Politoloqdan Qarabağda müharibə xəbərdarlığı – “Seçkilərdən sonra başlaya bilər”

Politoloqdan Qarabağda müharibə xəbərdarlığı – “Seçkilərdən sonra başlaya bilər”
"Son zamanlarda Rusiyadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nikbin bəyanatlar səsləndirilir. Bu bəynatlar Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dilindən çatdırılır”.

Politoloq Qabil Hüseynli Sfera.az-a açıqlamasında belə deyib. Lakin politoloq hesab edir ki, Rusiya münaqişəyə yanaşmada Azərbaycanın ərazi bütövlüyü məsələsinə birmənalı yanaşmır:

"Rusiya ilə yanaşı, Avropa ölkələrindən də bəzən nikbin, bəzən də həyəcanlı bəyanatlar verilir. Amma ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Qarabağda müharibənin olacağını proqnozlaşdırır. Güman edilir ki, bölgədə hökm sürən gərginlik hər an müharibəyə çevrilə bilər. Diqqətə çatdırılır ki, bölgə tamamilə hərbiləşdirilib, Azərbaycanın kifayət qədər silah-sursatı, ordusu var və Ermənistan vəziyyəti açıq qarşıdurmaya sürükləyir. Bu baxımdan, Qarabağ münaqişəsi ətrafında müharibənin yenidən başlayacağı əsas müzakirə mövzusudur. Zənnimcə, Azərbaycan seçkiqabağı dönəmdə müharibə ritorikasına üz tuta bilər. Çünki Azərbaycan işğala məruz qalmış tərəfdir. Üstəgəl, Ermənistan Azərbaycana qarşı olan separat ərazi iddialarından geri çəkilmir”. 
 
Qabil Hüseynli Ermənistanın qeyri-konstruktiv mövqeyinin vəziyyəti gərginləşdirdiyini iddia edir: 

"Bu baxımdan, bu dönəmlərdə Azərbaycanın hərbi ritorikasının güclənəcəyini proqnozlaşdırmaq mümkündür. Ermənilər isə öz hərbi ritorikasını daxili auditoriyaya hesablayıblar. Beyəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ziddiyyətli mövqe tutur. Avropa İttifaqının son bəyanatından sonra münaqişəyə birmənalı mövqe sərgiləyən dövlətlər çox azdır. Xüsusilə, Rusiyadan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqenin sərgilənməsini istərdik. Amma təəssüflər olsun ki, bunu eşitmirik. Lakin Azərbaycanda keçiriləcək seçkilərdən sonra Qarabağ problemi üzrə danışıqlar intensivləşə bilər. Amma danışıqların bu mərhələsində anlaşmanın əldə olunacağını proqnozlaşdırmıram. Çünki Ermənistan qeyri-konstruktiv mövqe tutur. Buna görə də seçkilərdən sonra müharibənin başlayacağı ehtimalı daha yüksəkdir”.


Mənsur Rəğbətoğlu

Sfera.az

OXŞAR XƏBƏRLƏR