\"Paşinyan Putindən qaz almaq üçün gərək gedib öz \"qazını\" buraxsın...\"
13:25 / 30.12.2018
3390
Moskvaya Putinin hüzuruna əsasən özünü təbrik etdirməyə və mavi qaz dalınca qazlı-qazlı gedən Paşinyanın nəticədə geriyə "qazsız" qayıtmasının səbəbini, rəsmi Moskvanın İrəvanın qarşısına qoyduğu bir neçə şərtlərə cavab vermədiyini güman etmək olar.
Bu şərtlərdən birincisi heç şübhəsiz ki, Ermənistanda parlament seçkilərindən 2 gün öncə, yəni 7 dekabrda "damlanan" Putinin keçmiş "həm karı", həm koru, həm lalı, həmçinin dostu hesab olunan Koçaryanın zaminə buraxılması ilə bağlıdır. Maraqlı burasıdır ki, görəsən Putin Robert adlı "qazına" görə Ermənistana satılan təbii qazının qiymətindən neçə dollar aşağı düşə bilər? Başqa sözlə desək, Robert Koçaryan Putin üçün neçə dollarlıq "qaz" qiymətinədir?
Hərçənd, Rusiya "Qazpromu"nun rəhbəri Aleksey Miller başlanğıc qiymət kimi 1000 kub təbii qaza görə 215 dollar təklif edib. Amma hazırda Rusiya-Ermənistan arasında bu ilin 31 dekabrınadək bağlanmış müqaviləyə əsasən Ermənistan 1000 kub qaza görə Rusiyaya 150 dollar ödəyirdi. Bu mənada Koçaryanın üstündə "bazar" bu qiymətdən başlayır və onun qiyməti özünü öldürsə də 215 dollardan baha olmayacaq. Əksinə, hazırda Ermənistana "paşalıq" edən, onun qiymətini daha da ucuzlaşdırmaq istəyir.
İkinci şərtsə Rusiya xarici işlər naziri Sergey Lavrovun (Kələntəryan) "Amerika Birləşmiş Ştatları hərbçilərinin Ermənistanda olması istisnadır" deməsi ilə əlaqədadır. Hərçənd, ermənilər hesab edirlər ki, güya bu, məxfi bioloji laboratoriya ilə bağlı deyilmişdir. Amma əslində Rusiya burada ABŞ-ın Cənubi Qafqaz bölgəsinə, məhz onun forpostu olan Ermənistandan daxil olmasının qəbuledilməzliyini nəzərdə tutduğundandır ki, ayağını "qaza" dibinədək basaraq Paşinyana kimin daha çox "qazlı" olduğunu açıq-aşkar sübut edir.
Moskvanın növbəti şərtinə gəlincə isə bu, Rusiyanın Gümrüdəki 102-ci bazasının hərbçiləri tərəfindən dekabrın əvvəlində döyülərək öldürülmüş süpürgəçi 57 yaşlı yerli Ermənistan vətəndaşı Cülyetta Qazaryanın qətlinin siyasiləşdirilməməsi ilə bağlıdır. Çünki Rusiya istəmir bu hadisə "ağa-nökər" arasında ikinci Permyakov qalmaqalını yenidən yaratsın.
Bu arada Ermənistan mətbuatına əsasən, süpürgəçi qadının öldürülməsi ilə bağlı erməni vəkil Norayr Morikyan deyib ki, istintaq prosesini Ermənistan tərəfi aparmalı olsa da, Rusiya bu cinayəti törədən öz həbçisini Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verməkdən imtina edir və onu 102-ci bazada saxlayır.
Bu olayla bağlı Rusiyanın Ermənistandakı səfirliyi qarşısında mitinq keçirən bir neçə qrup hay dəstəsi, xüsusən qərb tərəfdarları haray-həşir salaraq Rusiyaya aid 102 saylı hərbi hissənin Ermənistan ərazisindən çıxarılmasını tələb ediblər.
