Pekində muğam gecəsi

Pekində  muğam gecəsi
Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı və Bakı Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Çinin ən böyük konsert salonu olan Milli İncəsənət Mərkəzində Novruz bayramı münasibətilə "Azərbaycan muğamı gecəsi” təşkil edilib.


Tədbirin açılışında çıxış edən səfir Əkrəm Zeynallı konsertin Çinin siyasi həyatında çox vacib hadisəyə - Si Cinpinin Çin Xalq Respublikasının sədri vəzifəsinə yenidən seçildiyi vaxtda təsadüf etdiyini vurğulayıb və bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin Çinin dövlət başçısına təbrik məktubu ünvanlandığını diqqətə çatdırıb. Məktubun məzmunu ilə tədbir iştirakçılarını tanış edən səfir, Azərbaycan və Çin liderlərinin siyasi iradəsi ilə ikitərəfli əlaqələrimizin sürətlə inkişaf etdiyini qeyd edib.


Səfir Ə.Zeynallı Azərbaycanın Çin ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin bütün sahələrdə dərinləşdirilməsində maraqlı olduğunu söyləyib. Konsertin təşkilində əsas məqsədin Çin ictimaiyyətini musiqi vasitəsilə qədim və zəngin mədəniyyətimizlə tanış etmək, musiqi körpüsü ilə xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq olduğunu vurğulayan səfir, bununla da mədəniyyət sahəsində əlaqələrimizin daha da genişləndirilməsinə töhfə vermək olduğunu bildirib.


Diplomat xalqımızın qədim bayramı Novruz haqqında məlumat verərək deyib ki, baharın gəlişini, təbiətin oyanışını, ruzi-bərəkət, paklıq və həmrəyliyi xarakterizə edən bu bayram Azərbaycanda təntənəli şəkildə qeyd olunur. O, Azərbaycanda Novruz şənliklərini muğamsız təsəvvür etməyin çətin olduğunu diqqətə çatdırıb.


Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Gənc xanəndələr Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev, kamança ifaçısı Ceyhun Muradovun təqdimatında "Leyli və Məcnun” operasından parçalar, "Şahnaz”, "Çahargah”, "Qatar”, "Bayatı-Şiraz” və "Segah” təsnifləri, "Qarabağ” şikəstəsi ifa olunub.


Konserti izləyənlər arasında Çinin Xarici İşlər, Kommersiya, Mədəniyyət nazirliklərinin, Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin rəsmiləri, Pekin ictimaiyyətinin nümayəndələri, eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
 
 
azərtac

 

OXŞAR XƏBƏRLƏR