Politoloq ortada dolaşan “Qarabağ planı”ndan danışdı -"Ermənistan bu qədər zəif olmayıb”

Politoloq ortada dolaşan “Qarabağ planı”ndan danışdı -
Son zamanlar Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində aktivləşmə müşahidə olunur. Yanvarın 16-da Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü, ardınca Davos Forumunda prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü buna dəlalət edir.

Sfera.az xəbər verir ki, Politoloq Eldar Namazov mövzu ilə bağlı "Yeni Müsavat”a önəmli açıqlamalar verdi. O, öncə Azərbaycanla Rusiya arasındakı münasibətlərdə soyuqluğun yaranması barədə onda hər hansı informasiyanın olmadığını söylədi: "Bunu əsaslandıran faktlara da malik deyiləm. Əksinə, Ermənistanın Rusiya və ABŞ-la münasibətlərində Qarabağ məsələsi ətrafında ciddi problemlər yaranıb. Rusiya ilə problemləri daha böyükdür. Kreml Ermənistandakı hakimiyyət dəyişikliyini qəbul etmir, Paşinyan hakimiyyətinə münasibəti çox mənfidir. Ruslar bunu MDB məkanındakı inqilabların tərkib hissəsi kimi qəbul edirlər. Rusiya tərəfi Paşinyana təzyiq mexanizmi çərçivəsində Qarabağ məsələsindən məharətlə istifadə edir. Ən maraqlısı odur ki, belə bir vəziyyətdə ABŞ gedən bu proseslərdən istifadə edib Ermənistana şirnikləndirici vəd vermək əvəzinə rəsmi İrəvanı əməlli-başlı sıxır. Ermənistanı sıxır ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəl. Tramp bu yaxınlarda Paşinyana baş nazir olması münasibətilə təbrik göndərmişdi. Bu, 4 cümlədən ibarət təbrik məktubu idi. Təsəvvür edin ki, 4 cümlənin ikisində Qarabağ məsələsində güzəştə get mesajı var idi. Növbəti cümlədə deyir ki, Ermənistanın inkişafı üçün ABŞ dəstək verər, amma bunun üçün Dağlıq Qarabağ probleminin həlli daha geniş imkanlar yaradar. Hətta belə məsələləri adətən ört-basdır etməyə çalışan erməni ekspertlər məcbur olub bildirdilər ki, bu təbrik məktubu daha çox ultimatuma bənzəyir. Belə vəziyyətdə təbii ki, Dağlıq Qarabağ ətrafında gedən danışıqlardan erməni cəmiyyəti narahat olmaya bilməz. Hər gün  erməni mətbuatı yazır ki, Rusiya da, ABŞ da bizi sıxır, Paşinyan, deyəsən, işğal olunmuş əraziləri Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Bu gün üçün Ermənistan mətbuatını açsanız, oxuyarsınız ki, ermənipərəst rus politoloqları bildirirlər ki, iyun ayında Paşinyan məcbur olub İlham Əliyevlə saziş bağlayacaq və işğal olunmuş ərazilərin bir hissəsini geri qaytarmağa razılaşacaq. İllərlə ermənilərə dəstək verən rus politoloqlar indi bu məzmunda erməni mətbuatına müsahibələr verirlər. Hətta onları ələ salırlar ki, əgər Ermənistanda kimsə düşünür ki, Dağlıq Qarabağ məsələsində erməni icmasının razılığı olmadan razılıq ola bilməz, onlar romantiklərdir, sadəlövh adamlardır, hər şey birbaşa böyük dövlətlərin təzyiqi və Azərbaycan-Ermənistan rəhbərlərinin danışıqları nəticəsində həll olunacaq, kimdir onlardan soruşan ki, bu addımı ataq ya yox. Mövcud durum bundan ibarətdir. Deyərdim ki, Qarabağ konflikti başlayandan bu günə qədər Ermənistanın mövqeyi hələ bu qədər zəif olmayıb. Ümid edirəm ki, yeni yaranmış situasiyadan istifadə edib torpaqlarımızın azad olunmasına nail ola biləcəyik”.

