Pandemiya nələri aşkarladı? - Gizli iqtisadiyyatın miqyası hələ də çox böyükdür

Pandemiya nələri aşkarladı? - Gizli iqtisadiyyatın miqyası hələ də çox böyükdür

Azərbaycanda gizli iqtisadiyyatın böyüklüyünü karantin rejiminin tətbiq edilməsindən sonra yaranan vəziyyət də təsdiqləmiş oldu. 2018 və 2019-cu ildə gizli iqtisadiyyatın şəffaflaşdırılması ilə bağlı genişmiqyaslı işlərin görüldüyü bildirilsə də bəzi sahələrdə karantinlə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqinin ardından məlum oldu ki, bir çox sahələrdə qeyri-leqal fəaliyyət var, çoxlu sayda işçinin rəsmi maaşı yoxdur. Buna görə də dövlət həmin sahələrdə fəaliyyət göstərən müəssisələrə, fərdi sahibkarlara və işçilərə maddi dəstək göstərə bilmədi.


Bundan başqa sfera.az xatırladır ki, aprelin 27-dən karantin rejiminin bir qədər yumşaldılması ilə əlaqədər daha bir neçə sahədə əmək fəaliyyətinə icazə veriləndə də qeyri-leqal fəaliyyyət göstərənlərin çoxluğu üzə çıxdı.

 

Qeyd edilən tarixdən kiçik ticarət obyektləri, fərdi tədris və repetitor xidmətləri, dərzi xidmətləri (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət), fotoatelye/fotostudiyalar, fərdi mənzillərdə təmizlik xidmətləri, çap və surətçıxarma xidmətləri, kompüter və mobil cihazların təmiri, lombardların fəaliyyəti sahələrinə icazə verildi. Adıçəkilən sahələrdə fəaliyyətə icazə verilsə də tələb edilirdi ki, həmin sahələrdə fəaliyyət göstərən işçilər, sahibkarlar"ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərindən rəsmi qeydiyyata düşərək icazə alsınlar. Əks halda əmək və biznes fəaliyyətinə icazə verilməyəcək. Mayın 18-nə kimi məhdudiyyətləri aradan qaldırılan sahələrdə işləyən bəzi şəxslər və sahibkarlar pandemiyadan öncəki qaydada fəaliyyət göstərə bilmədilər. Çünki onların bəziləri qeyri-leqal işləyir və buna görə də rəsmi qaydada icazə əldə etmək imkanları yoxdur.


Hazırda ölkəmizdə ümumi daxili məhsul istehsalının (ÜDM) 60 faizindən çoxu qeyri-neft sektorunda formalaşır. Amma dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 45 faiz səviyyəsindədir. Bunun başlıca səbəbi qeyri-neft sektoru üzrə yaradılan dəyərin önəmli hissəsinin leqallaşdırılmamasıdır. 2019-cu ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft sektorunda yaradılan ÜDM-yə nisbəti 21 faiz olub. Bu, pis göstəricidir. Nisbətin az olmasının başlıca səbəblərindən biri də qeyri-neft sektorunda yaradılan dəyərin həcminin kiçik göstərilməsi, gəlirlərin gizlədilməsidir. Şəffaflaşdırma tədbirlərinin əsas müsbət nəticələrindən biri yaradılan dəyərin daha çox hissəsinin üzə çıxmasında və bununla da dövlət büdcəsinin qeyri-neft gəlirlərinin daha çox artımında özünü göstərəcək.

 

Bütün tədbirlərə baxmayaraq Azərbaycanda iqtisadiyyatında kölgə iqtisadiyyatının payı hələ də böyükdür. Müxtəlif qiymətləndirmələrə əsasən kölgə iqtisadiyyatının ÜDM-yə nisbəti 30-40 faiz səviyyəsindədir. Bu kiçik məbləğ deyil. Azərbaycanda ÜDM istehsalı təxminən 80 milyard manat səviyyəsindədir. Onun 30-40 faizi 24-32 milyard manat deməkdir. Deməli, kölgə iqtisadiyyatından şəffaf iqtisadiyyata keçməklə vergi tutulan baza da genişlənir və nəticədə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna daha çox vəsait daxil olur. Şəffaflaşma yalnız daxili iqtisadi əməliyyatlarda deyil, eyni zamanda xarici iqtisadi fəaliyyətdə də baş verir. Gömrük orqanlarının xətti ilə proqnozdan xeyli artıq vəsaitin toplanması bunun bir əlamətidir.

 

Azərbaycan kölgə iqtisadiyyatının kiçildikməsi iqtiqamətində davamlı tədbirlər görməklə onu mərhələli şəkildə azalda bilər. Hər il 10 faiz nisbətində azalmaya nail olunarsa, bu, yaxşı nəticə olar. Kölgə iqtisadiyyatının azaldılması məqsədilə hökumət təbliğat işləri aparmalıdır, təşviqedici tədbirlər görməlidir, eyni zamanda inzibati yollardan da istifadə etməlidir.


Digər mühüm tədbir korrupsiyaya qarşı mübarizə olmalıdır. Çünki kölgə iqtisadiyyatı yalnız sahibkarların səyi ilə formalaşmır, ona dövlət orqanlarının əməkdaşları da şərait yaradır. Əgər korrupsiyaya qarşı effektiv mübarizə təşkil edilərsə, düzgün kadr islahatları aparılarsa, o zaman korrupsiya azalar və gizli fəaliyyət göstərmək istəyən sahibkarların dəstəkçiləri qalmaz.

 

İqtisadiyyatın şəffaflaşmasında, vergi ödənişlərinin könüllü həyata keçirilməsində vergi dərəcələrini optimallaşrdırmaqla bərabər vergi inzibatçılığının təkmilləşdirilməsinin də rolu böyükdür. Yoxlamaların aradan qaldırılması, vergi orqanlarının əməkdaşları ilə vergi ödəyicilərinin təmaslarının minimuma endirilməsi, xidmətlərin tamamilə elektronlaşdırılması, vergi əməkdaşlarının öz səlahiyyətlərindən sui-istifadə edərək dövlətə ödənilməli olan verginin bir hissəsinin mənimsənilməsi kimi hallar aradan qaldırılıb. Son iki ildə inzibatçılıqda neqativ halların xeyli azaldılması şəffadlaşmaya müsbət təsiri oldu.

Digər mühüm məsələ şəffaflaşma ilə bağlı tədbirlərin ardıcıllığının təmin edilməsidir, onun kampaniya xarakterli almamasıdır. İlk dəfə vergi sahəsində islahatlara başlayanda tədbirlər 3-4 ay kampaniya xarakterli oldu. Buna görə də vergi ödəyiciləri də dəyişikliklərə ciddi yanaşmadılar. 2018 və 2019-ci illərdə isə vergi düzəlişlərinin edilməsi, tədbirlərin davamlı xarakter alması sahibkarlarda əminlik yaratdı ki, islahatlar kampaniya xarakterli deyil, dayanıqlıdır, davamlıdır. Sahibkar anladı ki, ya qanunlara əməl edib, şəffaf işləyib, bazarda qalmaq lazımdır, ya da qeyri-şəffaf fəaliyyət göstərib dövlətin qınağına tuş gəlməlisən.

 

 

 

Vasif


OXŞAR XƏBƏRLƏR