Qeyd edək ki, 2015-ci ilin 12 yanvarında Gümrüdəki 102-ci rus hərbi bazasının əsgəri Valeri Permyakov Avetisyanlar ailəsinin 7 üzvünü qətlə yetirmişdir. O zaman bu olay Ermənistan cəmiyyətinin kütləvi etirazlarına və cinayətkarın Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələblərinə baxmayaraq, Rusiya onları heç bir vecə almadı. Permyakov məhz 102-ci hərbi bazada keçirilən məhkəmə prosesində Rusiya qanunvericiliyinə uyğun olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası almışdır. Daha sonra isə Rusiyaya ekstradisiya edilmişdir.
Sözsüz ki, rəsmi Moskva yaxşı bilir ki, rus əsgərləri Ermənistanda nə qədər adam öldürsələr də, heç bir qorxusu yoxdur, onların qan pulu uzaqbaşı bir neçə kub mavi qazla bağlanacaq.
Odur ki, "pazı pazla çıxararlar" deyiminə əsaslansaq Putin Paşinyanın "qazını" məhz qazla çıxarmaq istəyir. Əks təqdirdə artıq 8 aydır "qazı" içində qalan Paşinyan qışın bu oğlan çağında qazsız qalaraq donan ermənilər tərəfindən ən yaxşı halda elə qaz kimi yolunacaq və onun dədəsi gəlsə də bunun qarşısını ala bilməyəcək.
Yeri gəlmişkən, görüş zamanı özünü Paşinyanın dədəsinin adından güya bixəbər kimi göstərən Rusiya prezidenti, ona müraciəti zamanı "Nikol Vovayeviç" yerinə "Vladimiroviç" deməklə, əslində dolayısı ilə "Nikol, sənin atan mənəm" demiş olub. Çünki Putin "ermənibaşlara" həmişə olduğu kimi "dədəlik" etməyə bir növ adətkardır.
Əlbəttə, Paşinyan "ermənibaşı" olmasına görə özünü Putinə gedib təbrik etdirməkdən başqa niyyətində tutuduğu digər məsələlərin həllinə nail ola bilmədi deyə İrəvana qayıdan kimi, Rusiyanın Dağlıq Qarabağın "başına qondurduğu" Bako Saakyanı öz ayağına gətizdirdi ki, Moskvadan "tısdan düşmüş" halda qayıtmasını xalqa elə də biruzə verməsin.
Bundan əlavə, Paşinyanı Moskvadan İrəvana qaytaran "əyripalan" hələ göydəykən, Putin zindanda olan etibarlı "qazına" - Koçaryana yeni il və rojdestvo (İsa peyğəmbərin doğum günü) bayramları münasibətilə təbrik "açıqca"sı göndərib və ona möhkəm möhkəm cansağlamlığı, mətinlik və yüksək ruhlu olmasını arzulayıb. Putinin bu təbriki Koçaryanı nə qədər ruhlandırsa da, amma Ermənistan Apellyasiya Məhkəməsinin Roberti girov müqabilində azad edilməsinə dair məhkəmə istintaqını qarşıdan gələn donuz ilinin 9 yanvarınadək təxirə salaraq onun ruhunu donuz ruhuna döndərdi.
Belə alınır ki, Paşinyan Putinin ilk şərtini, yəni Koçaryanı ən azı dərhal azad etməməklə yerinə yetirmədi. ABŞ və Rusiya hərbi bazaları ilə bağlı şərtləri isə güya Rusiyaya qarşı əlində təsiretmə mexanizmi kimi saxlayaraq hələ ki xoruzlanır.
Putin-Paşinyan görüşündə son nəticə budur ki, Rusiya prezidentinin Paşinyanı "ermənibaşı" olması münasibətilə təbrik etməsi sözsüz ki, gözlənilən idi. Amma Rusiyanın Ermənistanın qarşısına qoyduğu bütüm şərtləri onu deməyə əsas verir ki, Paşinyan Putindən mavi qaz almaq üçün gərək ilk növbədə gedib öz "qazını" buraxsın.
P.S. Paşinyan facebook səhifəsində Putinlə Qarabağ mövzusunda danışmadığını yazıb. Əslində düz edib, onun burnunun Qarabağa soxmasına heç ehtiyac da yoxdur. Çünki Qarabağın sözünü yalnız Azərbaycan ordusu deyəcək!
Mübariz Azərbaycanlı, müstəqil jurnalist