Pulu dollarda saxlayanlar nə etməlidir? — Ekspertlərdən vacib açıqlamalar

Pulu dollarda saxlayanlar nə etməlidir? — Ekspertlərdən vacib açıqlamalar
Əlində pulu olan insanları düşündürən əsas məsələlərdən biri pulu hansı valyutada saxlamaq və o puldan necə istifadə etməkdir.
 

Manatın dollara nisbətən kəskin ucuzlaşması insanları və sahibkarları əlində olan pulu dollara çevirib saxlamağa məcbur etdi. Manata hələ də etimadı olmayan insanlar əllərində olan puldan necə istifadə edəcəklərini bilmirlər. Lakin son günlər manatın möhkəmlənməsi ilə insanlarda tərəddüd yaranıb.

Bəs "yastıq altı" pulunu dollarda və digər xarici valyutalarda saxlayanlar bu gün nə etməlidir? 

"Ölkə.Az"-ın bu sualını iqtisadçı ekspertlər Vahid ƏhmədovQubad İbadoğlu və Natiq Cəfərlicavablandırıb.

Millət vəkili Vahid Əhmədov hesab edir ki, əlində dolları olan şəxslər onu ehtiyatda saxlamalıdırlar:

"Son zamanlar manat müəyyən qədər möhkəmlənib. Manatın möhkəmlənməsini şəxsən mən hamıdan çox istəyirəm. Hər möhkəmlənmənin arxasında müəyyən prinsiplər durmalıdır. Manat neftin qiyməti yüksək olanda, idxal-ixrac əməliyyatlarında müsbət saldo olanda, tələb və təklif arasında münasibətlər normal olanda yüksəlir. Neftin qiymətində elə də ciddi artım yoxdur, düzdür, idxal və ixracda müsbət saldo var, ancaq bu manatın bu dərəcədə dəyər qazanmasına təminat verə bilməz.

Üzən məzənnə sisteminə keçid edildi. Bu sistemə əsasən manatın dəyəri nə qədər aşağı düşsə də, son mərhələdə bazarda öz yerin tutacaqdı. Bunun qarşısını almaq lazım deyildi. Hər kəs manatın dəyərinin nə olacağı barədə məlumatlı olacaqdı. Bu gün insanların, sahibkarların manata olan etimadını bərpa etmək əsas prinsipdir".

ADR hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu isə məsləhət gördü ki, pulu bir yox, müxtəlif valyutalarda saxlamaq lazımdır:

"Vətəndaşlarımız əlində olan pulun bir qismini manatla, bir qismini dollarla, bir qismini isə avro ilə saxlaya bilərlər. Əgər kimsə pulunu qısa müddətə saxlamaq istəyirsə müxtəlif valyutaları seçə bilər. Pulu uzunmüddətli saxlamaq istəyənlər üçün isə dollar seçimi daha məqsədəuyğundur".

İqtisadçı ekspert Natiq Cəfərli isə sərmayə qoymaq istəyənlərə pulunu manata çevirməyi məsləhət görür:

"Əgər insanlar pulu manata çevirib hər hansısa iş görmək istəyirsə bu başqa məsələ, yox əgər yığım kimi saxlamaq istəyirsə təbii ki, dünyada baş verən proseslər və Azərbaycanda baş verən son hadisələr onu göstərir ki, dollar yığım üçün ən uğurlu və gəlirli valyutadır. Əgər belə olmasaydı, dünya ölkələrinin 85%-i valyuta ehtiyatlarını dollarda saxlamazdılar.

Azərbaycanda son dövrlər baş verən proseslər dollar yox, manatla bağlıdır. Azərbaycanda manatın dövriyyəsi azalıb. İnsanlarda dollarlaşma kifayət qədər yüksək səviyyədədir. Sərbəst manat kütləsi yoxdur deyə dollara tələbat artıb. Bu da iqtisadi aktivliyi zəiflədib. İnsanlar əllərində olan pulu manata çevirib hər hansısa bir işə sərmayə qoysalar, bu normal haldır. Yox əgər pulu əldə saxlamaq istəyəcəklərsə təbii ki, dünya ölkələrinin 85%-i dollara necə güvənirsə və yığımlarını dollarla necə saxlayırsa, bizim insanların da yığımlarını dollarda saxlaması tam məntiqli olardı".


OXŞAR XƏBƏRLƏR