Putin gürcü jurnalistin onu söyməsinə münasibət bildirdi

Putin gürcü jurnalistin onu söyməsinə münasibət bildirdi
Rusiya prezidenti Vladimir Putin Gürcüstanın "Rustavi-2” telekanalının aparıcısı Georgi Qaburiyanın onu söyməsinə nəhayət münasibət bildirib.

Virtualaz.org RİA Novosti-yə istinadən xəbər verir ki, Putin Gürcüstana qarşı sanksiyalar tətbiq etmək istəmədiyini deyib.

"Mən gürcü xalqına hörmətə görə bunu etmək istəməzdim. Münasibətlərin bərpası naminə heç bir tədbir görməzdim ki, bizim münasibətlərimiz daha da mürəkkəbləşməsin...Azdırmı ki, kimsə nəsə çərənləyib”,-Putin Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsi imkanları barədə danışarkən deyib.

Rusiya prezidenti habelə bildirib ki, "Rustavi-2” telekanalının əməkdaşına qarşı hakimiyyəti təhqir etmə maddəsi ilə cinayət işinin qaldırılmasını məqsədəuyğun saymır. "Çox şərəf vermiş olardıq, qoy yayıma davam eləsin”,-o deyib.

Xəbər verildiyi kimi Putini söyən aparıcı artıq işdən çıxarılıb, aparıcının hərəkətinə görə "Rustavi-2” kanalına qarşı etirazlar başlayıb. Gürcülər Qaburiyanın bütün Gürcüstanı zərbə altında qoyduğunu deyirlər.

Bundan əvvəl Rusiya Dövlət Dumasının iclasında Gürcüstanda "antirusiya çağırışlarına” və "Rustavi-2” telekanalının aparıcısının Putini söyməsinə görə Tbilisiyə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi təklifləri səslənib. Deputatlar Gürcüstan şərabına və mineral sularına qadağa qoyulmasını, digər addımların atılmasını təklif ediblər.

Xatırladaq ki, iyulun 8-dən etibarən Rusiya aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb. Bu qərar, rusiyalı deputat Sergey Qavrilovun pravoslav parlament Assambleyasının iclası zamanı Gürcüstanda spikerin kreslosunda oturmasına görə baş qaldırmış antirusiya etirazlarından sonra verilib. Rusiya hakimiyyəti ölkə vətəndaşlarını Gürcüstana səfərlərdən çəkinməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR