Cəmİyyət

Prezident İsa Qəmbərlə bağlı göstəriş verdi

Prezident İsa Qəmbərlə bağlı göstəriş verdi
 Prezident İlham Əliyev İsa Qəmbərin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb.

Sfera.az xəbər verir ki, bu barədə xural.com saytı yazıb. Dövlət başçısı Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin həm ölkə daxilində, lazım gələrsə ölkə xaricində müalicə və əməliyyat olunması üçün bütün zəruri addımların atılması barədə müvafiq göstərişini verib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da bu gün açıqlama verib ki, əgər İsa Qəmbərin xaricdə müalicəsinə ehtiyac yaranarsa, dövlət lazımi dəstək verəcək.

S.Novruzov İsa Qəmbərin səhhəti ilə maraqlanmaq üçün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə əlaqə saxlayıb və lazım olan bütün addımların atılacağını deyib.

Qeyd edək ki, S.Novruzov APA-ya açıqlamasında da İ. Qəmbərə şəfa dilədiklərini, can sağlığı arzuladıqların bildirib. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu ölkə vətəndaşlarının müalicəsi, həmçinin, xaricdə müalicəsinə ehtiyac olan zaman müvafiq dəstəyin göstərilməsi ilə bağlı addımlar atır: "Kimliyindən asılı olmayaraq, müraciət edən bütün Azərbaycan vətəndaşlarına – istər incəsənətdə, istər siyasətdə, istər digər sahələrdə çalışan şəxslər olsun – müvafiq dəstək göstərilir. İsa Qəmbər də Azərbaycan vətəndaşıdır. Onun müalicəsinə dəstək verilməsinə ehtiyac olacaqsa, dövlət bu sahədə hər cür dəstək verəcək”.

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə ürəyində yaranmış problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun ürəyinə stentlər qoyulub, hazırda həkim nəzarətindədir.
AdRiver
loading...

XƏBƏR LENTİ