\"Prezidentin bu addımından sonra, dövlət üçün heç bir xidməti olmayan şəxslər Rəsulzadəyə dil uzatmaqdan çəkinərlər\" - Şərh

\
"Bir kərə yüksələn bayraq bir daha enməz”

Bu cümlə artıq hər bir azərbaycanlıya tanışdır. Təqribən bir əsrə yaxın tarixi olan bu fikir istər xalqımız, istərsə də milli dövlətçilik məfkurəmiz üçün bir mayak rolunu oynamaqdadır. Dünyanın bütün ölkələrinə səpələnmiş azərbaycanlılar "bir kərə yüksələn bayraq bir daha enməyəcək” kəlamını duyduqda şübhəsiz ki, ilk növbədə M.Ə. Rəsulzadəni və Azərbaycan milli bayrağını xatırlayırlar.
 
Sfera.az Respublika Gününün 99 ili tamam olması ilə bağlı qələm əhlinin fərqli fikirlərini öyrənib:
 


Tia.az-ın baş redaktoru Əlişir Əhədin fikrincə, ümumiyyətlə, Azərbaycan tarixi şanlı səhifələri ilə hər zaman cazibədar olub:
"Lakin zamanın və tarixin sərt zərbələri də öz gücüylə az rol oynamayıb. Məmməd Əmin Rəzsulzadənin iki illik gətirdiyi uğura az qala Rusiya ilə birgə bütün dünya qarşı çıxmış oldu. Lakin bütün bunlara baxmayaraq, Məmməd Əmin Rəsulzadə həm varlığıyla son nəfəsinəcən, həm də ruhuyla bu günəcən Azəbaycanı təfəkkürlərdə müstəqil bir dövlət kimi yaşada bildi. İndi biz tarixin bizə verdiyi bu şansdan yararlanaraq həm Məmməd Əmin Rəsulzadəni, həm də onun əsasını qoyduğu, qurduğu Azərbaycanı sabaha dövlət kimi adlatmalıyıq. Bununla da hesablaşmaq lazımdır ki, bugünkü Azərbaycan bu varisliyi layiqincə təmsil edir. Hazırkı iqtidarın xidmətlərini qiymətləndirməyi də vacib sayıram".
 


Musavat.com saytının əməkdaşı Əli Rais bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin böyük və görkəmli şəxslərindəndir:
"Onun xidmətləri barəsində indiyə qədər çox sözlər deyilib. Mənim bu barədə söylədiklərim təkrar olar. Ona görə də Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan üçün böyük xidmətlərindən deyil, bizim ona münasibətimiz barəsində fikir bildirmək istəyirəm. Bu gün bəzi tanınmış şəxslər təəssüf ki, ara-sıra Məhəmməd Əmin Rəsulzadə barəsində lazımsız ifadələr işlədirlər. Onların fikirlərinə cəmiyyətin verdiyi sərt reaksiya Rəsulzadənin xalq tərəfindən necə sevildiyinin göstəricisidir.  Çox qəribədir ki, nədənsə bəzi şəxslər sanki Rəsulzadə ancaq indiki Musavat Partiyasının lideriymiş kimi davranırlar. Sanki Rəsulzadəni ancaq müxalifət sevməli, yalnız onlar xatırlamalıdır kimi düşünürlər. Ancaq reallıq budur ki,  Rəsulzadə bu dövlətin banisidir və deməli, bütün xalq onu anmağa, ona sayğı duymağa borcludur. Bildiyiniz kimi Prezident İlham Əliyev də Cümhuriyyətimizin yaranmasının 100 illik yubileyi ilə bağlı xüsusi sərəncam verib. Bu sərəncamı yüksək qiymətləndirirəm. Bəlkə prezidentin bu addımından sonra, bəzi bu dövlət üçün heç bir əməyi, xidməti olmayan şəxslər Rəsulzadəyə dil uzatmaqdan çəkinərlər".
 
