Qadın alveri, narkotik, dələduzluq... — Şou-biznesin cinayətləri
Kriminal
19:16 / 30.06.2016
3079
Bəzən yaradıclıq fəaliyyəti, bəzən isə qalmaqallarla gündəmə gələn bəzi sənət adamlarının adlarının cinayət əməllərində hallanması artıq adi hala çevrilib.
Belə ki,
ötən həftə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı
Vüqar Bəşirov H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılıblar. Binəqədi
Rayon Polis İdarəsindən bildirilib ki, İlhamə Quliyevanın oğlu Orxan Nadirov və
onun tanışı Vüqar Bəşirov Binəqədi Rayon Polis İdarəsində olublar. Hər iki şəxsdən
heç yerə getməmək haqda iltizam alınıb. O.Nadirov 2009-cu ildə 10 ay müddətinə
həbs cəzasına məhkum edilmişdi.
Ötən gün
isə əməkdar artist Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov polis tərəfindən
saxlanılıb.
Adları
cinayət əməllərində hallanan sənət adamlarının siyahısı hazırlanıb.
2015-ci
ilin son günlərində prodüser Təranə Səmədova sərxoş vəziyyətdə avtomobil idarə
edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onun avtomobili cərimə
meydançasına aparılıb.
Ötən il
reper Elşad Xose və "Dado”nun (Səid Əliyev) saxlanılması barədə xəbər
yayılıb. Hər iki reperin saxlanılarkən üzərlərində narkotik maddənin olduğu
qeyd olunsa da, daha sonra Səbail Rayon Polis İdarəsinin 39-cü polis bölməsinin
rəisi Urxan Şirinov mətbuata açıqlamasında bildirmişdi ki, "Dado” ləqəbli
reper Səid Əliyev ictimai asayişi pozduğuna görə, saxlanılıb. Elşad Xose isə
"Dado” ilə dost olduğuna görə bölməyə gəlib.
Qeyd edək
ki, E.Xose ilk dəfə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən
keçirilən əməliyyat zamanı saxlanılmışdı və üzərindən 0,553 qram heroin
götürülmüşdü. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi
olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi
istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət
işi başlanılmışdı.
Müğənni
Sevinc Ağaşirinovanın prodüseri Elvin Əli də ötən il həbs olunan tanınmışlar
sırasındadır. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək,
istintaqa cəlb edilmişdi.
Ötən ilin
yanvar ayında tanınmış azərbaycanlı prodüser Vəfa Vaqifqızı (Məmmədova) həbs
edilib. Qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinən prodüser avqust
ayında azadlığa çıxıb.
Müğənni
Maral Tahirqızı da 2015-ci ildə həbs olunub. Onun barəsində Xətai Rayon Polis
İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə
məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər
üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai Rayon Məhkəməsinin
hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib.
Müğənni Kərim
Abbasov avtomobili yüksək sürətdə idarə etdiyi üçün saxlanılmışdı. Belə ki, müğənninin
sosial şəbəkələrdə avtoşluq etməsi barədə video yayımlandıqdan sonra
araşdırmalara başlanıb.
Meyxanaçı
Bayram Kürdəxanlı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 2014-cü ildə
həbs edilib. Sabunçu rayon Məhkəməsi istintaq müddəti üçün onun barəsində 2 ay
müddətinə həbs-qətimkan tədbiri seçib və meyxanaçı Bakı İstintaq Təcridxanasına
yerləşdirilib. O, 2015-ci ilin fevral ayında azadlığa çıxıb.
Xalq
artisti Arif Quliyevin oğlu Fərid Quliyev qəsdən adam öldürmə maddəsi ilə məhkum
olunaraq, 14 il müddətinə həbs cəzası almışdı. 11 illik həbsxana həyatından
sonra əfv olunan F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Fərid
Quliyev 2012-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Xalq
artisti Aygün Kazımovanın qardaşı, "Əsgəroğlu-K” MMC-nin direktoru Kazım
Kazımov dələduzluqda təqsirləndirilərək, 2013-cü ildə həbs olunub. 10 il müddətində
azadlıqdan məhrum edilən Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin
178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və
178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri
ilə təqsirli bilinib. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara
külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri
törətməkdə ittiham olunub.
Mərhum
şair-publisist Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli 18 sentyabr 2013-cü ildə
narkotik istifadəçisi kimi həbs olunub.
Qeyd edək
ki, A.Kəsəmənli 1998-ci ildə qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə
yetirdiyi üçün məhkum olunmuşdu. O, cəzasının bitməsinə 4 ay qalmış azadlığa
buraxılıb.
Müğənni Mətanət
Əsədovanın bacısı Nurlanə Əsədova 2013-cü il oktyabrında 43 yaşlı həyat yoldaşı
ilə birgə saxlanılmışdı. Onlar sentyabrın 29-da Xırdalan şəhərində aptek işçilərinə
qarşı quldurluqda ittiham olunurdular. N.Əsədova Kürdəxanı istintaq təcridxanasında
özünü asaraq, intihar edib.
Əməkdar
artisti Rəhman Rəhmanovun oğlu ilk dəfə 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək,
həbs olunub. Emil Rəhmanov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.