Psixoloqa müraciət edənlərin sayı artıb
11:27 / 10.10.2016
757
"Son bir ildə psixoloji müayinə üçün müraciət edən oğlan və kişilərin sayı 30-40 faiz artıb”. Sfera.az Lent.az-a istinadən xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev jurnalistlərə açıqlamasında deyib.
R.Salayev bildirib ki, bunun da səbəbi ailə münaqişəsi və maddi sıxıntılardır.
Direktor müavini bildirib ki, Psixi Sağlamlıq Mərkəzinə müraciət edənlərin sayı ildən-ilə artır: " Bu, xəstələrin artması ilə əlaqədar deyil. Sadəcə insanlar əvvəl həkimə müraciət etdikdə psixi xəstə damğası alırdı, lakin indi bu problem yoxdur. İnsanlar çəkinmədən rahat şəkildə psixiatra müraciət edə bilirlər. Bu da öz növbəsində müraciətlərin sayını artırır. Ay ərzində mərkəzə 1000-ə yaxın təkrar müraciətlər daxil olur”.
R. Salayev vurğulayıb ki, depressiyada olanların demək olar ki, 20 faizi intihar etmək barəsində fikirləşir: "Bu çox böyük rəqəmdir. Bu il bir çox intihar hallarını vaxtında aşkar etdiyimizdən onların qarşısını ala bilmişik. Mərkəzə müraciət edənlər sırasında yaş kateqoriyası yoxdur. Yəni uşaqdan böyüyə kimi hər kəs bizə müraciət edə bilər. Son zamanlar isə daha çox gənclər (əsas da 25-30 yaş arası) Mərkəzə müraciət edir. Onların həyatla bağlı stress keçirdiklərini güman edirik”.
Direktor müavini əlavə edib ki, hazırda Mərkəzdə 80 min şəxs dispanser müşahidəsindədir: "Təbii ki, bu rəqəm daim dəyişir. Çünki çox vaxt yekunda insan ya sağalır, ya da ölkəni tərk edir. Müraciətlərin arasında adi məişət problemlərindən tutmuş boşanmaya qədər hər cür problemlər yer alır. Eyni zamanda, depressiyalarla bağlı da müraciətlər çoxluq təşkil edir. Bundan başqa, ruhi xəstəliklərlə əlaqədar bizə müraciət edənlər olur”.
Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Səbinə Kərimova isə bildirib ki, Səhiyyə Nazirliyinin qərarı ilə ən çox ehtiyac duyulan müəssisələrdə artıq psixoloqlar fəaliyyət göstərir. Gələcəkdə psixoloq şəbəkəsi daha da genişləndiriləcək. S. Kərimova qeyd edib ki, son illər Azərbaycanda psixoloji müayinələrin sayı artıb: "Belə ki, əvvəllər insanlar psixoloqa müraciət etməyə utanırdılar. Əvvəl stiqma var idi. Psixoloqa, psixiatra müraciət edənlərə xəstə, problemi biri kimi baxırdılar. Hazırda bu stiqma aradan qalxıb”.