 
Milli.az-ın əməkdaşı İlkin İzzətin sözlərinə görə, indiki Azərbaycan Respublikası 99 il əvvəl Tiflisdə şimali Azərbaycan torpaqlarında elan edilmiş müsəlman Şərqində ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edilir:
"O zaman rəsulzadələr, xoyskilər, hacinksilər, topçubaşovlar, mehmandarovlar, yusifbəylilər, sultanovlar və digərlərinin uzun mücadiləsindən sonra Azərbaycan yüz illik Rusiya əsarətindən sonra müstəqil dövlət qura bildilər. AXC qurularkən ərazisi 113,9 min kv.km-i əhatə edirdi, əhalisi isə 3,3 milyondan çox idi. I Dünya müharibəsindən sonra Rusiya imperiyası zəifləmiş, daha sonra dağılmış, yerində yeni bolşevik hökuməti qurulmuşdu. Bu amil AXC-nin yaranması üçün münbit şərait yetişdirmişdi. Bu dövlət cəmi 23 ay yaşadı. Lakin itirdiyi ilə bacarmayan Rusiya yenidən Azərbaycanı ilhaq etdi və daha sonra başında özünün durduğu SSRİ adlı vahid dövlətin tərkibinə qatdı. Lakin müstəqillik ideyalarını, hisslərini bu xalqın düşüncəsindən, qanından, canından çıxarmaq olmamışdı. Nəhayət, 71 ildən sonra Azərbaycan müstəqilliyini bərpa etdi. Əgər 90-cı illərdə müstəqillik bizim üçün yalnız Rusiyadan ayrılmaq, azad olmaq, sərbəst dövlət qurmaq idisə, bu gün bizim üçün müstəqillik daha böyük anlam ifadə edir. Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. İndi bizim üçün müstəqillik həm onu qoruyub saxlamaq, həm işğal olunmuş torpaqlarımızı qaytarıb ərazilərimizi bərpa etmək, həm istər siyasi, istər iqtisadi, istərsə də hərbi və digər cəhətlərdən güclü olmaq, həm beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmaq, digərlərini onunla hesablaşmağa məcbur etmək, həm də müsbət şeylərdən bəhrələnərək hərtərəfli inkişaf etmək deməkdir. Müstəqil dövlət o zaman güclü olar ki, onun vətəndaşı güclü olsun. Güclü vətəndaş isə savadlı, elmli, mədəni səviyyəsi və sosial təminatı yüksək olan şəxs deməkdir. Vətəndaş isə özünü o zaman güclü hesab edər ki, onun sabitliyin və təhlükəsizliyin olduğu, hər kəsin hüquqlarının, ədalətin qorunduğu güclü dövləti olsun. Ona görə də təkcə müstəqlliyi qazanmaq yetərli deyil. Müstəqilliyimizin 26 ili ərzində çox işlər görülüb, amma qarşıda görəcəyimiz çox şeylər, bizim çatacağımızı gözləyən çox məqsədlər var. Müstəqlliyimiz bizim şərəf və qürur yerimizdir. Onu hamılıqla, üzərinə düşən məsuliyyəti vicdanla yerinə yetirməklə qorumalı, gücləndirməli və inkişaf etdirməliyik".
 
 

Jurnalist Dilqəm Əhməd 99-cu ildönümünü qeyd etdiyimiz 28 May hadisəsi bugünkü Azərbaycan tarixinin başlanğıc günü olduğunu dedi:
"Bildiyiniz kimi, XX əsrdə dünya siyasi xəritəsi bir neçə dəfə dəyişdirildi və bugünkü sərhədlər müəyyən edildi. 1917-ci il inqilablarından sonra Azərbaycanda müstəqil dövləti elan edəcək potensial olmasaydı, bu gün biz bəlkə də, əbədiyyən heç bir vaxt müstəqil olmayacaqdıq. Rusiyanın tərkibində hər hansı bir əyalət kimi qalacaqdıq. Ona görə də ən əvvəl bilinməlidir ki, 28 may bizim taleyimizi cızdı, bu baxımdan İstiqlal Bəyannaməsinə imza atan hər kəsin ruhu qarşısında baş əyirik. İkincisi təsəvvür edin ki, dünyada hələ imperiyaların hökm sürdüyü bir halda Cənubi Qafqazda yerləşən Azərbaycan adlı kiçik bir dövlət demokratiya, insan hüquqları dərsi keçdi bir çoxlarına. Ölkədə parlament quruldu, bütün tərəflərin maraqları qorundu, qadınlara səsvermə hüququ verildi. Mən hər kəsə, xüsusilə gənclərə o zamankı parlamentin steneqorafik mətnlərini oxumağı tövsiyə edirəm. Görün, necə demokratik bir ortamda, sağlam müzakirələr gedib. Eləcə də, Cümhuriyyəti quran insanların həyatını öyrənsinlər, hər birinin təsadüfi adamlar olmadığını görəcəklər. Bu insanlar hələ 1905-ci il inqilabında önə çıxmışdılar, hadisələrin necə cərəyan edəcəyini başa düşmüşdülər. Əgər bu insanlar hazırlıqlı olmasaydılar, onların diplomatik bacarıqları olmasaydı, nə Cümhuriyyət elan olunardı, nə Nuru Paşa gəlib Bakını azad edərdi, nə də ki, Parisdə dövləti de-fakto tanıda bilərdilər".

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...