"Prezidentin addımı mətbuata və hər bir vətəndaşa göstərilən qayğının nəticəsidir" - Millət vəkili

"Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Qazaxıstan Respublikasına səfərdən qayıdandan sonra Prezident İlham Əliyevə məsələ ilə bağlı məruzə olunub. Azərbaycan Prezidenti hüquq mühafizə orqanlarına Mehman Əliyevin müraciətinə baxılmasını tapşırıb.

Bu gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə Mehman Əliyevin barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edlib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Mehman Əliyevin azadlığa buraxılmasını Sfera.az-a şərh edən millət vəkili Aydın Mirzəzadədeyib ki, bu hər bir şəxsə prezidentin humanistliyini və diqqətcil olmasının göstəricisidir.

Millət vəkili qeyd edib ki, Mehman Əliyev müvəqqəti saxlanma prosesi üzərindən götürülüb:
"Ona qarşı irəli sürülmüş ittihamların araşdırılmasında iştirak edəcək. Bu addım göstərir ki, Azərbaycan hüquqi dövlətdir. Qanunların qarşısında hər kəsin bərabərliyi təmin edilir. Əlbəttə ki, hüququn imkan verdiyi çərçivədə insanlara qarşı humanist münasibət göstərilir. Cənab Prezidentin addımı mətbuata və hər bir vətəndaşa göstərilən qayğının nəticəsidir”. 

Xatırladaq ki, Mehman Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılmışdı.
Aidiyyəti orqanlar M.Əliyevin müraciətini Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 10 fevral tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamına uyğun olaraq nəzərdən keçirirlər.
Qeyd edək ki, bu barədə ilk olaraq "haqqin.az" saytı məlumat yayıb.

Gülnarə Eynullaqızı
Sfera.az
 

DİGƏR XƏBƏRLƏR