Politoloq Paşinyanın son Moskva səfərinə də toxundu: "Yanvarın 24-də Paşinyanın Moskvaya səfəri var. Rusiyada Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının qərargahında Paşinyan çıxış etmək niyyətindədir. Ona görə ki, növbəti sədrlik Ermənistana keçir. Adətən baş nazir ölkəyə rəhbərlik etdiyi dövlətlərdə belə forumlara baş nazirin birinci müavinini göndərirlər. Çünki belə forumlarda adətən dövlət başçılarının görüşləri başqa, nazirlərin görüşləri isə fərqli bir şəkildə keçirilir. İndi Paşinyanın özü qərar verib ki, Moskvaya gedib özü çıxış eləsin. Ən maraqlısı odur ki, bu günlərdə Rusiya prezidentinin köməkçisi cənab Peskov jurnalistlərə məlumat verib ki, Putinin Paşinyanla görüşmək üçün vaxtı yoxdur, onun qrafiki həmin gün çox zəngindir. Hələlik belə görüş nəzərdə tutulmur. Mən hələ belə bir hal görməmişdim ki, MDB ölkələrindən hansınınsa başçısı Rusiyaya səfər etsin, Putinin onu heç olmasa 5-10 dəqiqə qəbul etməyə vaxtı olmasın. İndi ekspertlər arasında bu haqda çoxsaylı müzakirələr gedir. Əgər Putin 5-10 dəqiqə vaxt tapmayıb Paşinyanla görüşməsə, bu, Paşinyan üçün çox ciddi diplomatik sillə olacaq. Paşinyan bu informasiyanı alan kimi öz aləmində guya güclü bir manevr etmək qərarına gəldi və Moskvaya uçmazdan əvvəl guya ABŞ rəhbərliyi ilə telefonla nəyisə müzakirə etmək fikrinə düşdü. Bu, Putinə bir təzyiq idi ki, ABŞ rəhbərliyi mənimlə telefonla danışır, müzakirələr aparır, mən Moskvada olanda necə mənimlə görüşə vaxt tapmırsan. Paşinyanın bu planı da fiaskoya uğradı. Çünki məlum oldu ki, Trampın onunla telefonla danışmağa vaxtı yoxdur. ABŞ-da ikinci şəxsin belə vaxtının olmadığı məlum oldu. İndi Paşinyan məlumat yayır ki, ABŞ prezidentinin köməkçisi Con Boltonla  danışıb, ikitərəfli münasibətləri müzakirə edib. Bu da əslinə qalsa, böyük biabırçılıqdır. Çünki belə məsələləri ölkə rəhbəri ilə digər ölkənin rəhbəri müzakirə edə bilər. Ən azından vitse-prezidentlə müzakirə etmək olardı. Ən pis halda ya Pentaqon, ya da Dövlət Departamentinin rəhbəri ilə danışıqlarda ölkənin rəhbəri nələrisə müzakirə edə bilər. Amma daha prezidentin köməkçisi ilə belə məsələləri müzakirə etmək olmaz. Ermənistanın rəhbərliyi elə gündədir ki, telefon danışığına prezidentin köməkçisi səviyyəsində razılıq verilir, Moskvaya səfər edən rəhbərə Kreml sahibi görüş üçün vaxtının olmadığı mesajını çatdırır. Bunların əsas səbəbi ermənilərin apardığı işğalçılıq siyasəti, dövlətlərə qarşı irəli sürdükləri əsassız ərazi iddialarıdır. Arxayındırlar ki, arxalarında Rusiya və ABŞ-dakı erməni diasporu dayanır. Artıq nə Kreml, nə də ABŞ onlara şərik olmaq istəyir”.

E.Namazov Avropa Parlamentində və AŞ PA-nın qış sessiyasında Azərbaycanla bağlı qəbul edilən sərt qərarlara da toxundu: "Qarabağ konfliktinin həllindən daha çox gərək çalışaq ki, ölkədə bir nəfər də siyasi məhbus olmasın. Konflikt var və ya yox, çalışmalıyıq ki, ölkədə hər bir insanın hüquqlarını qoruyaq, beynəlxalq təşkilatlarla münasibətlərdə heç bir gərginlik yaşamayaq. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Qarabağ probleminin həlli təkcə regional, təhlükəsizlik və əməkdaşlıq sisteminə yox, ümumiyyətlə, qlobal  təhlükəsizlik və əməkdaşlıq sisteminə təsir edəcək konflikt kimi dünyada dəyərləndirilir. Bu haqda Boltonun Azərbaycan və Ermənistana səfərləri zamanı açıq deyildi ki, bu, ABŞ üçün strateji məsələdir. Bolton misal gətirdi ki, bu, məsələnin həlli qonşu İranın fonunda qlobal siyasətin tərkib hissəsidir. Bolton ölkəsinin Qarabağ probleminə həll gözü ilə baxdığını da söylədi. Bu baxımdan Avropada Azərbaycanla bağlı qəbul edilən qərarları Qarabağ məsələsi ilə bağlamayacaq. Hər iki məsələ bizim üçün çox önəmlidir. Dağlıq Qarabağla bağlı atılan hər bir addım bizim üçün önəmlidir. Azərbaycan tərəfi beynəlxalq təşkilatlarla daim yüksək münasibətlər qurmalıdır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...