Pekin Qarabağ məsələsində Azərbaycanın yanında olacaq - Ekspertdən açıqlama
"Çinin Azərbaycanla yaxınlaşması geosiyasi maraqlar çərçivəsində baş verir”
Sfera.az-a açqılamasında bu sözləri Çində "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində keçirilən layihə fonunda Pekinin Bakıya marağının artması və onun Azərbaycana hansı üstünlüklər qazandıra biləcəyilə bağlı məsələyə aydınlıq gətirərkən politoloq Natiq Miri deyib.
Həmsöhbətimizin fikrincə, görünən odur ki, Azərbaycan Pekin üçün mühüm əhəmiyyət kəsb etməyə başlayıb: "Heç bir ölkə hansısa digər bir ölkəni sadəcə sevərək onunla münasibətlərini istiləşdirmir. Ortada mütləq mənada geosiyasi maraqlar olmalıdır ki, həmin maraqlar da mövcuddur. Bilirsiniz ki, Azərbaycan "Bir kəmər, bir yol” layihəsinin nəinki iştirakçısı, körpüsü, eyni zamanda təşəbbüskarı kimi çıxış edən ilk dövlətlərdəndir. Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişi də təxminən bu kontekstdə baş verən böyük bir geoaiyasi layihıdir. Çindən gələn yüklər həmin dəmir yolu vasitəsilə çox rahatlıqla qısa müddətdə Avropaya çatdırılacaq. Bu da təbii ki, Azərbaycanın geosiyasi, geostrateji əhəmiyyətini artırır. Bu kontekstdə Azərbaycan artıq Avropa ilə Asiya arasında vazkeçilməz körpü mövqeyində çıxış etmək imkanı qazanır. Belə olan təqdirdə, təbii ki, Çin kimi iqtisadi, hərbi cəhətdən nəhəng, qüdrətli ölkənin Azərbaycana marağı birmənalı olaraq artacaq"
Ekspert hesab edir ki, Çin mütləq mənada həm Azərbaycanda, həm də qlobal səviyyədə layihələrini qorumaq üçün ölkəmizi Dağlıq Qarabağ münaqişəsinin həllində də müdafiə edəcək: "Çin kimi böyük dövlətin qarşısında Azərbaycanla Ermənistanın mövqeləri müqayisə oluna bilməz. Çin həmçinin xristian dövləti olmadığından bu yöndə Ermənistana dini bağlılığı da yoxdur. Belə olan təqdirdə, Çin kimi nəhəng dövlətin bütün məsələlərdə Azərbaycanı müdafiə etməsi təbii ki, ölkəmiz üçün çox əhəmiyyətli geosiyasi nailiyyətdir. Ona görə Pekində keçirilən görüşlər və ondan çıxan bir sıra iqtisadi-siyasi nəticələr Azərbaycan dövlətinin növbəti uğuru siyahısına yazılmalıdır. Bu da gələcəkdə, ölkəmizin təkcə regional səviyyədə deyil, artıq qlobal səviyyədə əhəmiyyətini artırır. Nəticədə həm dünya gücləri, həm də beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi güclənəcək. Onu da nəzərə alaq ki, Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Onun özü də ölkəmizin mövqeyini gücləndirən amildir”.
Qeyd edək ki, aprelin 26-da Çinin paytaxtı Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu Azərbaycan üçün də geniş perspektivlərin açılması baxımından mühüm tədbir oldu. Ən azından Ermənistan həmin layihədən də kənarda qaldı. Bu kontekstdə atılan addımlar onu deməyə əsas verir ki, Azərbaycan Çin kimi nəhəng dövləti öz ətrafına cəlb edə bilib.
Elçin