Politoloq: “MSK qarşısında əsl biabırçılıq sayıla bilən davranışlar gördük”

Politoloq: “MSK qarşısında əsl biabırçılıq sayıla bilən davranışlar gördük”
 

"Ən anlaşılmaz seçki təzahürlərindən biri Mərkəzi Seçki Komissiyasının qarşısında cürbəcür xarakterli toplantılar keçirərək hay-küy salmaqdır. Sanki məqsədli şəkildə bir neçə nəfər oturaq vəziyyətdə və ya ayaq üstündə ucadan nəsə qışqırır, kimlərsə də kənardan bunu çəkib sosial şəbəkələrdə tirajlayır”.

"Report”un xəbərinə görə, bunu politoloq Aydın Quliyev deyib.

Onun sözlərinə görə, seçki nəticədə hər kəsin razı qalacağı bir proses deyil: "Bu prosesdə, sözsüz ki, narazılar olacaq, belə hallar dünyanın hər yerində olur. Ancaq dünyanın heç də hər yerində olmayan əcaiblik bilirsinizmi nədir? Seçkidən sonra narazıların MSK qarşısında toplaşıb kənardan diqqət cəlb etmək cəhdləridir. Normalda məhkəmələrlə mübahisələrə aydınlıq gətirmək mümkün olduğu halda MSK-nın qarşısını mitinq meydanına çevirmək cəhdləri nə deməkdir? Bu qanunsuz toplantıların qarşısını da alanda "bizə təzyiq göstərilir" kimi yersiz hay-küylər başlayır. Normalda MSK-nın qarşısına gələn narazılar MSK-da müvafiq qapıları açaraq dərdlərini bölüşə bilərlər. Əksinə, MSK qarşısında əsl biabırçılıq sayıla bilən davranışlar gördük. Üzdən publikaya çox tanış olan bir "qadın" MSK işçisindən hay-qışqırıqla tələb edir ki, "get kreslonu gətir, burda mənim yanımda qoy və əyləş". Əməkdaşın israrlı və həqiqətən etik jestlərlə bu "qadını" MSK binasına söhbət üçün dəvət etmək cəhdləri bir nəticə vermir. Çünki ictimaiyyətin əvvəlki aylardakı hadisələrdən yaxşı tanıdığı bu "qadınlar" bəzi Avropa strukturlarının diktəsi ilə idarə olunan "partiya" sədrindən belə sifariş alıblar". 
A.Quliyev deyib ki, həmin şəxslər MSK qarşısında məqsədli şəkildə hay-küy salırdılar: "Bunları görəndə həmin şəxslərin və əsasən də həmin "qadınların" bir neçə ay əvvəl Bakının məşhur yerində keçirdikləri piket zamanı çox abırlı bir polis zabitinin üstünə necə "nalyot" etdiyini göstərən kadrlar yada düşür. Onları sakit davranışa dəvət edən polisdən tələb edirdi ki, Avropa Şurasının İstanbul konvensiyasını ("Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının Konvensiyası) Azərbaycan niyə imzalamır? Təsəvvür edirsinizmi ki, polis zabiti bu hayqırtılara necə təəccüblə baxırdı? Axı hansısa konvensiyanı imzalamaq və ya imzalamamağın polislik olmadığını kim bilmir ki?! Həm də həmin İstanbul konvensiyası deyilən Avropa Şurası sənədinə qarşı ermənilər rəsmi üsyan edirlər ki, bu sənəd təsdiqləndiyi halda bizim ailə dəyərlərimizi dağıdacaq. Baxın, ermənilərin daş-qalaq etdikləri sənədin Azərbaycanda parlament tərəfindən təsdiqlənməsini tələb edən "qadınlar" hərəkatı gedir. Bu hərəkatı idarə edən partiya sədri də var. Ən maraqlısı odur ki, MSK-nın qarşısında bu günlərdə hay-qışqırıq salanların arasında həmin "qadınlardan" olanlar daha çox fəallıq edirlər. İndi bildinizmi MSK-nın qarşısında "seçki saxtalaşdırılıb" deyənlərin arasında kimlər var?".

Politoloq hesab edir ki, parlament seçkisində pozuntu və qanunsuzluq halları olmayıb: "Dediyim odur ki, hər pozuntunun öz qanuni araşdırılma üsulları var. Bu üsulların içində isə MSK-nın işçisini kreslosu ilə birlikdə küçədə oturmağa çağırmaq kimi bir şey yoxdur”.

Milli Məclisin deputatı, "Yeni Azərbaycan”qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə deyib ki, istənilən halda icazəsiz aksiya keçirmək qanun pozuntusudur. Onun fikrincə, bunu seçki kimi mühüm siyasi-hüquqi hadisədən sonra seçkini keçirməklə vəzifələndirilmiş Mərkəzi Seçki Komissiyası qarşısında keçirmək isə həm də bu məsul və müstəqil quruma təzyiq kimi qiymətləndirilməlidir.

O bildirib ki, 9 fevral milli demokratiya tariximizdə mühüm əhəmiyyətli günlərdən biri kimi yadda qalıb: "Azərbaycan vətəndaşları öz seçki hüquqlarını realizə edərək yeni parlamenti formalaşdıracaq namizədləri seçdilər. Bu mühüm proses əvvəldən axıradək şəffaf şəkildə keçirilib və bunu da məhz MSK təmin edib. Ölkəmizə seçkini qiymətləndirmək üçün ən müxtəlif ölkələrdən, beynəlxalq və regional təşkilatlardan çoxsaylı müşahidə missiyaları gəlib, onlar seçkini müşahidə edərək onu müsbət qiymətləndiriblər. Hətta ən tənqidi mövqedə olanlar belə MSK-nın fəaliyyətinin şəffaf və obyektiv olduğu ilə bağlı fikirlər səsləndiriblər. Belə olan halda ali qanunverici orqanda təmsil olunmaqda iddia irəli sürmüş keçmiş namizədlərin və onların tərəfdarlarının qanunu pozmaq cəhdləri heç cür başa düşülən deyil və ictimai rəy tərəfindən şiddətlə qınanır. Ona görə də belə halların qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınmalı, bütün narazılıq və anlaşılmazlıqlar isə seçki hüququna uyğun şəkildə müvafiq hüquqi prosedurlara riayət etməklə həyata keçirilməlidir. Əks təqdirdə, heç bir halda hüququn aliliyini təmin etmək mümkün olmaz”.



OXŞAR XƏBƏRLƏR