Əgər tərəflər hansısa məsələ ilə bağlı anlaşa bilmirsə, mən münaqişənin sülh yolu ilə həlli imkanını görmürəm. Deməli, hərb yolu qalır. Bütün konfliktlər praktik olaraq belə qurulub. Məsələn, Çeçenistan problemi haqda deyirdilər ki, onun hərbi həll yolu yoxdur, amma hərbi vasitələrlə həll edildi”.

*****

Müstəqillik uğrunda milli-azadlıq hərəkatı aparan və öz tarixi torpaqlarında yaşayan çeçen xalqı ilə Qarabağdakı bir ovuc gəlmə separatçını müqayisə eləmək qüsurlu olsa da, hər iki məsələyə Kremlin ikili standart yanaşmasını  xüsusi vurğulamaq lazım gəlir. Bu yanaşma da ondan ibarətdir ki, Çeçenistanı qan gölündə boğmaqla problemi "həll edən” Rusiya nədən Azərbaycana gələndə Bakıya belə haqq tanımaq istəmir və Lavrovun dili ilə "Qarabağda müharibə Azərbaycanın daxili məsələsi deyil” deyir? Hərçənd rusiyalı analitiklərin dedikləri Lavrovu tamamən təkzib edir. Üstəlik, 2016-cı ilin aprel presedenti var.
Əslində Azərbaycan ordusu keçmiş DQMV-nin ərazisinə girmədən də müharibənin taleyini həll edə bilər. Dağlıq Qarabağ ətrafında bir neçə rayonun ildırım sürəti ilə azad edilməsi yetər ki, erməni tərəf dirəniş göstərməyin mənasızlığını anlasın. O zaman Rusiyanın seçiminə də vaxt və lüzum qalmayacaq...       
("Yeni Müsavat”)
 
AdRiver

XƏBƏR LENTİ