Pulumuz təhlükə qarşısında

Pulumuz təhlükə qarşısında
Bir neçə gün əvvəl haker qrupu "DəmirBank”ın təhlükəsizlik sistemində zəif yer taparaq, 3 milyon dollar oğurlamağa müvəffəq olub. Məlumatlara görə, hakerlər "unlimited” kartları sistemindəki zəiflikdən yararlanıblar və ölkənin xaricindən bank hesablarına daxil olaraq vəsait çıxarmağa başlayıblar. Ümumiyyətlə, bank sistemində tez-tez bu cür hallara rast gəlirik. Zaman-zaman təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə fəaliyyət göstərən banklardan analoji üsullarla milyonla vəsait qanunsuz olaraq hesablardan çıxarılıb. 

Ekspertlər hesab edir ki, bu bank sisteminin təməl problemlərindən biridir və bu problemin həlli hələ də tam olaraq mümkün olmayıb.”DəmirBank”da baş verən 3 milyonluq oğurluq hadisəsindən sonra Azərbaycanda fəaliyyət göstərən bankların da bu cür hadisələrdən sığortalanmadıqları məlum oldu.Bəs digər banklarda bu cür oğurluq hadisələri baş verə bilərmi?
"Cümhuriyət” qəzetinə danışan iqtisadçı-alim Vüqar Bayramov deyib ki, inkişaf etməkdə olan ölkələrdə bu cür oğurluq halları daha geniş yayılır. V.Bayramov əlavə edib ki, digər banklar da bu cür hallardan sığortalanmayıb: "Banklarda oğurluq halları təəssüf ki, hər zaman rast gəldiyim məqamlardır. Bir sıra banklarda hesabların təhlükəsizliyi tam qorunmadığı üçün zaman-zaman hesablardan oğurluq edilməsi hallarına rast gəlirik.Hansı banklarda hesabların təhlükəsizliyinin qorunması daha ciddi şəkildə təmin edilir, o, banklarda bu cür hallar az-az olur.Baş verən hadisə onu göstərir ki, banklarda təhlükəsizlik elementlərinin artırılması vacibdir.

Sözsüz ki, Azərbaycanda bəzi banklar hesabların təhlükəsizliyinin qorunması üçün bir sıra addımlar atır və onlarda hesabların qorunması səviyyəsi yüksəkdir.Amma nəzərə alaq ki, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə bu cür oğurluq halları daha çox yayılıb.Ona görə də, sözügedən bankda baş verən oğurluq hadisəsi digər banklara bir siqnal olmalıdır.Hesab edirəm ki, bu gün Azərbaycan banklarında təhlükəsizlik elementlərinin gücləndirilməsinə ehtiyac var”.

Oğurlanan pulların geri qaytarılmasına toxunan Vüqar Bayramov bildirib ki, bunun üçün aidiyyatı qurumlar analoji tədbirlər görməlidir. V.Bayramov qeyd edib ki, bəzi hallarda oğurlanan pulların qaytarılması ümumiyyətlə mümkünsüz olur: "Beynəlxalq təcrübədən də görürük ki, bəzi hallarda oğurlanan pulların qaytarılması mümkün olur. Ancaq bəzi hallarda pullar elə bölüşdürülüb hesablardan çıxarılır ki, heç bir halda həmin pulların geri qaytarılması mümkün olmur.Maliyyə Bazarlarına Nəzarət Palatası anoloji addımları atmalıdır ki, oğurlanan vəsaitin geri qaytarılması təmin edilə bilsin”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR