“Partiyanın qızılları” kimə çatacaq? - HAMI CAVAB GÖZLƏYİR

“Partiyanın qızılları” kimə çatacaq? - HAMI CAVAB GÖZLƏYİR
Venesuela hökuməti xaricdəki qızıl reservlərini ölkəyə qaytarma əməliyyatlarına başlayıb. Bunu zəruri edən səbəblərdən biri ölkədəki iqtisadi böhrandan çıxmaq ehtiyacıdırsa, digər tərəfdən də hazırkı siyasi böhranda bu resursların hökumət üçün neqativ rol oynamasının qarşısını almaqdır.

Məsələn, İngiltərədə olan 1.2 milyard dollar dəyərində qızıl depozitlərini Venesuela hökuməti hələ ötən ildən geri qaytarmağa cəhd göstərir, lakin İngiltərə Bankı köçürmə əməliyyatının icrasından imtina edib.

Hazırkı inqilabi proseslərə rəhbərlik edən müxalifət lideri, özünü Venesuelanın prezidenti elan etmiş Xuan Quayido İngiltərə hakim dairələrindən qızılın Madura hökumətinə verilməməsini istəyib. Britaniya baş naziri Tereza Mey və İngiltərə Bankının rəhbəri Mark Karneyə ünvanlanan müraicət məktubunda bu qızılın Maduro tərəfindən satılaraq, Mərkəzi Banka yönəldiləcəyi qeyd olunub.

"Mən yazıb sizdən xahiş edirəm ki, bu qeyri-qanuni əməliyyatın icrasına icazə verməyəsiniz", - Quayido yazıb. "Pul köçürülərsə ... Nikolas Maduronun qeyri-qanuni və kleptokratik rejimi tərəfindən Venesuela xalqına təzyiq üçün istifadə ediləcək".

Bəs əslində, sırf qanuni tərəfdən və beynəlxalq hüquqlar baxımından bu məsələ necə həll olunmalıdır?

Hüquq elmləri üzrə ekspert, hüquq üzrə bir neçə kitabın müəllifi Dr. Fərhad Mehdiyevə müraciət etdik.


 "Bu tip müqavilələr imzalananda, əgər tərəflər arasında ixtilaf olarsa, o zaman arbitraja müraciət edirlər”, - deyə Mehdiyev bildirib.

"Ola bilər ki, bu məsələyə İngiltərə məhkəmələrində baxılsın. Ancaq dövlətlər çox vaxt digər dövlətlərin məhkəmələrini qəbul etmir, beynəlxalq arbitrajın səlahiyyətini qəbul edir.

Beynəlxalq Arbitrajlar da fərqlidir. Ən məşhurları London, Paris, Stokholmda yerləşir”, - Fərhad Mehdiyev problemin həll variantını göstərib.

Qeyd edək ki, Venesuela hazırda hiperinflyasiya ilə mübarizə aparır. Hərtərəfli iqtisadi çöküş 2015-ci ildən etibarən təxminən üç milyon insanın ölkəni tərk etməsinə səbəb olub.

Yeri gəlmişkən, yanvarın 27-də İsrail 35 yaşlı Quayidonu dəstəkləyən ölkələrə qoşulub . ABŞ prezidenti Donald Trump administrasiyası Venesuela müxalifətçisi Karlos Alfredo Vekionu Venesuelanın ABŞ-dakı diplomatik nümayəndəsi kimi tanıdığını elan edib.

Yanvarın 26-da Birləşmiş Ştatlar dünya ölkələrini Venesuela böhranında "tərəf seçməyə" və Maduronun hökuməti ilə maliyyə əlaqələrini kəsməyə çağırıb.Eurasia Diary

OXŞAR XƏBƏRLƏR