Pula toxunmaq koronavirusa yoluxmağa səbəb olur? - Rəsmi

Pula toxunmaq koronavirusa yoluxmağa səbəb olur? - Rəsmi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nağd ödənişlə bağlı tövsiyəsi Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri sırasına daxil edilməyib.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva pul vasitəsilə koronavirusa yoluxmanın mümkünlüyünə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bütün hallarda ÜST-nin tövsiyələrinə riayət etməyə çalışırlar: "Hamı da bu tövsiyələrə riayət etsə, yaxşı olar".

Y.Qarayeva kağız pullar vasitəsilə insanlara hər hansı bakteriyanın ötürülməsinə də münasibət bildirib: "Əgər hər hansı obyekt daha çox insan əlinə dəyirsə, bu halda mikrobioloji çirklənmə baş verir. Dəfələrlə qeyd etmişik ki, bu koronavirus növü ətraf mühitdə çox davamlı deyil və ətrafda olan əşyaların üzərindəki canlılığını itirir. Birinci tövsiyəmiz odur ki, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra gigiyenik qaydalara əməl edib əlləri yumaq lazımdır".

Baş infeksionist Cəlal İsayev isə vurğulayıb ki, indiyədək pulun heç bir infeksiya mənbəyi kimi rolu olmayıb: "Bu sıraya mobil telefon və s. də aiddir. Pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur".

Qeyd edək ki, hazırda Azərbaycanda 3 koronavirusa yoluxma halı mövcuddur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 85 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 607-yə çatıb. Bunların 53 700 nəfəri sağalıb, 3 287 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. (report)



OXŞAR XƏBƏRLƏR